Daşkəsəndə 28 May – Respublika Günü qeyd olundu - FOTO

Daşkəsəndə 28 May – Respublika Günü qeyd olundu - FOTO

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının 28 May Respublika günü münasibətilə birgə ümumrayon tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Natiq qeyd edib ki, bu əziz gündə əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin hikmətli kəlamı yada düşür. O deyirdi: "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Tədbirdə vurğulanıb ki, 93 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə Dövlət müstəqilliyinin rəmzi olan 3 rəngli bayrağımız qaldırıldı. Bununla da Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir.

23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut edib. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq , əsas dövlət institutları məhz həmin dövrdə yaranıb. Bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır.

Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını, onun qurub-yaratdıqlarını dönmədən inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müdrik və məqsədyönlü fəaliyyəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunu, ictimai- siyasi sabitliyin, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində atılan addımlar əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür.

Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünü qeyd edən bugünkü müasir Azərbaycan, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin şah əsəridir. Ulu öndərimizin siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın inamla və uğurla xoşbəxt gələcəyə aparır, həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin günbəgün möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

28 May – Respublika günü hər bir soydaşımız üçün milli və iftixar günü əziz bir bayramdır. Qətiyyətlə deyə bilərəm ki, xalqımızın müqəddəs arzuları bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirməkdədir.

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin məlumatı əsasında YAP sıralarına üzv yazılmaq istəyən 200 nəfər gəncin 31 nəfəri partiya üzvlüyünə qəbul edildi.

Sonra Beynəlxalq Poverliftinq Assosiasiyasının Poverliftinq və Benc-Press üzrə Azərbaycan çempionatında 90 kq çəkidə 170 kq nəticə ilə 1-ci yeri tutmuş Abdullayev Xəqani Abduləli oğluna və Benc-Press üzrə Azərbaycan Respublikası çempionatında 67 kq çəkidə 115 kq nəticə ilə 1-ci yerə layiq görülmüş Rüstəmov Elvin Vüqar oğluna Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı adından pul mükafatı verilib.

İdmançılar ölkəmizdə idmana göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, növbəti yarışlarda da Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərini vurğulayıblar.

Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri üzvlərinin hazırladığı bayram konserti ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə