Paşinyan təklif irəli sürdü və... - ERMƏNİLƏR QORXU İÇİNDƏ

Paşinyan təklif irəli sürdü və... - ERMƏNİLƏR QORXU İÇİNDƏ

Sərhədin bir hissəsinə beynəlxalq müşahidəçilərin cəlb edilməsi barədə Nikol Paşinyanın təklifi Ermənistanı regional və geosiyasi toqquşmalar üçün yeni bir arenaya çevirə bilər. SİA Ermənistana məxsus news.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” partiyalar blokunun bəyanatında deyilir.

İşğalçı ölkənin mətbuat səhifələrində sözügedən blokun bəyənatı yayılıb.
“Kapitulyatorun beynəlxalq ictimaiyyətə və Azərbaycana təqdim etdiyi təklif özünün zəifliyini, təhlükəsizlik sisteminin çökməsi faktını, dövlət və xalq qarşısında götürülən məsuliyyətdən imtina etməkdən başqa bir şey deyildi. Öz gücünü qorumaq üçün kapitulyator hər hansı bir güzəştə getməyə, Azərbaycan şantajına məruz qalmağa hazırdır.

Təslim olan, Ermənistanın suveren ərazisini qorumaq vəzifəsini yerinə yetirməyən və məhkumlar məsələsini arxa plana keçirən hakim xunta yeni güzəştlərə hazırlaşır. Səlahiyyətli şəxslərin qorxaq və ləyaqətsiz davranışı hər zaman düşmən tərəfindən alçaldılmasına gətirib çıxaracaq və bu vəziyyətdə müharibə qaçılmazdır. Bu çətin vəziyyətdən yeganə çıxış yolu mövcud hakimiyyətin dərhal kənarlaşdırılmasıdır", deyə bəyənatda bildirilir.

Xatırladaq ki, 27 may tarixində Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyan Rusiyanı və ya ATƏT-in Minsk qrupu həmsədr ölkələrini, eləcə də beynəlxalq müşahidəçiləri sərhəd boyunca, sərhəddin bir hissəsində, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin daimi olduqları yerlərinə yerləşdirilməsi təklifini edib.

Göründüyü kimi Paşinyanın bu təklifi heç də xoş qarşılanmayıb, əksinə bu təklif əleyhinə çıxış edənlər çoxlu təşkil edir. Görünür, sərhəddə nəzarət olunması ermənilərə heç də sərf eləmir. Çünki, vaxtaşırı təxribatlar törətməyəcəklərinə özləri də əmin deyillər və belə bir halda nəzarətçilərin onların pis əməlləri, bəd niyyətləri, ümumilikdə iş üzləri barədə müşahidələri heç də ermənilərə sərf eləmir. Hər zaman hadisələrə don geyindirən, özlərinə aid terror, təxribat əməllərini gizlədən ermənilər iç üzlərinin açılmasından ehtiyyatlanırlar və işğalçı ölkədə baş nazir vəzifəsini icra edən Paşinyanın təkliflərinin qıcıq doğurması da məhz elə bundan qaynaqlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə