Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb - EKSPERT ŞƏRH ETDİ

Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb - EKSPERT ŞƏRH ETDİ

Hər bir dövlətin təqvimində elə günləri vardır ki, onlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının taleyində də böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspertin sözlərinə görə, Azǝrbaycan Milli Mǝclisinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ölkǝnin Ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu: “Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Belǝliklǝ, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət Azǝrbaycanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. 1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. 28 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli xahişi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləkindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı”.

Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu: “Ulu Öndərimizin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşib, ümumi düşmənə qarşı səfərbər olmasında, ordu ilə xalqın monolit birliyinin yaranmasında, Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Cənubi Qafqazın güc mərkəzinə çevrilən, əhali sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir”.

İ.Hüseynov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə iqtisadi inkişafın nəticələrinin, qazanılan iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə real ifadəsini tapıb: “Ötən dövrdə əmək haqlarının, pensiyaların, həssas qruplara yönələn sosial ödənişlərin dəfələrlə artırılması təmin olunub və bu gün də bu proseslər uğura davam etdirilir. Təbii ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu il xalqımız Milli Qurtuluş Gününü işğaldan azad olunan torpaqlarımızın sevinci ilə birlikdə keçirəcək. Qarabağ Azərbaycandır! ideoloji konsepsiyasını irəli sürən cənab Prezident İlham Əliyev Vətən müharibəsində bütün cəbhələrlə dövlətimizin milli maraqlarını prinsipiallıq və qətiyyətlə müdafiə etdi, Azərbaycanı qələbəyə apardı. Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağı mənfur düşmənlərimizdən xilas etdi və xalqımıza böyük sevinc yaşatdı. Bu gün düşmən işğalın xilas olan müqəddəs torpaqlarımızda müasir texnologiyanın köməkliyi ilə abadlıq və quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan ərazilər “Yaşıl enerji” zonası elan edilib, eyni zamanda burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərsalma metodologiyasından istifadə olunacaq. Uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlər üçün dünya standartlarına uyğun şəraitin qurulması istiqamətində işlər davam etdirilir. 44 günlük müharibənin yaratdığı yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin istifadə verilməsi ilə Naxçıvan və qardaş Türkiyə ilə dəmiryolu və avtomobil əlaqəsi təmin ediləcək. Bundan sonra digər tarixi, siyasi, geostrateji və ideoloji zəfərlərimizə şahidlik edəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə