Türkiyə mətbuatı YAP-AKP birliyindən yazır QARDAŞLIQ BAĞLARI+FOTOLAR

Türkiyə mətbuatı YAP-AKP birliyindən yazır QARDAŞLIQ BAĞLARI+FOTOLAR

Danilmaz faktdır ki, Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Təkcə bu kəlam özündə sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik iki qardaş ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Həmin reallıq özünü Azərbaycanın Qarabağın işğaldan azad olunması yönündə başladılan 44 günlük Zəfər yürüşündə də özünü göstərdi – Türkiyə dövləti, onun lideri, Prezident cənab Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq bəyan etdi ki, ölkəsi qardaş Azərbaycanın yanındadır və bundan sonar da həmin siyasət həyata keçiriləcək. O cümlədən, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycanın da daim Türkiyənin yanında olduğunu vurğulayaraq bu reallığın əbədi sarsılmaz tellərə bağlı olduğunu bəyan edib.

Əslində, bu amil digər ölkələr üçün bariz nümunə etalonudur

O da faktıdr ki, Azərbaycan və Türkiyəni bir-birinə bağlayan kifayət qədər çox nəhəng regional layihələr fəaliyyət göstərir və belə bir qarşılıqlı münasibətlərin möhkəmliyi sübut edir ki, ölkələrimiz arasındakı qardaşlıq bağları dünyanın digər başqa ölkələri arasında mövcud deyil. Əslində, bu amil digər ölkələr üçün bariz nümunə etalonudur.

Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq mühiti hakim partiyalar arasında da möhkəmlənməkdə və inkişaf etdirilməkdədir. Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasındakı birgə əməkdaşlıq səviyyəsi ən yüksək fəaliyyətləri ilə yadda qalmaqdadır.

SİA xəbər verir ki, bugünlərdə YAP-ın nümayəndə heyəti Türkiyəyə səfər edərək, iqtidarda olan AKP rəsmiləri ilə görüşlər keçirib, tərəflər arasında partiyalararası münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, qərarlar verilib. Bu barədə qardaş ölkənin də bir sıra nüfuzlu media qurumları məlumat veriblər.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri barədə qardaş ölkənin Anadolu agentliyi, “Hürriyət”, “Sabah”, “Milliyət”, “Yeni şəfəq” və digər aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

YAP Sədrinin müavini Tahir Budaqovun və AKP Sədrinin birinci müavini Numan Kurtulmuşun birgə mətbuat konfransında səsləndirdikləri fikirləri işıqlandırılıb

Məqalə və materiallarda Tahir Budaqovun AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş, hakim partiyanın beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala, eləcə də AKP-nin Sədr müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım ilə görüşləri, o cümlədən, iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması əksini tapıb.

Mediada əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqovun və AKP Sədrinin birinci müavini Numan Kurtulmuşun birgə mətbuat konfransında səsləndirdikləri fikirlər də işıqlandırılıb. Onlar qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq məsələlərinin davamlı xarakter daşıması zəruriliyini qeyd edərək qardaş ölkələrin dünyaya örnək olduğunu vurğulayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə