"Ölkəmizin təhlükəsizliyini yalnız Rusiya təmin edə bilər" QAQİK SARUKYAN

"Ölkəmizin təhlükəsizliyini yalnız Rusiya təmin edə bilər" QAQİK SARUKYAN

Bu gün, ilk növbədə, ölkəmizin təhlükəsizliyini təmin etməliyik. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan gənclərlə görüşündə söylədi.

“İnsanlar gərgindirlər, həyəcan keçirirlər, həyəcanlanırlar və mən demişəm ki, ölkəmizin, dövlətimizin, xalqımızın əsas problemi ilk olaraq təhlükəsizlikdir. Ölkəmizin təhlükəsizliyini də yalnız Rusiya təmin edə bilər. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə yeni bir hərbi-siyasi sənəd imzalanmalı və daha sonra başqa addımlar atılmalıdır”, deyə Sarukyan bildirib.

Qaqik Sarukyana görə, seçiləcəyi təqdirdə, təhsil sektorunun əlçatan və keyfiyyətli olmasına diqqət yetirəcək.

Gənclərin mənzillə təmin olunması məsələsinə toxunan Qaqik Sarukyan inzibati ərazilərdə mənzillərin tikilməli olduğunu və gənclərə əvvəlcədən ödənişsiz və faizsiz verilməli olduğunu söyləyib.

"Mənzillər üçün 60-75 min pul ödənilməli və deyək ki, 10-12 ildə həmin mənzillər gənclərin mülkiyyətinə çevrilməlidir", deyə Qaqik Sarukyan pafoslu vədlər verib.

Sonda Qaqik Sarukyan, partiyaya qoşulan yüzlərlə gəncə üzvlük vəsiqələri təqdim edib.

Xatırladaq ki, Ermənistanda növbədənkənar seçkilərə saylı günlər qalıb və bu ölkədə artıq seçki kampaniyası başlayıb. Göründüyü kimi, namizədlərin hər biri vədlər verməkdə davam edirlər. Belə bir təcrübə, hətta hiyləni Nikol Paşinyanın təcrübəsindən öyrənən namizədlər söz verməklə, vədlər verməklə seçiciləri cəlb etmək, səs qazanmaq niyyətindədir və bir sözlə, bütün vədlər daxili auditoriyaya hesablanıb. Əslində isə, Ermənistanın hər hansı bir layihə, yaxud hansısa bir planı reallaşdırmaq potensialı yoxdur və bunu da bütün namizədlər özləri hamıdan yaxşı bilirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə