“Koçaryan Paşinyana Rusiyanın tapşırığı ilə təzyiq edir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Rusiyanın adamı olan Koçaryan Paşinyana elə Rusiyanın tapşırığı ilə təzyiq edir. Fakt budur ki, Ermənistanda və erməni cəmiyyətində istər Kocaryanın, istərsə də Sarkisyanın heç bir hörməti yoxdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən sonra koçaryanların, sarkisyanların reytinqi sıfır həddinə düşdü". Bunu politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanda Qarabağ klanına qarşı həddən artıq bir dözümsüzlük var: "Koçaryan Putinin tapşırığı ilə Paşinyana qarşı təxribatçı addımlar atır. Yəni Rusiya ehtiyat variant kimi ondan istifadə edir ki, birdən Paşinyan seçilməsə yenidən Koçaryanı reanimasiyadan çıxarıb, gətirsinlər və istifadə etsinlər. Amma ABŞ buna imkan verməyəcək. Həm də ki, hadisələrin gedişi göstərdi ki, ümumiyyətlə, Paşinyan və onun tərəfdarları, əslində, daha çox demokratiyaya meyil etmək istəyirlər və Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünü bu və ya digər formada dəstəkləyirlər. Açıq, gizli bu, ortadadır, çünki Paşinyan "Kaputilyasiya aktı"nı imzalayıb, bunun başqa yolu da yoxdur".
C.Nuriyev onu da bildirib ki, seçkilərdə təbii ki, Sarkisyan bir şey edə bilməyəcək, çünki onun kürəkəni aləmi qarışdırıb: "Koçaryan isə çalışacaq Paşinyana qarşı təxribatlar törətsin. Ancaq onun istəyi baş tutmayacaq. Çünki Koçaryanın Ermənistan daxilində sosial bazası yoxdur. Digər tərəfdən Koçaryanın maliyyə imkanları elə də böyük deyil, yəni Rusiyanın ABŞ-la müqayisədə oraya buraxacağı vəsaitlərin miqdarı o qədər böyük ola bilməz. İkincisi, siyasi cəhətdən Koçaryan artıq keçmişdir, onun gələcəyə qayıtması da çətin və ağrılı bir prosesdir. Bütün bunların fonunda Koçaryan Ermənistanda nə isə bir ciddi dəyişikliyə səbəb olacağını demək sadəlövhlük olardı. Seçkiləri indidən proqnozlaşdırmaq olar ki, yüzdə 60 faiz Paşinyan qazanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB