Komitə sədri Ulu Öndərin TARİXİ XİDMƏTLƏRİNDƏN DANIŞDI

"Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və bütövlükdə türk dünyasının bütün tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Komitə sədri vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin yaranması, inkişafı və uğurları birbaşa Heydər Əliyevin adı, Onun fəaliyyəti, siyasi kursu ilə bağlıdır.
“1991-ci idə biz SSRİ-nin dağılması ilə əlaqədar olaraq öz müstəqilliyimizi de-yure olaraq elan etsək də, de-fakto olaraq müstəqil dövlətimizin quruculuq tarixi 1993-cü il iyunun 15-dən başlayır. Məhz o günü, haqlı olaraq xalqımız Milli Qurtuluş Günü kimi bayram edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanıb dağılmaqdan, yer üzündən, xəritədən silinməkdən xilas elədi, vətəndaş müharibəsini, qardaş qırğınını dayandırdı, ölkədə sabitlik yaratdı, dövlət çevrilişlərinin qarşısını aldı, iqtisadi tənəzzülün dayandırılmasına nail oldu və 1996-cı ildən başlayaraq Azərbaycanda iqtisadi inkişaf başladı.
Dövlət quruculuğu prosesi, Milli Konstitusiyamızın qəbul olunması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, təhlükəsizliyimizin təmin olunması, ordu quruculuğu, bütövlükdə bunlar Ümummilli Lider Heydər Əliyevin böyük siyasətinin, səylərinin, şəxsi cəsarətinin məhsuludur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini qurmaqla, onun ideoloji əsaslarını, azərbaycançılıq ideyasını, azərbaycançılıq ideologiyasını da yaratdı. Azərbaycan dövlətinin hüquqi, demokratik, müstəqil bir dövlət, vətəndaş cəmiyyətinin dövlət işində daha fəal iştirakının təmin edilməsi, demokratik məhkəmə-hüquq sisteminin yaradılması, bazar iqtisadiyyatının inkişaf etdirilməsi, özəlləşdirilmə prosesinin uğurlu şəkildə həyata keçirilməsi, bütün bunlar o keçid dövrünün ağır bir zamanında məhz Heydər Əliyevin böyük siyasətinin, iradəsinin, cəsarətinin hesabına baş vermiş hadisələrdir.
Əlbəttə, o illərdə Azərbaycan çox çətin bir vəziyyətdə idi, torpaqlar işğal olunmuşdu, bir milyona qədər qaçqın və məcburi köçkün vardı, dövlət büdcəsi böş idi, Azərbaycanın dünyada ermənilərin apardığı təbliğat nəticəsində nüfuzu və dostları az idi və bütün bunlarla yanaşı Azərbaycanın o çətinliklərini addım-addım dəf edərək, müasir müstəqil Azərbaycanın qurulmasında Heydər Əliyev misilsiz xidmətlər göstərmiş olub. Ulu Öndər Heydər Əliyevin siyasəti uğurla Cənab Prezident İlham Əliyev tərəfindən, 2003-cü ildən sonra davam etdirildi, Azərbaycan dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Qısa müddət ərzində Azərbaycanın beynəlxalq imici olduqca yüksəldi, Azərbaycan Kosmos Klubunun üzvü oldu, BMT-nin Təhlükəsizlik Şurasının Qeyri-Daimi Üzvü kimi iki il bu quruma rəhbərlik etdi və bu günləri də biz artıq ərazi bütövlüyümüzü tamamilə təmin etmişik. Məhz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, bu ordunun generalları Heydər Əliyevin zamanında yaratdığı, 1971-ci ildə əsasını qoyduğu, Cəmşid Naxçıvanski adına məktəbin tələbələri, müdavimləri oldular. Bütövlükdə götürəndə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu, xidmətləri misilsizdir və özü də böyük uzaqgörənliklə deyirdi ki, “Mən Azərbaycanda əbədi olacağam, nə qədər Azərbaycan xalqı var, mən də yaşayacam.” Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti isə, bu dövlətin qurucusu Umummilli Liderin həmişə söylədiyi kimi, əbədi, sarsılmaz olacaqdır”, deyə Musa Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə