Ruslan Xasbulatov: “Bəs belə olan halda nə edilməlidir? Aya köçülməlidir?” REAKSİYA+AKTUAL

Ruslan Xasbulatov: “Bəs belə olan halda nə edilməlidir? Aya köçülməlidir?” REAKSİYA+AKTUAL

“Hesab edirəm ki, nəqliyyat dəhlizlərinin açılması istisna olunmayan mühüm istiqamətdir. Bütün bunların təməli hələ sovet dönəmində qoyulmuşdu, bu baxımdan, birgə şəraitdə bərpa və inkişafı yenidən qiymətləndirmək çətindir”. SİA xəbər verir ki, bunu caliber informasiya analitik mərkəzinə Rusiyanın tanınmış ictimai-siyasi xadimi, Rusiya Federasiyasının Ali Sovetinin sabiq sədri, Q.V. Plexanov adına Rusiya iqtisad universitetinin kafedra müdiri Ruslan Xasbulatov Zəngəzur dəhlizinin perspektiv imkanları barədə danışarkən deyib.

Onun sözlərinə görə, nəqliyyat dəhlizləri Rusiya üçün də vacibdir: “Bu regionda möhkəm siyasi, sosial və iqtisadi sülhü təmin etməyə kömək edəcək. Mən həmişə Qafqaz cəmiyyətinin müxtəlifliyinə görə narahat olmuşam. Burada çox millətlər var, müxtəlif iqlim qütbləri var, böyük və müxtəlif relyeflər mövcuddur. Qafqazın münaqişələr ərazisinə çevrilməsinə yol vermək olmaz və təəssüf ki, onlar regionun bəzi ölkələrində baş verirlər”.

“Burada bizim xalqlar yaşamalıdır, okeanın o tərəfindəki siyasətçilər deyil!”

“Mən bəzi ölkələrdən olan ayrı-ayrı şəxslərin sülhün olmayacağı və müharibənin qaçılmazlığı barədə səsləndirdikləri bəyanatlarını alqışlamıram. Bəs belə olan halda nə edilməlidir? Aya köçülməlidir? Yeganə imkan sülh şəraitində yaşamağa başlamaqdır”, deyə Xasbulatov bildirib və qeyd edib ki, son hadisələr Cənubi Qafqazın möhkəm və sülh vasitəsi ilə inkişafı yolu almasına şərait yaradır.

“Mənim Azərbaycanda, Ermənistanda, Gürcüstanda kifayət qədər çox dostlarım var. Onların bir çoxu ilə mən universitetdə bir yerdə təhsil almışam. Və mən dəfələrlə demişəm ki, insanlar silaha əl atmadan məsələləri sülh yolu ilə həll etmək lazımdır. Artıq indi növbəti mərhələdir, sülhə doğru sərt kurs götürmək lazımdır, hansısa vədlərə və ismarıclara söykənmək lazım deyil. Burada bizim xalqlar yaşamalıdır, okeanın o tərəfindəki siyasətçilər deyil! Məgər öncəki təcrübə göstərmədi ki, əvvəl yaxşı olan nə varsa onu bərpa etmək lazımdır?! Mən müdrikliyin qalib gələcəyinə çox inanıram”, deyən rusiyalı ictimai-siyasi xadim daha bir maraqlı məqamı xatırlayıb.

“Tale məni Heydər Əliyevlə tanış etdi, biz onunla əsaslı şəkildə dostlaşdıq, bu gün isə onun oğlu, Prezident İlham Əliyevin fəaliyyətini izləyirəm”

O, Ulu Öndər Heydər Əliyevlə münasibətlərindən bəhs edib: “Demək istəyirəm ki, subyektiv ola bilərəm, ancaq vaxtilə tale məni Heydər Əliyevlə tanış etdi, biz onunla əsaslı şəkildə dostlaşdıq, bu gün isə onun oğlu, Prezident İlham Əliyevin fəaliyyətini izləyirəm. Hesab edirəm ki, O, böyük dövlət xadimidir. Ona çətindir, kömək lazımdır, amma onun məqsədyönlü fəaliyyəti əlbəttə Qafqaza sülh gətirəcək ki, mən də bunu yeganə vahidlik kimi görürəm. Müdrik ənənələri dəyərləndirmək və münasibətləri bərpa etmək lazımdır”.

Ruslan Xasbulatov Gürcüstana görə də narahat olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyətlər olub ki, onlar öz vəzifələrinin öhdələrindən gələ bilmədilər, indi bizə (Rusiyaya və Gürcüstana) 100 il düşmənçilik etmək lazımdır? Ümumi yanaşmaları tapmaq vacibdir: “Yeri gəlmişkən, mən hər zaman Gürcüstanın və Azərbaycanın Avrasiya iqtisadi ittifaqına cəlb olunmalarının tərəfdarı kimi çıxış etmişəm. Mümkündür ki, bu birləşmədən sonra, hətta nə qədər kritik vəziyyət olsa da, bir çox məsələləri həll etmək olar. Lakin təəssüf ki, nə Moskva, nə də Tbilisi, nə də Bakı zamanında mən bunu yazarkən, reaksiya göstərmədilər”.

“Ermənistana belə davranmaq olmaz, Ermənistan baş verənləri anlamalı və qəbul etməlidir”

Bu yaxınlarda Avrasiya iqtisadi ittifaqının Kazanda keçirilən hökumətlərarası iclasında Azərbaycanın da iştirak etməsi barədə dəvət alması, lakin Ermənistanın buna qarşı çıxması faktına da münasibət bildirən Xasbulatov bildirib ki, bu, qeyri-ciddi yanaşmadır. “Zamanında Ermənistanın Avrasiya iqtisadi ittifaqında iştirakına etirazlar var idi. Amma fikir müxtəlifliyi aradan qaldırıldı. Mən Ermənistandan olan həmkarlarımı tənqid etmək istərdim: Bu, yaxşı hal deyil, belə davranmaq olmaz. Ermənistan baş verənləri anlamalı və qəbul etməlidir. Hazırkı məqamda Rusiya prezidenti Vladimir Putini dəstəkləyirəm, o məntiqli məsələləri təklif etdib. Rusiyanın ortaqlığı ilə razılaşmaq vacibdir. Moskva Cənubi Qafqazda sülhün yaranmasında maraqlıdır və siyasətdə həmişə olmayan bu imkanlardan istifadə etmək lazımdır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə