Rumıniya KİV-ləri materiallar yayıb

Rumıniya KİV-ləri materiallar yayıb

Rumıniyanın qabaqcıl KİV-ləri, o cümlədən “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrə dair materiallar yayıb. SİA xəbər verir ki, məqalələrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edildiyi qeyd olunur. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirdiyi bildirilir.

Materiallarda Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunun gələcəyi, beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rol, Azərbaycanın təklif etdiyi regional əməkdaşlıq barədə fikirləri xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu müharibədə Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 26-da Xocalı kimi dəhşətli soyqırımını həyata keçirmiş Ermənistan ordusunu və bəşəriyyət üçün ən təhlükəli meyillərdən olan erməni faşizmini məhv edib.
Qeyd olunub ki, Prezident İlham Əliyev postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzun müddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Diqqətə çatdırılıb ki, müharibədən altı ay keçməsinə baxmayaraq, Ermənistan hələ də Cənubi Qafqazda Azərbaycanın üstünlüyü ilə yaranmış geosiyasi reallığı qəbul edə bilmir. AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə