Mehriban xanım Əliyeva: "Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"
Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan yenidən erməni terrorunun acı nəticələrini yaşamış oldu. Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması erməni faşist ideolgiyanının daha bir göstəricisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi İnstaqram səhifəsində Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı etdiyi paylaşımda qeyd etdiyi kimi, "Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir". Vətən müharibəsindən qalib çıxmış Azərbaycan dövlətinə Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməsi ədalətə söykənir. Bəs nəyə görə yenə də Ermənistan beynəlxalq hüququn normalarını bilərəkdən pozur? Əlbəttə ki, Ermənistan tərəfindən ərazilərin məqsədyönlü şəkildə minalanması Azərbaycana ziyan vurmaq və öz yurd yuvalarına qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq məqsədi daşıyır.
"JURNALİST HÜQUQLARININ MÜDAFİƏÇİSİ QİSMİNDƏ ÇIXIŞ EDƏN BEYNƏLXALQ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI HƏLƏ DƏ SUSMAQDA DAVAM EDİR!"
Dinc əhaliyə qarşı ermənilərin bu addımı təcavüzkar siyasətin davamı olaraq qiymətləndirilir. "Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi", deyə paylaşımında qeyd edən Mehriban xanım Əliyeva onu da bildirir ki, jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir! Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür!"
Təbii ki, beynəlxalq ictimaiyyətin Ermənistanın bu əməllərinə, baş verənlərə qətiyyətli və vaxtında mövqeyini ortaya qoyması vacib məsələlərdəndir. Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi haqqında keçmiş zamanda danışmaq olar. Azərbaycan qalib ölkə olaraq gələcəyə baxır və regionda yeni münasibətlərin qurulmasında maraqlıdır. Bu gün işğaldan azad edilmişərazilərdə bərpa-quruculuq işlərinə planlışəkildə başlanılıb. Azad olunmuş ərazilərimizi minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesi də davam edir. Amma bu gün Azərbaycanın dünyaya açıq olduğu bir zamanda Ermənistanın minalanmış ərazilərin xəritələrini ölkəmizə verməməsi narahatlıq yaratmış olur. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə minaların təmizlənməsinə kifayət qədər zaman tələb olunur. Ermənistanın təcavüzkarlığı o dərəcəyə yüksəlib ki, hətta ziyarətgahları, məzarlıqları belə minalayıb. Beynəlxalq təşkilatlar. güc dövlətləri bu məsələdə birmənalı olaraq öz təsirlərini göstərməlidirlər. Ermənistandan tələb edilməlidir ki, minalanmış ərazilərin xəritəsi verilsin. Əks halda etiraf etməliyik ki, məğrur və qalib Azərbaycanın hələ də vətəndaşları minalanmış ərazilərdə həyati təhlükə ilə qarşılaşacaqlar.
BEYNƏLXALQ HÜQUQ NORMALARINA, CENEVRƏ KONVENSİYALARININ MÜDDƏALARINA RİAYƏT OLUNMALIDIR
Ölkəmizdə baş verən növbəti tank əleyhinə minanın partlaması nəticəsində insanların şəhid olmasına dünya mətbuatı laqeyd olmadı və bir çox dünya dövlətlərini aparıcı KİV-lərində bununla bağlı məqalələr yer aldı. İşıqlandırılan məqalələrdə öz vəzifə borcunu yerinə yetirən insanların şəhid olması, eləcə də minalanmış ərazilərin xəritəsinin verilməsinin vacibliyi diqqətə çəkilir.
Belə ki, Serbiyanın "b92.net" nəşrində Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin və digər mülki şəxslərin avtomobilin erməni terrorçuları tərəfindən basdırılmış tank əleyhinə minaya düşməsi anının videogörüntüləri əks olunub. Ermənistan tərəfindən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması diqqətə çəkilib. Qeyd olunub ki, Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərinin xəritələrini təqdim etməkdən imtina edir. Çinin rəsmi xəbər agentliyində, Mərakeş və Mavritaniyanın xəbər portallarında, İndoneziyanın nüfuzlu "gpriority.co.id" saytında, Malayziyanın nüfuzlu "nst.com.my" və "thestar.com.my" saytları və digər onlarla belə kütləvi-informasiya vasitələrində qeyd edilib ki, iyunun 4-də Kəlbəcər rayonuna gedən jurnalistləri aparan avtobusun erməni separatçılarının basdırdığı minaya düşməsi nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb. Qeyd olunur ki, münaqişənin nizamlanmasının və sülhün bərqərar olmasının yeganə mümkün mexanizmi beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyalarının müddəalarına riayət etməkdir. Əlbəttə ki, Ermənistan bunu nə qədər tez dərk etsə, qısa bir zamanda tezliklə davamlı sülh yaranar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB