Zərif Rusiyanı dost olmayan hərəkətlərdə günahlandırdı - QALMAQAL

Zərif Rusiyanı dost olmayan hərəkətlərdə günahlandırdı - QALMAQAL

Yaxud İranın xarici işlər nazirinin gizli danışığı mətbuata necə sızdı?

İran xarici işlər naziri Cavad Zərifin mətbuata sızdırdığı gizli danışıqlar İranda qalmaqala səbəb olub. KİV-lər tərəfindən yayımlanan səs yazısında baş diplomat Rusiyaya qarşı bir sıra ittihamlar irəli sürür və Moskvanı İrana qarşı dost olmayan siyasətinə görə tənqid edir. İran İslam Respublikasının rəhbərliyi nazirin ifadələrinin kontekstdən çıxarıldığını söyləməsinə baxmayaraq, səs yazısının həqiqiliyini inkar etmir.

Zərifin həqiqətən nə demək istədiyini və Moskva ilə Tehran arasında ciddi ziddiyyətlərin olub-olmadığı ekspertlər tərəfindən araşdırılıb. İran Prezidenti Həsən Ruhani məsələyə birbaşa müdaxilə edərək xarici işlər naziri Cavad Zəriflə iqtisadçı Səid Lailaz arasındakı söhbətin mediaya necə və kim tərəfindən sızdırılması ilə məşğul olmaq üçün 27 apreldə kəşfiyyat rəisinə təlimat verib. Rusiya-İran münasibətlərinin müzakirə olunduğu söhbət İran Beynəlxalq Televiziya kanalının studiyasında lentə alınıb, montaj edilib, sonar isə televiziyada nümayiş etdirilib. Təbii ki, bəzi düzəlişlər edilməklə. Amma belə görünür ki, mediaya məlumat televiziya kanalından sızdırılıb.

İran səlahiyyətliləri hesab edirlər ki, bu, ölkənin siyasi nüfuzuna zərbə vurmaq üçün mütəşəkkil qaydada tərtib olunmuş cinayətdir. Ruhani təşkil edilmiş bu cinayəti ölkənin milli maraqlarına qarşı sui-qəsd hesab edib.
Bəs Zərifin də iştirak etdiyi və sonradan mətbuata sızdırılan həmin söhbətin məğzi nədir, hansı sirrlər açılıb, Rusiya xəyanətin harasında yer alır? Məlum olub ki, Zərif iqtisadçı ilə söhbətində sonralar amerikalılar tərəfindən öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinin komandiri, general-leytenant Kasem Süleymaninin Moskvaya qanunsuz səfəri barədə danışıb. Səfər 2015-ci ilin avqust ayında baş tutub. Məqsəd də İranla altılıq ölkələrinin uranın zənginləşdirilməsi ilə bağlı bağladığı müqavilənin ləğvi məsələsi olub. Halbuki, Kasem Süleymani BMT-nin sanksiyaları səbəbindən heç bir ölkəyə səfər edə bilməzmiş. Amma general bütün qərarları çeynəyərək Moskvaya gedib, hətta Rusiya prezidenti Vladimir Putinlə və digər yüksək rütbəli şəxslərlə görüşüb. Bir sıra xarici KİV-lərin xəbər verdiyi kimi, Süleymaninin Rusiyaya gizli səfəri müqavilənin imzalanmasından cəmi 10 gün sonra baş tutub. Jurnalistlərin verdiyi məlumata görə, Moskva o zaman İran komandirinin gəlişi faktını təsdiqləməyib.

Moskvanın nüvə razılaşmasından narazılığını sübut etməyə çalışan Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müqavilədə iştirak edən ölkələrin təmsilçilərinin birgə foto çəkilişlərində iştirak etməyən yeganə XİN başçısı olduğunu xatırladır. Rusiya tərəfi isə Lavrovun Daşkənddə keçiriləcək tədbirə təcili uçduğu üçün həmin çəkilişlərdə olmadığı izahını verib.

Mətbuata sızan söhbətdə məlum olur ki, Zərif Suriyada 2015-ci il sentyabr ayının sonunda başlayan hərbi əməliyyatların təşəbbüskarının Prezident Vladimir Putin olduğunu təsdiqləyib. Və əlavə edib ki, Rusiya lideri İranın hava və quru qüvvələrini Suriya münaqişəsinə "sürükləməyi" bacarıb.

İran XİN-in rəhbəri həmçinin ölkəsinin ABŞ ilə yaxınlaşmasının Moskvanın mənafeyinə zidd olduğu və bu səbəbdən Rusiya tərəfinin Tehran ilə Vaşinqton arasındakı münasibətlərdəki hər hansı bir əriməyə qarşı olduğu fikrini bildirib. Zərif yayımlanan yazılarda Süleymanini bir neçə başqa səbəbdən də tənqid edib. Xüsusilə, nazir İran Air dövlət hava yolu şirkətinin köməyi ilə Suriyaya avadanlıq və şəxsi heyətin icazəsiz köçürülməsindən məmnun qalmayıb. Bununla yanaşı, Zərif Rusiya hərbi təyyarələrinin İran ərazisindən Suriyaya uçmasına icazə verilməsini də qınayıb.

Qeyd edək ki, məsələ ilə bağlı hər iki tərəf - Rusiya və İran bir-birindən çox şübhəlidir. Əslində isə İran və Rusiya məcburi tərəfdaşlardırlar.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə