Ermənistan AES bağlanır? METSAMORDA 141 GÜN İŞ APARILACAQ

Mayın 15-də stansiyanın modernləşdirilməsi və ömrünün uzadılması layihəsi çərçivəsində Ermənistan AES-də əsas profilaktik təmir başlayıb. SİA xəbər verir ki, bu barədə "Rosatom"-un mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, modernləşdirmə müqaviləsi üzrə işlərin təşkili Rosatom-un elektrik enerjisi bölməsinin bir hissəsi olan “Rusatom Servis” ASC tərəfindən həyata keçirilir. Bildirilir ki, Ermənistan AES 141 günlük bağlanacaq və bu, layihənin başlanğıcından bu vaxta qədər ən uzun texniki işdir. Belə bir uzun dayanma, Ermənistan AES-in ikinci enerji blokunun modernləşdirilməsi üzrə son vacib işlərlə əlaqələndirilir. Nəzərə çatdırılır ki, AES-dəki işlər stansiyanın səmərəliliyini və etibarlılığını artırmaq üçün həyata keçirilməlidir.

Xatırladaq ki, Cənubi Qafqaz bölgəsində yeganə olan Ermənistan Atom Elaktrik Stansiyası, İrəvandan 30 km qərbdə, Metsamor şəhərinin yaxınlığında yerləşir. Ermənistan AES ənənəvi olaraq ölkənin əsas elektrik mənbələrindən biridir. Stansiya hər il Ermənistandakı bütün elektrik enerjisinin 40%-ə qədərini istehsal edir.

Onu da diqqətə çatdıraq ki, Ermənistan AES uzun illərdir qəzalı vəziyyətdədir. Sözügedən stansiyanın belə qəzalı vəziyyətdə olması, təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükəlidir. Bu barədə, yəni, Ermənistan AES-in region üçün təhlkükə mənbəyi olması barədə Ermənistana dəfələrlə xəbərdarlıqlar edilsə də, onun dayandırılması tövsiyyə və tələb edilsə də, bu stansiya hələ də təmir belə edilmədən istifadə edilir. Görünür, Ermənistan gec də olsa bu xəbərdarlıqlardan və tələblərdən sonra stansiyanın təmir etdirilməsi qərarına gəlib və əslində, bu ölkə tələblər qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə