Qalib ölkənin Şuşadakı müqaviləsi - ARAŞDIRMA

Qalib ölkənin Şuşadakı müqaviləsi - ARAŞDIRMA

Müəyyən müddətdir ki, gözlənilən səfər nəhayət ki, baş tutdu. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan bir neçə gün öncə səfər ərzində böyük, hərtərəfli müqavilə imzalanacağını qeyd etmişdi. İqtisadi inkişafı təmin edəcək müqavilədə qaz ehtiyyatlarımızın Türkiyəyə nəql olunması barədə bəndlər də var. Ehtimal olunur ki, bu anlaşmanın təfərrüatları və nəql olunan qazın qiyməti də qərarlaşdırılıb. Eyni zamanda Türkiyə şirkətlərinin Kəlbəcərdəki yataqlarda, digər tikinti bərpa işlərindəki rolu da müəyyənləşdirilib.

Digər əhəmiyyətli məqam isə Türkiyə tərəfinin bölgədə hərbi baza yerləşdirmə məsələsi olub. Nəzərə alsaq ki, qonşu ölkələrdə 2-ci hətta 3-cü dövlətin və ya qurumun bazası var, bu addım gözləniləndir. Belə ki, Gürcüstanda ABŞ və NATO-nun hərbi bazaları mövcuddur. Ermənistanda mövcud olan yeganə qoşun isə Rusiya tərəfinin bölgədə yerləşdirdiyi hərbi bazadır. Belə olan halda Türkiyə tərəfinin həm də öz vətəndaşlarını qoruması üçün bölgədə baza inşa etməsi, ən təbii haqqıdır. Beləliklə daha öncə yerləşdirilmiş monitorinq mərkəzindəki əsgərlərdən əlavə qoşunların da yerləşdirilməsi gözləniləndir. Bu prosesin baş tutması isə bölgədə əbədi sabitlik yaradacaqdır.

Müqavilədə Azərbaycan və Türkiyə tərəflərinin kosmosdan tutmuş Cənub Qaz Dəhlizindəki işlərə qədər birgə əməkdaşlığı barədə yazılıb. İki ölkədən hər hansı birinə hərbi müdaxilə olarsa dövlətlərin bir-birinə BMT əsasnamələri nəzdində yardım göstərəcəyi qeyd olunub. İki ölkənin qoşunları birgə təlimlər keçəcək, müasir standartlara uyğun modernləşmə prosesinə birgə davam edəcəkdir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. Eyni zamanda tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.

İki ölkə arasındakı sıx müttəfiqlik əlaqələrinin tarixindən də danışılıb. Bu barədə 1921-ci ildə bağlanan Qars müqaviləsinə sadiqliyini bildirən tərəflər, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” in əhəmiyyətini qeyd etmişdir.

Eyni zamanda Rusiya və Türkiyə tərəflərinin əməkdaşlığının və monitorinq mərkəzinin əhəmiyyətini qeyd ediblər. Hər iki ölkənin daxili işlərinin, suverenliyinin nəzərə alınması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı vurğulanmışdır. Digər tərəfdən tərəflər xarici siyasətdə bir-birlərinin maraqlarını, məqsədlərini nəzərə alaraq müştərək siyasət yürütməyə çalışacaqlar. Həm də qeyd olunur ki, bu müttəfiqlik 3-cü bir dövlətin əleyhinə qurulmamışdır.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi xüsusi vurğulanıb.

Qeyd olunur ki, Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası, minalardan təmizlənməsi yönündə görüləcək işlərdə əməkdaşlığın davamiyyəti nəzərə çatdırılıb.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərəcəklər.

Bəndlərdə qeyd olunduğu kimi dövlətlər müstəqil siyasət yeritsə də birgə səylər və ortaq maraqlar barədə işlər görüləcəkdir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə