QHT-lərə Dövlət Dəstəyi Agentliyi öz vəzifələrini layiqincə həyata keçirəcək - MÜNASİBƏT
Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yaradılması özlüyündə nəyi ehtiva edir, yeni sərəncamdan irəli gələn məsələlər barədə QHT sədrlərinin fikirlərini öyrəndik. SİA sözügedən sərəncama münasibət bildirən QHT sərdlərinin fikirlərini təqdim edir.

“Prezident İlham Əliyev tərəfindən Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bu fərman özündə bir çox məqamları əhatə edir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, bu sektora dövlət qayğısının göstərilməsi hər zaman ölkə başçımızın diqqətində olub və yeni yaradılmış Agentliyin formalaşmasında əsas dövlət qayğısı, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, yeni çağırışlara cavab verəcək formada Vətəndaş Cəmiyyəti İnstitutlarına dövlət qayğısının daha da artırılması durur”. Bu sözləri SİA-ya açıqlamasında “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov deyib.
Təşkilat sədri hesab edir ki, yeni yaradılan Agentlik bu istiqamətdə ölkə Başçısının gözləntilərini doğruldacaq: “Yeni Agentlik ilk növbədə ölkəmizdə QHT sektorunun inkişafı üçün hüquqi cəhətdən daha əlverişli şərait yaradacaq. Eyni zamanda, yeni dövrün çağırışlarına, dövlətin məhz bu sektorla bağlı qarşıya qoyduğu siyasi mövqeyini həyata keçirilməsini təmin edəcək. Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi əvvəlki qurumla müqayisədə daha geniş səlahiyyətlərə, qərarların qəbulu prosesində sərbəstliyə, müstəqilliyə və konkret aydın, hüquqi statusa malikdir. Bu da cəmiyyətin və dövlətin həyatında QHT-lərin rolunun artırılmasına, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkilinə, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşilati hüquqi əsaslarının və mexanizlərinin təşkminləşdirilməsinə xidmət edəcək”.
İ.Orucov vurğulayıb ki, bütövlükdə Agentliye verilmiş əlavə səlahiyyətlərdən biri də ictimai nəzarətin təşkilində və ictimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində verilmiş səlahiyyətdir: “Bu da artıq cənab Prezident tərəfindən bütövlükdə Cəmiyyətdə ictimai nəzarətin təmin olunması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuraların fəaliyyətinin daha effektiv qurulması və bütövlükdə ölkəmizdə şəffaflığın daha da artırılması istiqamətində Dövlət Başçımızın irəli sürdüyü tələblərdən irəli gəlir. Bu istiqamətdə ölkəmizin mövqeyi məlumdur və hesab edirəm ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu istiqamətdə də dövlətin ortaya qoyduğu siyasi xəttə adekvat olaraq öz üzərinə düşən vəzifələri həyata keçirəcək”.

“Yaxın illərdə müxtəlif sahədə aparılan islahatların əsas məqsədi əhalinin rifahının yaxşılaşdırılması, dövlətimizin gücləndirilməsi, ictimai nəzarətin bütün proseslərdə rolunun artırılması və digər yeni çağırışlara adekvat cavab verməkdir”. Bu sözləri SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
QHT sədri bildirib ki, Cənab Prezidentin imzaladığı Fərmanın giriş hissəsində qeyd edilib ki, “Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak ediblər: “Yeni yaradılan agentliyə verilən vacib səlahiyyətlərdən biri qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir. Son zamanlar ictimai nəzarətin daha yaxşı təmin olunması ilə bağlı narahatlıqların meydana gəldiyi məqamda bu məsələnin önə çəkilməsi çox əhəmiyyətlidir. Məhz bu baxımdan, yeni yaradılmış agentlik QHT sektorunun inkişafı üçün böyük imkanlar vəd edir. QHT Şurasından fərqli olaraq, Agentliyə daha geniş hüquqlar verilib”.
Ş.Rəhmanlı vurğulayıb ki, Cənab Prezident Müşahidə Şurasının 8 üzvünü QHT nümayəndələrindən təyin edib: “Bu da, idarəetmədə vətəndaş cəmiyyətinin rolunun daha artırılmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması bəndi agentliyin xüsusilə regionlarda təsir imkanlarının artırılmasına bilavasitə xidmət edəcək. Həmçinin nizamnamənin 3.1.2, 3.1.3 və 3.1.5-ci maddələrinə baxsaq bir daha əmin ola bilərik ki, yeni yaradılan agentlik, dövlət-qht-özəl müəssisələrin birgə fəaliyyətini təşfiq etməklə QHT-lərin cəmiyyətdəki rolunu daha güclü şəkildə dəstəkləyəcək. Xüsusilə Özəl müəssisələrin Korporativ Sosial Məsuliyyət çərçivəsində QHT-lərlə birgə adımlamasına da təkan vermiş olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB