"Soyqırımı ifadəsinin işlənilməsi dünya siyasi tarixinin təhrif olunmasıdır" - ŞƏRH ÖZƏL
"Son illərdə Türkiyə ilə ABŞ arasında bir çox məsələr üzrə fikir ayrılığı müşahihə olunur, aralarında ziddiyələr yaşanırdı. S-400 və F-35 məsələsi ətrafında yaşanan olaylar, Türkiyənin son illərdə apardığı uğurlu hərbi əməliyyatlar və bütün bunları tək bir sözlə xülasə etsək Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında Türkiyənin müstəqil xarici siyasət yürütməsi və son olaraq da Qarabağ məsələsində mənəvi cəhətdən qeydsiz və şərtsiz olaraq Azərbaycanın yanında dayanması erməniləri, onların havadarlarını ciddi surətdə narahat etdi, türkün gücünü sindirə bilmədilər və belə bir tarixi yanlışlığa yol verildi. Yaranmış reallığı qəbul etmək istəməyən dairələr hər vəchlə belə addımlar atmaqla öz geosiyasi maraqlarını təmin etmək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspert bildirib ki, əslində isə tarix boyu ermənilər türkə nifrət bəsləyib, onlara qarşı soyqırımı törədib: "Buraya daxildir, elə 1915-ci ildə türklərə qarşı törədilən soyqırımı, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı, heç uzağa getmədən 1992-ci ildə bütün dünyanın gözü önündə törədilən və insanlığın üzqarası kimi qiymətləndirilməli olan Xocalı soyqırımı… Dar bir qrupun maraqlarını təmin etməkdən ötrü Türkiyə kimi regionda və dünyada güclü bir müttəfiqi qarşıya almaq qəbul olunmazdır. Əsassız faktlarla tarixin saxtalaşdırılması yolverilməzdir. Bu həm o dövlətin özünün dünyada olan imicinə ziddir, həm də ki, tarixin bu cür saxtalaşdırılması gələcək nəsillər, daha qlobal kontekstdə isə bəşəriyyət üçün müsbət heç nə vəd etmir. Qondarma "erməni soyqırımı"nın tanınması Türkiyə-ABŞ münasibətlərinə fundamental zərbə olmaqla yanaşı, bu həm də Vaşinqton üçün tarixi yanlışlıqdır. Türkiyə tərəfi dəfələrlə tarixi arxivlərin açılmasını və araşdırılmasını tələb etsə də Ermənistan rəhbərliyi buna getmir, çünki arxivlərdə belə bir fakt yoxdur. O zaman bunun tarixi və hüquqi əsası da yoxdur. Bu baxımdan da ABŞ kimi bir dövlətin erməni diasporunun əsirinə çevirilməsi təəssüf doğurmaqla yanaşı, həm də yanlışdır. ABŞ-ın siyasət xadimlərinin özləri də bir neçə dəfə bəyan ediblər ki, arxivlərin araşdırılması göstərir ki, ermənilərin soyqırımı ittihamı əsassızdır və ümumiyyətlə Osmanlı İmperiyası dövründə deportasiya zamanı ölən və itkin düşənlərin sayı ermənilərin iddia etdikləri qədər deyil".
Ş.Həsənovanın sözlərinə görə, bir sözlə reallıq odur ki, Türkiyənin inkişaf edən hərb sənayesi, İkinci Qarabağ savaşında dastan yazan pilotsuz uçuş aparatları dünyanı, türkü gözü götürməyən qüvvələrin canına qorxu salıb: "Uydurma "erməni soyqırımı" ilə əlaqədar olaraq Azərbaycan dövlətinin də prinsipial mövqeyi bəllidir. Azərbaycan belə bir addım atılmasının birmənalı olaraq əleyhinədir. Çünki Türkiyəyə qarşı olan hər hansı bir qərarı biz də özümüzə qarşı olan qərar kimi qəbul edirik. Nə Türkiyə, nə də Azərbaycan olaraq biz bu açıqlamanı qəbul etmir, qətiyyətlə pisləyir, eyni zamanda bunu tarixin təhrif olunması istiqamətində dünya siyasi tarixi üçün müsbət nəticə və fayda gətirməyəcək olduqca yanlış bir addım kimi qınayırıq. ABŞ kimi böyük dövlət erməni lobbisinin əlində alət olmalı deyil. Ermənistanın bir dövlət kimi taleyinin müsbət olması tarixi saxtalaşdıraraq digər dövlətlərə, onların siyasətlərinə müxtəlif təsir rıçaqları ilə təzyiqdən deyil, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB