\"Prezidentlərin növbəti görüşü başlanmamış artıq rəsmi İrəvan öz fitnəkarlığını ortaya qoyub\". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiyanın Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək növbəti görüşə münasibət bildirərkən deyib. O, qeyd edib ki, görüşdə müsbət nəticələrin əldə olunması sual altındadır, buna səbəb Ermənistanın yenə də ikiüzlü siyasətə keçməsidir: "Serj Sarkisyan və Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına güvənərək müxtəlif bəyanatlar verirlər. Xüsusən də bu bəyanatlar Xocalıda hava limanının gələn ay açılması ilə bağlı olur. Bütün bunların arxasında yeni erməni xisləti, ikiüzlülüyü dayanır. Mən inanmıram ki, Kazandakı görüşdə hansısa bir razılıq əldə olunsun. Həştərxan görüşünü çıxmaq şərti ilə 2008-ci ildən bu günə qədər baş tutan üçtərəfli görüşlərdə heç bir siyasi nəticə əldə olunmayıb. Bu görüşdə də müsbət nəticə olacağı sual altındadır. Çünki Ermənistan yenə ikiüzlü siyasətə keçib. Amma Azərbaycan prezidenti İlham Əliyev peşəkar diplomatdır və özü bilir ki, bu sülh danışıqlarından biz yox birinci ermənilər imtina etməlidir. Artıq ermənilər bu məqama yetişiblər. Çünki onların qaçası yeri qalmayıb".
Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik missiyasını həyata keçirən Rusiyanın da vəziyyəti ürəkaçan deyil. Politoloq hesab edir ki, ölkə daxilində siyasi qarşıdurma kifayət qədər münaqişənin həllində əldə oluna biləcək müsbət nəticələrin qarşısını almaq gücündədir: "Çünki Medvedyev-Putin qarşıdurması artıq Rusiyanın xarici siyasətinə də müdaxilə etməyə başlayıb. Yəni Medvedyevin verdiyi qərarları Putin bəyənmir. Son zamanlarda bu gündəmdədir. Rusiya prezidenti Dmitri Medvedyev çalışır ki, gələn il keçirilən prezident seçkilərində qalib gələrək öz adını tarixə yazdırsın. Putin də onun tarixdə qalmaması üçün çalışır".
Bütün sadalanan hadisələrin fonunda politoloq Azərbaycanın yürütdüyü xarici siyasətə nikbin baxır. Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması ölkəyə yeni divident gətirəcək: "Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olması öz müsbət nəticəsini verəcəyinə mən inanıram. Çünki Avropa Birliyi daha çox öz ətrafında qüvvələri toplamağa çalışır və Azərbaycanın yeni bir birliyə can atması ciddi siqnaldır. Bu qurumda dünyada mövcud olan 205 dövlətin 135-i bura üzvdür. Azərbaycan daha çox özünü bitərəflikdə görürür. Bu da o deməkdir ki, rəsmi Bakı ermənilər tərəfindən işğal olunan torpaqların geri qaytarılmasında quruma üzv olan dövlətlərin dəstəyini qazanacaq. Eyni zamanda digər dövlətlərə qarşı bu və ya digər məsələlərdə iştirakdan yayına biləcək. Çünki bu Azərbaycan üçün hal-hazırda çox lazımdır. Bu məsələnin gündəmə gəlməsi və bizim xarici işlər nazirinin İndoneziyaya getməsi münaqişənin həllində müəyyən dəyişikliklər yarada bilər. Çünki Rusiya Qafqaz siyasətini Azərbaycan üzərindən həyata keçirir. Azərbaycanın isə hazırki iqtisadi, siyasi gücü birmənalı şəkildə Rusiyanı korrektə etmək məcburiyyətində qoyub. Yəni Azərbaycanın yürütdüyü ağıllı xarici siyasət, ölkə daxilindəki iqtisadi, siyasi islahatlar və kifayət qədər əhalinin həyat səviyyəsinin yaxşılaşması digər ölkələrlə müqayisədə tamam ayrı bir şeydir. Məsələn, BMT-nin 2010-cu ildə son açıqlaması da bunu sübut edir. Azərbaycanda insana verilən yüksək qiymət Avropa və Amerikada yüksək diqqət mərkəzindədir. Yəni bütün bunların fonunda Ermənistan istəsə də, istəməsə də Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün sülh yolunu seçmək məcburiyyətində qalır. Mən inanıram ki, bu sona yaxın görüşlərdən biri olacaq. Çünki cənab İlham Əliyev élan etdi ki, Azərbaycan xalqının səbri sonsuz deyil. Yəni bu səbrində müəyyən həddi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB