Keçmişi oğurlanan və gələcəyi məhv edilən cəmiyyət TƏHLİL

Hazırda Ermənistanda seçki öncəsi bir sıra müxalifət partiyaları, siyasi qüvvələr daha da fəallaşıblar və hakimiyyətə iddialı olduqlarını bəyan edirlər. Əksər qüvvələr Nikol Paşinyan kimi ancaq vədlər verməklə xalqı aldadıb hakimiyyəti ələ keçirmək, qamarlamaq istəyir. Hətta, işğalçı ölkədə bir sıra siyəsətçilər bu manipulyasiyaları açıq şəkildə ifşa edirlər və onların da populizm xəstəsi olduğunu bəyan edərək, xalqı ayıq olmağa, aldanmamağa çağırırlar.

Bir zaman öz ölkəsinin az qala dünyada birincilər sırasında olduğunu utanmadan söyləyən erməni siyasətçiləri, indi bu işğalçı ölkənin acınacaqlı durumda olduğunu açıq şəkildə bəyən edirlər. Məsələn, “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan ölkəsində seçkiqabağı çirkin siyasət yürüdüldüyünü bildirir, hətta bunu açıq şəkildə də ifadə edir. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru deyir ki, siyasi qüvvələr seçki kampaniyasından, xüsusilə müharibədən sonrakı dövrdə yalnız təbliğat vədləri vermək və rəqiblərindən üstün olduqlarını vurğulamaq üçün istifadə edirlər. Heç şübhəsiz ki, Vanesyan Nikol Paşinyanla yanaşı, eks-prezident Koçaryanın timsalında seçkidə qələbə qazanmaq iddiasında olan siyasətçiləri nəzərdə tutur. Bildirir ki, hazırda baş nazir seçilmək istəyənlər seçki kompaniyasından istifadə etməklə, ən azından siyasi divident qazanmaq niyyətindədirlər. Əslində, Milli Təhlükəsizlik Xidmətinin bir qədər əvvəl direktoru vəzfəsini icra edən birinin belə bir qiymətləndirməsi əvvəla ittihamdır. Digər tərəfdən, bir zamankı fəaliyyət sferasına müvafiq olaraq məlumatlılıq səviyyəsini nəzərə alsaq, belə bir adamın dedikləri zərrə qədər şübhə doğurmur və erməni siyasətçilərin xalq üçün yox, öz mənafeləri üçün çalışdığına hər kəsi əmin edir.

Artur Vanesyanın şəxsən özünün Nikol Paşinyanın komandasından olmasına və onun həmin vəzifəyə təyin edənin, işindən uzaqlaşdıranın, qovanın da Nikol özü olmasına baxmayaraq, o, dolayısı ilə deyil, birbaşa etiraf edir ki, həmvətənlərinin bu gün yas tutmasında və bütün məğlubiyyətlərində, rüsvayçılığında xalq, ziyalı təbəqəsi, siyasi elita olmaqla hər birinin öz günah payı var. Təbii ki, belə bir ifadə işlədərkən Vanesyan, Nikol Paşinyan kimi bir populistin hakimiyətə gətirilməsində, xalqını olduğundan da daha acınacaqlı vəziyyətə, hətta rüsvayçı məğlubiyyətə sürükləyən birinə baş nazir postunu həvalə etməkdə hər kəsi günahkar bilir. Bu məqam, bu etiraf həm də ondan xəbər verir ki, hakimiyyəti qamarlamaq üşün bu işğalçı ölkədə populist vədlər vermək, aldatmaq, yalançılıq etmək ənənəsi var və məhz bunun sayəsində hakimiyyəti zəbt edən avantüristə sadəcə imkan verilib ki, bu işdə hər kəsi günahkar bilir. Məhz bu ənənənin davam etdiyini, bu populizm, yalançılıq, vəd verib aldatmaq kimi adətlərinin fonunda Ermənistan siyasətçilərinin əməllərini əslində Vanesyan ifşa edir. “Hər birimizin səhvləri və günahları nəticəsində Ermənistanı məhv edə biləcək, hər şeyi məhv edən bir qüvvə hakimiyyətə gəlib və həqiqi dövlətçilik itkisi, üstəlik fiziki məhv olma təhlükəsi ilə qarşılaşdığımızı gec də olsa anlamalıyıq”, deyən Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru həm də onu diqqətə çatdırır ki, mövcud hökumət manipulyasiyaları ilə cəmiyyəti parçalamağı, “qara” və “ağ”, “keçmiş” və “yeni” kimi adlandıraraq bölməyi bacardı və bu, ən ciddi parçalayıcı siyasət üsullarından biridir. Yəni, o ölkənin məhv olma mərhələsində olduğunu, bunun heç bir siyasətçinin vecinə belə olmadığını, əksinə, nəticənin nə qədər ağır olması gözləntilərindən asılı olmayaraq, hər bir siyasətçinin öz mənafeyi naminə, özü də avantüristcəsinə, populist və yalançı olaraq fəaliyyət göstərdiyini bildirir. “Bu, bir heçliyə aparan yoldur və artıq davam edə bilməz”, deyən Artur Vanesyan Ermənistanın heç olma təhlükəsindən danışır və əslində, proqnoz verir.

Hazırda işğalçı ölkədə sıxıntılar günü-gündən artmaqdadır və bu heç də əbəs yerə deyil. Nəzərə çatdıraq ki, Ermənistan tərəfinin təxribatlarının fonunda başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsinin məntiqi nəticəsi olaraq, Ermənistan məğlubiyyətlə qarşılaşdı və bu məğlubiyyəti erməni baş nazir Nikol Paşinyan kapitulyasiya sənədini imzalamaqla təsdiqlədi. Diqqətə çatdıraq ki, elə həmin məğlubiyyət sənədinin imzalanmasından bu zamana qədər Ermənistanda siyasi qalmaqallar bir-birini əvəz edir, bu ölkədə etirazlar, hətta qarşıdurmalar günün reallığına çevrilib. Bütün bu siyasi mübarizələrin fonunda hələ də öz balalarını səbəbsiz yerə itirən erməni analarının, itgin düşən hərbçi valideyinlərinin ah-naləsini yığışdırmaq mövcud Ermənistan hakimiyyətinin imkanları xaricindədir. Təkcə hərbçi valideynləri, qohumları deyil, bütövlükdə müharibənin məğlubiyyət acısını, rüsvayçı məğlubiyyət xəcalətini belində daşıyan erməni xalqının qəddi əyilib. Bir zamanlar “yenilməz”, “məğlubedilməz” kimi özlərini təqdim edənlərin, amma reallıqda 44 gün ərzində dizlərini yerə qoyanların beli də bükülüb. “Xalqın əyilmiş belini düzəltməyin vaxtı gəlib”, sözü ilə də Vanesyan bu reallığı təsdiq edib. Heç şübhəsiz ki, Artur Vanesyan xalqın əyilmiş belini düzəltməyin zamanı çatıb dedikdə, yeni hakimiyyət komandası seçməklə bu rüsvayçılıqdan, bu xəcalətdən xalqı qismən də olsa xilas etmək mümkün olacağı qənaətindədir. Amma, erməni xalqı bilməlidir ki, düşmənçilik toxumu səpməklə, düşmənçilik, işğalçılıq, terrorçuluq siyasəti yürütməklə, qisas hissi ilə yaşamaqla nə belləri düzələn deyil, nə də problemdən çıxış yolu tapa bilməyəcəklər.

Diqgər siyasətçilər arasında da analoji şəkildə münasibət sərgiləyənlər, seçkiqabağı çirkin erməni kompaniyalarının mahiyyətini dərk və ifşa edənlər var. İş o yerə çatıb ki, Ermənistanın keçmiş prezidenti, müxalif “Respublika Partiyası”nın rəhbəri Serj Sarkisyan kimi bir ikiüzlü belə bu oyunlara qoşulmayacağını, adının seçki siyahısında olmayacağını bəyan edib. “Artıq yüksək dövlət vəzifəsinə müraciət etmədiyimi, iddialı olmadığımı bildirdim”, deyən Serj hakimiyyət postundan niyə imtina edir? Yoxsa, vəzifə, yüksək dövlət postu naminə qırğınlara belə rəvac verən, bununla utanmadan lovğlanan, öyünən bir simasız vəzifədən imtina edir? Xeyir, ağzının da suyu axır. Amma, dərk edir ki, nə Ermənistanın bu gedişlə xilası yoxdur, nə də belə aldatmalarla, yalançı vədlərlə, populizmlə aqibəti Nikolun aqibəti kimi olacaq və bundan bərk qorxur.

