Ermənistandakı dərin və total böhranı həll etməyin yeganə yolu erkən parlament seçkilərinin keçirilməsidir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aprelin 27-də “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasından olan millət vəkili Mikael Melkumyan bunu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əldə olunan razılığa əsasən, fraksiya 3 may tarixində keçirilən fövqəladə iclasda baş nazir namizədini irəli sürməyəcək və bununla da 20 iyun tarixində qanuni seçkilərin keçirilməsinə öz töhfəsini verəcək.
Qeyd olunur ki, “Çiçəklənən Ermənistan” partiyası heç bir blokda iştirak etmədən seçkilərə təkbaşına gedəcək ki, bu da bir məqsəd deyil və son 15 ildə parlamentdə davamlı olaraq ikinci siyasi qüvvə olaraq iştirak edən bir partiyanın seçkilərə öz proqramı və komandası ilə qatılması vacibdir.
"Qazanmaq üçün seçkilərə gedirik və qazanacağımıza inanıram", deyə millət vəkili bildirib.
O, seçkilərin nəticələrindən sonra hər hansı bir qüvvənin 50 %-dən artıq bir səs alacağına şübhə etdiyini söyləyib.
Millət vəkilinin sözlərinə görə, partiya lideri Qaqik Sarukyanın rəhbərlik etdiyi balanslı bir hakimiyyət olacaq. Melkumyan, hazırda ölkədə obyektiv ilkin şərtlərin meydana gəldiyini qeyd edib və bildirib ki, bu da əvvəllər bu hakimiyyətdə olmamış bir liderə ehtiyac olduğuna dəlalət edir.
"Biz artıq hakimiyyəti ələ almaq üçün yetişmişik", deyə millət vəkili bəyan edib.
“Son üç ildə ölkəni bu vəziyyətə gətirən qatardan düşmək və yeni iqtisadi siyasətlə aparan, təhlükəsiz və etibarlı Ermənistana aparacaq başqa bir qatara keçmək lazımdır və bunun sayəsində bu çuxurdan çıxmaq mümkün ola bilər”, deyə Mikael Melkumyan fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB