Məşhur Məmmədov: “Şuşa bəyannaməsi ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”

“15 iyun Şuşa bəyannaməsi iki qardaş ölkələr arasında bütün sahələr üzər, o cümlədən iqtisadi münasibələrin inkişafında mühüm əhəmiyyət daşıyacaq. Xüsusilə də, işğaldan azad olunmuş Şuşa şəhərində Türkiyə ilə ölkəmiz arasında mühüm tarixi Şuşa bəyannaməsinin imzalanması ölkələr arasındakı münasibətlərin, “bir millət, iki dövlət” qardaşlıq münasibətlərinin nə qədər güclü olduğunu bir daha sübut etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov bildirib.

M.Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana etdiyi bu səfərin fərqli olması ilə yanaşı, həm də tarixi zirvə səfəri və görüşü kimi iki qardaş dövlətlər arasında birliyin əbədi olduğunun bir daha dünyaya sübutudur: «Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə getdi. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər, eyni zamanda, iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq. Bu faktı da vurğulamaq lazımdır ki, son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. Və imzalanmış müqavilələri nəzərə aldıqda isə, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Bir sözlə, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunmaqdadır».

«Şuşa bəyannaməsi həm tarixi hadisə olmaqla yanaşı, həm də regionun həyatında tarixi hadisədir. Fikrimcə, yaxın aylarda biz rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin bərpa olunmasını görəcəyik. Bütün bunlar ikitərəfli əməkdaşlığın, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin rəmzləridir və regiona, hər iki ölkənin xalqlarına uzunmüddətli sülh və çiçəklənmə vəd edir»,-deyən millət vəkili Məşhur Məmmədov onu da vurğulayıb ki, bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır. Həmçinin, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir. Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Xüsusilə də, bəyannamədə “Zəngəzur dəhlizi”nə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqələrinin də güclənməsinə imkanlar aça bilər. Belə ki, bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər də regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. İxracyönümlü Türk iqtisadiyyatı üçün “Zəngəzur dəhlizi” ixrac marşrutlarının şaxələndirilməsi deməkdir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu tarixi səfər və imzalanan tarixi Şuşa bəyannaməsi ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək.

Dövlət başçımız Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı demişdir: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”. Bəli, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birliyini, xalqlarımızın qardaşlığının, bizim gələcək iş birliyimizin təminatıdır və bu, bir daha bütün dünyaya nümayiş etdirildi”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...