Məsələ burasındadır ki, qorxmaqda Serj haqlıdır və görünür, öz postundan qovulan, 3 ilə yaxın müddətdə işsiz qalan bu simasızın düşünməyə kifayət qədər vaxtı olub. Artıq dərk edib ki, öz həyatını da, bu işğalçı ölkənin mövcudluğunu da yalanlarla, populizmlə təhlükəyə ata, tamamilə məhv edə bilər.

Heç şübhəsiz ki, bu populizmin, bu manipulyasiyaların yalançı vədlərin, pafoslu çıxışların yersiz olduğunu eks-prezident dərk edir və bilir ki, yalançı vədlərlə, populizmlə xalqı acınacaqlı vəziyyətdən çıxarmaq mümkün deyil. Bir sözlə, Sarkisyan özünün acizliyini yaxşı anladığı üçün, sadəcə geri çəkilir və mübarizədə iştirakdan imtina edir.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, yepiskop Baqrat Qalstanyan da öz xütbəsində əbəs yerə demir ki, "keçmişimiz bizdən oğurlandı, bu günümüzü də hər gün məhv edirlər”. Mövcud hakimiyyətə yönələn narazılırların fonunda Ermənistanın bu vəziyyətindən istifadə edən keçmiş hakimiyyət qüvvələri, eləcə də Ermənistan müxalifəti erməni xalqını bir bəladan, bir fəlakətdən digərinə sürükləyir. Hətta bəyan edilir ki, bu zamana qədər mübarizələri boşa çıxıb, mənasız əmək sərf etdikləri bəlli olub. İndi etirazlar və avantura fonunda müxtəlif manipulyasiyalar müşahidə olunur ki, bu da erməni cəmiyyətinin bu gününü də məhv edir və ölkənin səfalət vəziyyəti iqtisadi tənəzzüldə öz təsdiqini tapır. Görünür, yepiskop da bu mənada keçmişlərinin oğurlandığını, eləcə də Ermənistanın bu gününün məhv edildiyini deyir.

Əslində, elə sözün əsl mənasında bu işğalçı ölkənin keçmişi oğurlanıb, gələcəyi də tamamilə məhv edilir, özü də soyuqqanlılıqla. Deyək ki, 3 il bundan qabaq Nikol adlı biri belində çanta küçələrdə özünü xalq nümayəndəsi kimi göstərib, rola girib kütlənin etibarını qazanaraq, vətəndaşlara “qızıl dağlar” vəd edərək, çevriliş yolu ilə hakimiyyəti qamarladı və utanmadan da adını “inqlab” qoydu. Nikolun ağlına belə sığmayan vədləri fonunda Ermənistan əvvəlki acınacaqlı vəziyyətindən də daha ağır duruma sürükləndi. Sonra da o, axmaq, düşünülməmiş ifadələri ilə özünü də, təmsil etdiyi erməni cəmiyyətini də gülünc vəziyyətə qoydu və nəhayət danışıqlar prosesinə məhəl qoymamaqla, hörmətsizlik etməklə, təxribatlar törətməklə müharibənin bir də başlamasına, sonda da işğalçı ermənilərinin işğal etdikləri torpaqlardan qovulmasına şərait yaratdı. İndi də bunu açıq-aşkar etiraf edir və utanmadan deyir ki, bu ritorika, bu üslub onun səhvi olub. Yaxşı, kim deyə bilər ki, o bundan sonra səhv etməyəcək? Yaxud, onun kimi hakimiyyətə göz dikən digərlərinin də belə hərəkətinin olmayacağına əminlik ola bilərmi? Əsla. Məhz bu baxımdan görünür ki, keçmişi oğurlanan və gələcəyi məhv edilən erməni cəmiyyətinin taleyi sual altındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə