“Bəşəriyyət faşizmə qarşı susmamalıdır” POLİTOLOQUN REAKSİYASI

“Rusiyadakı veteranlar tamamilə obyektiv məsələyə toxunublar. Çünki SSRİ daxilində bütün xalqlar kimi, Ermənistan da, əslində, faşizmə qarşı mübarizə aparmalı olduğu halda, müasir Ermənistanda faşizmlə bağlı abidələrin hələ də olması, ciddi şəkildə ondan xəbər verir ki, bu ölkə hələ də, 21-ci əsr olmasına baxmayaraq faşistlərlə eyni ideologiyanı bölüşür və faşizmin yanında yer alan, digər xalqlara qarşı dözümsüzlük nümayiş etdirən, dözümsüz olan şəxslərə abidələrin ucaldılması da bunun bariz nümunəsidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, əslində, bu məsələyə ilk növbədə Rusiya aydınlıq gətirməlidir.
“Rusiya necə ki, Ukraynada və Baltikyanı ölkələrdə faşizmi tərənnüm edən bu kimi abidələrə qarşı dözümsüzlük nümayiş etdirirdisə, Ermənistanda da belə dözümsüzlük nümayiş etdirərək, həmin abidələrin niyə hələ də qalması sualını verməlidir Ermənistan hakimiyyətinə. Lakin biz görürük ki, Rusiyadakı müəyyən ermənipərəst qüvvələr də, Rusiyada Ermənistanla münasibətlərin isti olmasına çalışan qüvvələr də hər vəchlə İrəvanı müdafiə etməkdə davam edirlər. Ümumiyyətlə, bugünkü dünyada hər hansı bir etnik qrupa, xalqa, millətə, konfensiyaya dözümsüzlük nümayiş etdirmək cinayətdir. Çünki biz yaxşı bilirik ki, ermənilər hələ də öz övladlarını, Ermənistanda uşaqları bu ruhda, “türk sənin düşmənindir”, ruhunda böyüdürlər. Bu isə təbii ki, elə bölgədəki gələcək sülhə də ciddi şəkildə xələl yetirə bilər. Bu kimi hadisələr bir daha onu nümayiş etdirir ki, bütün dünya ölkələri, bəşəriyyət faşizmə qarşı hansı ölkədə olmasından asılı olmayaraq susmamalıdır”, deyə politoloq Zaur Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə