Ermənistanın üzləşdiyi üç əsas problemi KOÇARYAN SADALAYIB

Keçmiş prezident Robert Koçaryan hazırda Ermənistanın üzləşdiyi üç əsas problemi sadalayıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti bunu bazar günü "Azadlıq Meydanı"nda keçirilən bir mitinqdə deyib.

Məlumatda qeyd olunur ki, bazar günü Koçaryan, "Yüksələn Ermənistan" partiyasının lideri Vaqe Akobyan və "Daşnaksütyun"un nümayəndəsi İşxan Saqatelyan, 20 iyuna təyin edilmiş erkən parlament seçkilərində iştirak edəcək olan Ermənistan birliyinin bəyannaməsini imzalayıblar. Burda ilk məsələ təhlükəsizlikdir.
Eks-prezident bu gün Ermənistanın Sünik sərhəddinin təhdid, təhlükə altında olduğunu söyləyib.
"Bu gün biz sərhədləri və əhalinin təhlükəsizliyini təkbaşına qoruya bilməyən bir ölkəyik. Bu gün ordunu davamlı olaraq məhv edən və onu bərpa etmək üçün heç bir şey etməyən bir hakimiyyətimiz var. Hədəfimiz layiqli bir dünya qurmaqdır", deyə Koçaryan bəyan edib.

Ermənistanın ikinci prezidenti ikinci problem kimi, Dağlıq Qarabağın ermənilər üçün dumanlı gələcəyi olduğunu deyib. O, Qarabağın gələcəyinin olduqca qeyri-müəyyən olduğunu söyləyib və qeyd edib ki, 9 noyabr 2020-ci ildə imzalanan bəyanat 4,5 ildən sonra Azərbaycanın Rusiya sülhməramlı qüvvələrindən imtina edə biləcəyini nəzərdə tutur.

"Peşəkarlıqla, qürurla danışıqlar aparacaq və Qarabağ üçün əlverişli qərarlar qəbul edə biləcək hökumət gəlməlidir", deyə Koçaryan həyəcan təbili çalıb.

İşğalçı ölkənin eks-prezidenti iqtisadi böhranı üçüncü problem hesab etdiyini bəyan edib. İkinci prezidentin sözlərinə görə, Ermənistan iqtisadi böhran içindədir və iqtisadiyyatda da azalmalar davam edir.
"Ölkə xarici borclara qərq olub və borc içində böğulur, heç bir vəd yerinə yetirilməyib. Azalmalar durmadan artır", deyə Robert Koçaryan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə