“Şuşada veriləcək mesajlar ciddi bir xəbərdarlıq olacaq” POLİTOLOQUN MARAQLI ŞƏRHİ
Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycana səfəri xüsusilə Şuşaya səfəri geostrateji və geiqtisadi, geohərbi baxımdan mühüm əhəmiyyət kəsb edir və konkret şəkildə Türkiyə Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən var olduğunu artıq göstərəcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın yanında strateji müttəfiqliyin əsasında məhz Qarabağın mərkəzində, kuliminasiya nöqtəsi olan Şuşada veriləcək mesajlar müəyyən dövlətlərə ciddi bir xəbərdarlıq olacaq və bundan sonra Türkiyə və Azərbaycan tandeminin atacağı addımların konturları daha da aydın şəkildə görüləcəkdir.
“Xüsusilə veriləcək mesajlar həm Moskvada, həm İrəvanda diqqətlə və narahatlıqla qarşılanacaq. Ümumiyyətlə Şuşa Qarabağın mərkəzi olaraq Türkiyənin burada rolu, xüsusilə Türkiyə prezidentinin burada mesajları Azərbaycanla bir sıra istiqamətlərdə bağlanacaq müqavilələr və birbaşa Qarabağda Azərbaycanın mövqeyini daha da gücləndirəcək, erməni separatizminə böyük zərbə olacaq. Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı burada müəyyən Azərbaycana qarşı ümumi təhlükəsizlik təhdidlərini neytrallaşdıracaq. Bu aspektdən fikir versək, Türkiyə prezidenti konkret mesajlar vasitəsilə burada Qarabağ üzərindən Azərbaycana təzyiq edəcək ölkələrə qarşı öz sərt mövqeyini və bundan sonra qarşısında Türkiyə olacağını xüsusi olaraq vurğulayacaq.
Həmçinin Şuşaya səfər erməni separatizminə, erməni işğalına qarşı Türkiyənin Azərbaycanın yanında olacağını ifadə edən bir mesajdır və bundan sonra da belə olacağı xüsusi olaraq qeyd ediləcək. Bunun təkcə siyasi yox, iqtisadi və hərbi parametrləri olacaq və Türkiyə ilə Azərbaycanın regionda yeni çağırışlara, yeni bir siyasi, hərbi nizamın formalaşdırmasına və bu nizamın təhlükəsizliyə tövhə verəcəyinə gətirib çıxaracaq, buradan da müəyyən dövlətlər faydalana biləcək. Əgər Ermənistan bu səfərə qarşı hərhansı bir şəkildə mövqe ortaya qoymasa, gələcək perspektivdə Ermənistan regionda formalaşacaq iqtisadi əməkdaşlıqdan da faydalana bilər”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə