Nizami Gəncəvi mərkəzinin təşkil etdiyi konfransda Prezident İlham Əliyev ABŞ-ın yeni hökumətinə hansı mesajları verdi?
ABŞ-da yeni hakimiyyət artıq formalaşsa da, yeni administrasiya hələ də regionala bağlı mövqeyini açıq şəkildə ortaya qoymayıb. Hətta belə desək, daha çox nəzərə çarpan budur ki, ABŞ-ın yeni administrasiyası hazırda dünyada siyasətdən daha çox müxtəlif “siyasi kombinasiyalar” qurur. Loru dildə desək, “gah nala vurur, gah da mıxa”…
Məhz bu baxımdan, həm də belə qənaətə gəlmək mümkündür ki, artıq yeni administrasiyanın qeyri-müəyyən siyasəti dünyada düşündürücü problemlər yaradır. Misal üçün: bunun ən bariz nümunəsi Blinkenlə Lavrovun ilk görüşdən dərhal sonra tərəflərin tam fərqli bəyanatlar verməsi. Məsələn, həmin görüşdən sonra ABŞ administrasiyasının “Şimal Axın 2”-yə qarşı yeni sanksiyaları tətbiq etməsi ümumiyyətlə, ABŞ diplomatiyasının hələ də peşəkar olmamadığını göstərməsi ilə parallel olaraq həm də aqressiv siyasətə üstünlük verdiyini sübut edir.
Seçim ABŞ-dadır…
Qeyd edilənlərdən nəticə çıxarmaq üçün biz Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi mərkəzinin təşkil etdiyi konfransdakı qətiyyətli, praqmatik və yaxın gələcəyə hesablanmış, həmçinin münbit situasiyaları təhlil edən çıxışındakı mühüm məqamları önə sürə bilərik. Məhz ölkə başçımız amerikalıların yeni administrasiyalarının diplomatiyasının tərəddüdlü siyasətini nəzərdə tutaraq diqqətə çatdırdı ki, Azərbaycan bu kimi yanaşmaları qəbul etmir və qarşı tərəfdən rəsmi, stabil siyasi mövqe gözləyir. Lakin gəkin görək, yeni ABŞ hökumətindən bunu gözləmək mümkündürmü?
Azərbaycan ABŞ-dan silah almaq istəyir. Bu da çox maraqlı məqamdır. Nəzərə alsaq ki, hazırda ABŞ administrasiyasına erməni lobbisinin təsir etmək imkanı var və gündəmdə daimi qaldırılan məsələ məhz Azərbaycana silah satışının qadağan edilməsidir, onda bu bəyanat birbaşa ABŞ-ın yeni administrasiyasını düzgün istiqamətə yönəltmək məqsədini daşıyır: doğru nəticələr çıxarın və müharibədən sonra regionda cərəyan edən reallıqları qəbul edin. Mövcud olmayan qondarma “DQR”ə bu və ya digər şəkildə, eləcə də “humanism prinsiplərindən” çıxış edərək mənasız yardımlar göstərməkdənsə güclünü, yəni Azərbaycanı seçin və bizimlə əməkdaşlıq edin, regionun tərəqqisinə sizin də töhfələriniz olsun. Ancaq, beynəlxalq hüquq tərəfindən də Azərbaycanın suveren ərazisi kimi tanınan Qarabağla bağlı rəsmi Bakının icazəsi, qərarı olmadan hər hansı qərarlar verməyin.
Lakin o da sirr deyil ki, bu mesaj yalnız Azərbaycanın maraqları kontekstindən edilməyib. Prezidentimiz burda həm də qardaş Türkiyənin ABŞ-dan silah alması ilə bağlı məhz erməni lobbisinə görə üzləşdiyi çətinlikləri də səsləndirib. Əlbəttə, seçim artıq ABŞ-dadır. O, istəsə doğru qərara gələrək mövqeyini gücləndirə, ya da yanlış qərarlarını qüvvədə saxlayaraq həmin mövqelərini daha da zəiflədə, nüfizdan düşməyə davam edə bilər.
Dünya ölkələrinin silah arsenalları heç də Amerika silahlarından ibarət deyil və bunu Bayden administrasiyası da yaxşı dərk edir
Ancaq burada başqa bir gizli mesaj da var: Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmək üçün fəaliyyətini davam etdirir və dövlət başçımızın da vurğuladığı kimi ordu quruculuğu sürətlə aparılır. Söz yox ki, dünya ölkələrinin silah arsenalları heç də Amerika silahlarından ibarət deyil və bunu Bayden administrasiyası da yaxşı dərk edir. Ona görə də, dövlət başçımız mesaj yollayıb ki, ABŞ silahı ilə və yaxud ABŞ silahı olmadan, istər Azərbaycan, istərsə də Türkiyə öz qətiyyətli mövqeyini regional güc olmaqla sərgiləməkdə davam edəcək. Təbii ki, bu mesaj həm də qonşular üçün nəzərdə tutulub.
Daha bir ciddi bəyanat: ABŞ özünün Ermənistana olan çoxsaylı təsir imkanlarından istifadə edərək, onları sülhü qəbul etməkdən başqa yollarının olmadığını başa salmalı, anlatmalıdır. Belə ki, hazırkı vaxta qədər bütün bəyanatlarda deyilirdi ki, Ermənistanın əvəzinə bütün siyasi qərarları Rusiya verir.
ABŞ Minsk qrupunun həmsədr ölkələri sırasında yer almasına rəğmən, 30 ilə yaxın müddətdə Ermənistanın regiondakı qudurğan davranışına göz yumdu
Ancaq ilk dəfədir ki, açıq və aydın şəkildə bəyan edilir ki, Ermənistan eyni zamanda ABŞ tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, Ermənistanın indiyənədək törətdikləri bütün cinayətlərində ABŞ-ın da etinansızlığını, biganəliyini və əslində tərəf olmasını sübut edən faktlar var. Misal üçün, ABŞ Minsk qrupunun həmsədr ölkələri sırasında yer almasına rəğmən, 30 ilə yaxın müddətdə Ermənistanın regiondakı qudurğan davranışına göz yumdu, necə deyərlər, nazı ilə oynadı. Yalnız Azərbaycanın şanlı ordusu qudurğanın burnunu tam şəkildə ovaraq yerində oturtmasından sonra regiondakı siyasi prsoeslər, həmçinin oyunçular yerlərini dəyişdilər. Əlbəttə, əgər Bayden administrasiyası son vaxtlar Ermənistanın yenidən müxtəlif cinahlardan hay-həşir salmasına görə ya Azərbaycanı, ya da ölkəmizin strateji tərəfdaşlarını ittiham edəcəksə, onda baş verəcək növbəti proseslərə görə də məsuliyyəti adıçəkilən administrasiya daşımalı olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB