Baydenin “genosid” ifadəsinə cavab kimi hansı addımlar atıla bilər? ANALİTİK+AKTUAL

Xirosima və Naqasakiyə atom bombası ataraq 100 minlərlə insanı külə döndərən bir dövlət olan ABŞ, Türkiyənin öz suveren ərazisində baş verənləri "genosid", yaxud "soyqırımı" adlandırmağı planlaşdırır - bu fakt isə sözün bitən yeridir!

Son günlər ABŞ və dünya mətbuatında Co Bayden administrasiyasının qondarma erməni soyqırımını tanınması ətrafında çoxsaylı yazılar, münasibətlər dərc olunmaqdadır. Hətta vəziyyətin daha da inkişaf edərək, Baydenin ABŞ prezidenti olaraq "genosid" sözünü işlədəcəyi ilə bağlı ilk dövlət başçısı olması barədə yayılan fikirlər də bu cür qənaətə gəlməyə zəmin yaradır ki, qərar verilib və bu qərarın mümkünlüyü an məsələsinə çevrilib. Bu məlumatı artıq dünyanın aparıcı media orqanları olan "Associated Press", CNN, "New York Times", "The Wall Street Journal", "The Guardian", "Euronews" və digərləri öz mənbələrinə istinadən yaymaqdadırlar. Bundan əlavə, saxta soyqırımının tanınmasına bir hazırlıq kimi 21 aprel tarixində ermənipərəst konqresmenlər Adam Şiff , Gus Bilirakis, Frank Pallone , David G. Valadao və Ceki Speyerin təşəbbüsü ilə 100-ə yaxın digər konqresmen Co Baydenə məktub göndərərək onu qondarma genosidi tanımağa çağırıblar. Söz yox ki, onlar əllərindəki əsası Co Baydenin 2020-ci ilin 24 aprel bəyanatına istinad edərək tutublar və bir il əvvəl verdiyi vədindən geri dönməməyə səsləyiblər. SİTAT: "Cənab Prezident, siz özünüz keçən ilin 24 aprel bəyanatınızda dediyiniz kimi, "ABŞ hökumətinin erməni soyqırımına dair utandırıcı susqunluğu həddindən çox uzanıb və sona çatmalıdır. Biz sizi öz öhdəliklərinizi yerinə yetirməyə dəvət edirik..."

Baydenin ermənipərəstliyi, o cümlədən Corc Sorosla uzun illərə söykənən işbirliyi də həmin qənaətləri kifayət qədər ehtiva etməkdədir

Beləliklə, əslində ABŞ-ın dövlət idarəçiliyinin Co Baydenlə yekunlaşmadığı, həqiqətdə isə Amerika iqtidarının Corc Sorosla bölüşdürülməsi amili də daha çox görünməyə başlayır. Bunun isə danılmaz səbəbləri və faktları var. Yəni bu, gözlənilən idi. Belə ki, hələ hakimiyyətə gəlmədən öncə administrasiyanın rəsmiləri qondarma soyqırımının tanınmasına dair fikirlər səsləndirirdi. Baydenin ermənipərəstliyi, o cümlədən Corc Sorosla uzun illərə söykənən işbirliyi də həmin qənaətləri kifayət qədər ehtiva etməkdədir.

Yəni Co Bayden daimi olaraq ermənilərlə sıx əlaqədə olub və vaxtı ilə ermənilərin təzyiqi ilə Azərbaycanın əleyhinə yönəlmiş 907-ci düzəlişin qəbul olunması təşəbbüskarı olub. Bundan əlavə, Bayden 2020-ci ildə Tvitterdə paylaşdığı bəyanatında qeyd etmişdi: "... Prezident seçildiyim halda, mən erməni soyqırımını tanıyan qətnamənin qəbul edilməsini dəstəkləməyə söz verirəm..."

Vitse-prezident Kamala Harris isə öz növbəsində 2018-ci ildə paylaşdığı tvittində rəsmi olaraq saxta erməni soyqırımı həştəqinə goşulmuşdu.

Bundan əlavə Kamala Harris 2018-ci ildə ABŞ Konqresi tərəfindən "erməni soyqırımına" dair qəbul olunmuş 136 saylı qətnamənin həmsponsoru və həmdəstəkçisi olmuşdu.

Rəsmi olaraq, ABŞ-ın xarici siyasətinə məsul şəxs olan sorosçu Entoni Blinken də digərlərindən geriyə qalmır. Belə ki, Konqresdə namizədliyinə dair dinləmələr zamanı o, Bayden tərəfindən qondarma erməni soyqırımının tanınacağına dair əminlik yaratmağa çalışmışdı.

ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Türkiyəni Azərbaycana silah və döyüşçü göndərməkdə ittiham edirdi

Hələ Balkan ölkələrindəki siyasətinə görə "AXMAQ" adlandırılan və Corc Sorosun layihəsi olan, ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikeri demirik. Bu şəxs Qarabağda davam edən 44 günlük Vətən müharibəsi zamanı mütəmadi olaraq (!) Türkiyəni Azərbaycana silah və döyüşçü göndərməkdə ittiham edirdi.

Bundan əlavə, aprelin 15-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, vaxtilə Obama administrasiyasında qondarma erməni genosidinin tanınması üçün səy göstərmiş Samanta Pouerin ABŞ-ın İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsinə namizədliyini təsdiq etmişdi. Ən maraqlısı isə odur ki, komitə onun namizədliyini yekdilliklə - 22 səslə dəstəkləyib. Əslində, bu da təəccüblü deyil, belə ki, komitə sədri senator Bob Menendezdir – aşkar ermənipərəst və Soros uşağı!

Qeyd edək ki, senator Menendez 2019-cu ildə ABŞ Senatının qondarma Erməni genosidinin tanınmasına dair 150 saylı qətnaməsinin təşəbbüskarıdır. (Yeri gəlmişkən Tramp administrasiyası həmin qətnamənin qəbul edilməsini qəti şəkildə pisləmişdir). Daim qondarma "dqr"i dəstəkləmiş, həmçinin Azadlığa dəstək aktın 907-düzəlşinə də səs verənlərin birincisi məhz Menendezdir. O, eyni zamanda, respublikaçıların, yəni Tramp administrasiyasının Azərbaycana 120 milyon ABŞ dolları məbləğində hərbi yardım ayrılmasını maksimum əngəlləmişdi. Vətən müharibəsi başlayandan sonra Senat tərəfindən Türkiyə və Azərbaycana təhlükəsizlik sahəsində yardımı məhdudlaşdıran 754 və 755 saylı qətnamələrin qəbul olunmasına nail olmuşdu və sonuncu dəfə 6 mart 2021 –ci ildə Baydenə müraciət edərək bildirmişdi: "Mən ümid edirəm ki, prezident verdiyi sözə əməl edərək erməni soyqırımını tanıyacaqdır".

Türkiyənin xarici diplomatiyanın rəhbəri cənab Çavuşoğlu artıq bu ehtimalla bağlı bəyanat verərək "genosid" ifadəsi səsləndirildiyi halda ABŞ və Türkiyə arasında münasibətlərin pislənəcəyini bəyan edib

Bu səfər ermənilərin saxta arzusularının reallaşmasına dəlalət edən əsas faktor isə ilk dəfədir ki, ABŞ hakimiyyətinin iki əsas qanadının, yəni həm administrasiyanın həm də Qanunverici orqanının mövqelərinin üst-üstə düşməsidir.

Türkiyənin xarici diplomatiyanın rəhbəri cənab Çavuşoğlu artıq bu ehtimalla bağlı bəyanat verərək "genosid" ifadəsi səsləndirildiyi halda ABŞ və Türkiyə arasında münasibətlərin pislənəcəyi bəyan edib.

Şübhəsiz ki, bu addım dünya miqyasında son dərəcə ciddi nəticələrə gətirib çıxaracaqdır. Yəni bir dövləti hər hansı bir cinayətdə əsassız ittiham etdikdə, bu iki dövlət arasında hər hansı bir müttəfiqlikdən söhbət belə gedə bilməz. Və əgər əvvəllər Türkiyə ABŞ-ın Yaxın Şərqdə ABŞ-ın faktiki yeganə müttəfiqi idisə, bundan sonra Türkiyə artıq özü öz siyasətini aparmalı olacaq.

Burada isə, tarixə bir ekskursiya etməyə də ehtiyac var. Belə ki, 1944-cü ildə soyqırımı terminini ilk dəfə gündəmə gətirən Rafael Lemkinin özündən 20-ci əsrin əvvəlində Türkiyədə baş verən hadisələrlə bağlı soruşanda o belə cavab vermişdi. SİTAT: "Təsəvvür edin bir fermer bir sürü toyuq saxlayır. Sonra o, bir gündə onları öldürür və bu da onun öz işidir və kənardan müdaxilə etmək artıq onun işinə qarışmaqdır."

"Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" 1948-ci ildə qəbul olunub, Türkiyənin suveren ərazisində baş verən hadisələr isə bundan 30 il öncə cərəyan edib

Digər tərəfdən, Corc Mason Universitetinin professoru siyasətşünas İrvin Erikson ümumiyyətlə hesab edir ki, ölkələrin öz ərazilərində təhlükəsizliklərinin təmin edilməsi üçün istənilən addım atmaq hüquqları vardır.

Bundan əlavə, xatırlatmaq olar ki, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" 1948-ci ildə qəbul olunub, Türkiyənin suveren ərazisində baş verən hadisələr isə bundan 30 il öncə cərəyan edib. 1969-cu ildə qəbul olunan "Beynəlxalq müqavilələrin hüquqi qüvvəsi haqqında Vyana konvensiyasının" müddəalarına görə, istənilən Konvensiya yalnız həmin konvensiyaya rəsmi qoşulan ölkələrə şamil edilir ("Pacta sunt servanda).

İkincisi isə heç bir konvensiyanın geriyə qüvvəsi yoxdur (Lex retro non agit). Yəni 1948-ci ildə qəbul edilmiş konvensiya ilə müəyyən edilmiş terminin 1915-ci ildə baş verən hadisələrin şamil edilməsinin özü 1969-cu ildə qəbul edilmiş digər beynəlxalq konvensiyanın müddəalarını pozur.

O ki qaldı həqiqətdə əsrin əvvəlində Türkiyə baş verən hadisələrə, bununla bağlı Türkiyə tərəfi son dərəcə humanist və xoşniyyətli addım ataraq ikitərəfli komissiyanın yaradılmasını təklif kimi irəli sürmüşdü, lakin erməni tərəfi bu təklifi rədd etmişdi. Deməli, bütün bu genosid avantürasının başqa məqsədləri var və bu məqsədləri öyrənməkdən ötrü istənilən belə addımda yaranan sualı özümüzə verək: "Soyqırımının" tanınmasından kim və nə qazanır?

Ermənilərin bu halda qazanacaqları məsələlər aşağıdakılardır:

- Ermənilər ümid edirlər ki, "soyqırımının" rəsmi tanınması əvvəl-axır kompensasiya məsələsinə gətirib çıxaracaq və onlar Türkiyədən külli miqdarda kompensasiya tələb edəcəklər. Sadəcə ermənilər bilməlidirlər ki, hər hansı bir kompensasiya tələbini hüquqi baxımdan əsaslandırmaq üçün ciddi dəlil və faktlar lazımdır, fəqət olmayan faktları tapmaq isə çətindir.

- İkinci məsələ isə birbaşa Dağlıq Qarabağla bağlıdır. Ermənilər ümid edirlər ki, "soyqırımının" tanınması Azərbaycanın Qarabağdakı qələbəsini heçə endirəcək və onlar qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına nail olacaqlar.

- Digər bir məsələ hüquqi presedent məsələsidir. Yəni qondarma erməni soyqırımı tanındıqdan sonra, ermənilər dərhal gündəmə yeni qondarma "Artsax qenosidi" məsələsini atacaqlar, və bununla həm Azərbaycanın hələ tam nəzarət etmədiyi, daha dəqiq desək, beş il müddətinə Rusiya sülhməramlılarının nəzarətlərinə verilmiş əraziyə hüquqi status alacaqlar, digər tərəfdən istər Azərbaycandan kompensasiya tələb etməklə, Azərbaycanın ermənilərdən Dağlıq Qarabağda 30 il ərzində törətdiyi cinayətlərə görə tələb etməyi planlaşdırdığı təzminatı sildirəcəklər.

Bu zaman növbəti sual yaranır: Bəs ermənilərin bu oyununa qoşulan ölkələrin iqtidarları baş verənlərdən nə qazanmaq niyyətindədirlər?

- Birincisi, siyasi dividentlər. Yəni güclü erməni lobbisinin siyasi və maddi dəstəyini. Eləcə də, seçkilərdəki proseslər onu göstərir ki, öz saxta ölkələrindən başqa istənilən ölkədə yaşamağa üstünlük verən ermənilər zarıya-zarıya, özlərini "əzabkeş xalq" qismində göstərməklə bir çox ölkələrdə daha çox sayda məskunlaşaraq böyük maddi resurs imkanları əldə ediblər.

- İkincisi, bundan dünya lider ölkələridən birinə çevrilməkdə olan Türkiyə əleyhinə istifadə etmək imkanlarının əldə olunması. Təsəvvür edin, Xirosima və Naqasakiyə atom bombası ataraq 100 minlərlə insanı külə döndərən bir dövlət olan ABŞ, Türkiyənin öz suveren ərazisində baş verənləri "genosid", yaxud "soyqırımı" adlandırmağı planlaşdırır - bu fakt isə sözün bitən yeridir!

Türkiyə, Azərbaycan kimi dövlətlərin əməkdaşlığından imtina etməyin özü nəticə etibarı ilə Amerikanın dünyadakı reallıqlarına çox ciddi, eləcə də mənfi təsirlərini göstərəcək

Aydın məsələdir ki, Baydenin "genosid" ifadəsini rəsmi istifadə etməsi Azərbaycan üçün də təsirsiz ötüşməyə bilər. Bu zaman önləyici addımların atılması zərurəti yaranır. İlk növbədə, diplomatik vasitələrlə belə bir addımın, ya da qərarın verilməsinin heç də müsbət nəticə verməyəcəyini demək mümkündür. Xüsusilə,

USAİD-in ölkəmizdəki fəaliyyətinin dərhal dayandırılması və ölkədən çıxarılması məsələsi, habelə, digər milli-dövlətçilik maraqlarımıza qarşı mənfi təsirlər göstərən Amerika qurumlarının fəaliyyətlərinə yenidən baxılmasının zərurəti özünü daha çox qabarda bilər. ABŞ şirkətlərinə ölkə ərazisində iqtisadi fəaliyyətlə məşğul olmalarının məhdudlaşdırılması, eləcə də əsassız "erməni soyqırımı" ifadəsinin istifadəsinə görə müvafiq cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin hazırlanaraq qəbul olunması da gündəmə çıxardıla bilər.

Söz yox ki, ermənipərəst dairələrin birbaşa maraqlarından çıxış edən, Soros ideologiyasına köklənən Bayden administrasiyasının hələ də düşünməyə, daşınmağa vaxtı, vədəsi var və regionda Türkiyə, Azərbaycan kimi dövlətlərin əməkdaşlığından imtina etməyin özü nəticə etibarı ilə Amerikanın dünyadakı reallıqlarına çox ciddi, eləcə də mənfi təsirlərini göstərəcək. Əsas isə odur ki, son zamanlar xüsusilə Türkiyə tərəfindən ABŞ administrasiyasına verilən mesajlar son dərəcə ciddi qəbul olunmalıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə