Mənəvi zənginlik, humanistlik, xeyirxahlıq onun timsalında vəhdət təşkil edir

Mənəvi zənginlik, humanistlik, xeyirxahlıq onun timsalında vəhdət təşkil edir

YAP Xızı rayon təşkilatı idarə heyətinin oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 98-ci ildönümü münasibəti ilə onlayn iclası keçirilib

29 aprel 2021-ci il tarixdə YAP Xızı rayon təşkilatı idarə heyətinin akademik Zərifə xanım Əliyevanın 98 ildönümü münasibəti ilə onlayn iclası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədr müavini Bəhdaş Nəbiyev bildirib ki, elə insanlar var ki, onlar haqqında hələ sağlığında rəvayətlər yaranır: “Belə böyük şəxsiyyətlər, həqiqi elm fədailəri ucaldıqları zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlıqları, səmimi hiss və duyğuları, fitri istedad, nadir bilik və qabiliyyətləri bahasına fəth edirlər. Bu baxımdan, Azərbaycan Oftalmologiya elmini bütün dünyada tanıdan yüksək intellekt sahibi, akademik Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun monumental əsərləri, elmi nailiyyətləri, pedaqoji səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Akademik Zərifə xanım Əliyevanın həyat kitabını vərəqlədikcə onun həm nəcib bir insan, görkəmli alim, həm də xalqını, elini, yurdunu, vətənini dərin məhəbbətlə sevən böyük vətəndaş olduğunu görürük. Mənəvi zənginlik, humanistlik, xeyirxahlıq Onun timsalında vəhdət təşkil edir”.

Bəhdaş Nəbiyev onu da bildirib ki, Zərifə xanım peşəsində həkim etikasına xüsusi önəm verərək, bu mövzuda mətbuatda maraqlı məqalələr dərc etdirmişdir: “Bunların birində deyilir: “Əgər özümüzə sual versək ki, həkimin fəal həyat mövqeyi hansı mənəvi təmələ əsaslanır, cavabı çox qısa olar- xəstəyə münasibətinə. Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır.” Əziz Əliyev kimi nüfuzlu şəxsin qızı, Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının liderinin həyat yoldaşı o qədər böyük insani xüsusiyyətlərə malik idi ki, bu gün də ictimaiyyətin bütün nümayəndələri tərəfindən hörmətlə anılır. Zərifə xanım, sözün əsl mənasında, nəsilli-nəcabətli, kübar xanım idi. O, gözəlliyi daxili aləmində, ailəsinin xoşbəxtliyində, həyat yoldaşına arxa olmaqla, övladlarının qayğıları ilə yaşamaqda, xalqına ləyaqətlə xidmət etməkdə görürdü. Azərbaycan gəncliyi görəndə ki, cəmiyyət belə mükəmməl insanlara ehtiyac duyur və onlarla fəxr edir, onda belə insanlardan nümunə götürmək üçün bütün varlığı ilə çalışacaq. Məhz Zərifə xanım kimi gözəl ana, yüksək zəka sahibi, Azərbaycan xanımı kimi şərəfli adı uca tutan xanım qızlarımız üçün əsl nümunədir.

Ümummilli liderimiz Heydər Əliyev onun haqqında belə deyib: “O, yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim- oftalmoloq idi. Allahın öz bəndəsinə bəxş etdiyi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan idi. Onu hamı belə tanıyırdı”. Öz ömrünü Azərbaycan səhiyyəsi və tibb elminə həsr edən Zərifə xanımın həyatının amalı həkimlərimizi bilikli və professional, millətimizi sağlam və gözü nurlu görmək olub. Onun miras qoyub getdiyi irs bugünkü gənc nəslin yolunu daim işıqlandıracaqdır”.

YAP Xızı rayon təşkilatının sədr Fərrux Haqverdiyev, rayon təşkilatının idarə heyətinin üzvləri Xatirə Həşimzadə, Svetlana Rüstəmova, Oqtay Abdullayev, gənclər birliyinin sədri İman Ağayev məruzə ətrafında çıxış etdilər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə