Bəhruz Quliyev: "Cəmil Həsənli kimilər əlaltı rolunda çıxış edirlər" AÇIQLAMA

Bəhruz Quliyev: "Cəmil Həsənli kimilər əlaltı rolunda çıxış edirlər" AÇIQLAMA

"Ümumiyyətlə "Sərhədsiz reportyorlar" və bir sıra beynəlxalq təşkilatlar bütün dövrlərdə zaman-zaman Azərbaycan əleyhinə qara-piar kampaniyası aparmaqla məşğul olub. Bu ilk və son deyil. Ötən gün də hər zaman Azərbaycana qarşı məkrli və qərəzli mövqeyilə seçilən "Sərhədsiz Reportyorlar" növbəti dəfə şər və böhtanla dolu hesabatını yayıb". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

Media Qrupunun rəhbərinin sözlərinə görə, təşkilat verilən sifariş əsasında Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli dəyərləndirmələr aparıb, ölkəmizi son sıralarda göstərib: "Hesabata diqqət yetirdik də isə bir daha əmin olursan ki, orada yer alan qərəzli məqamlar Azərbaycan gerçəkliyini ifadə etmir, çünki ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. Çünki ölkəmizdə intellektual-mədəni cəmiyyət formalaşıb və hansısa qeyri-hökumət təşkilatının Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanın çox güclü media kontingenti var və ictimaiyyətimiz hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə, kimlərə xidmət etdiyini dərk edir".

Bəhruz Quliyev deyib ki, beynəlxalq təşkilatların Azərbaycana olan bu cür münasibəti illərlə formalaşıb: "Biz istəsək də, istəməsək də bu mifi dağıda bilmirik. Çünki onların bu cür fikirləri Cəmil Həsənli kimi siyasətçilərin və anti-azərbaycançı qüvvələrin fikirləri əsasında formalaşıb. Cəmil Həsənlidən gözlədiyimiz bundan artıq ola bilməzdi. Bu məhz Cəmil Həsənli kimilərin verdikləri donoslar əsasında ortaya çıxmış mənfi fikirlərdir. İndi də bu şəxsin özünün sosial şəbəkə hesabında bu fikirləri qabartması gözlənilən hal idi. Çünki zaman-zaman Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimilər bu kimi beynəlxalq təşkilatların əlaltısı olublar".

Baş redaktor əlavə edib ki, bu gün azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir: "Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və mətbuatda qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da haqlı olaraq ölkə Prezidentini özünün dostu hesab edir.

Çox təəssüfləndirici məqam ondan ibarətdir ki, hər hansı bir beynəlxalq təşkilat Azərbaycan haqqında mənfi rəy formalaşdıran kimi radikal düşərgənin üzvləri bunu "toy-bayram" kimi qələmə verirlər. Bu qisasçılıq hissi, intriqalar o qədər bunların gözlərini tutub ki, onlar ölkəmizdə aparılan müsbət tendensiyaları da görməkdən məhrum olublar. Hətta onlar 44 günlük Vətən müharibəsində Azərbaycanın qazanmış olduğu parlaq Qələbəni belə məğlubiyyət kimi dəyərləndirirlər. Biz onsuz onlardan başqa münasibət də gözləmirdik. Sözügedən təşkilatlarla radikal düşərgənin rəhbərlərinin fəaliyyəti eynidir. Lakin onlar öz çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər. Dünya artıq ölkəmizi qalib, inkişaf etmiş və Ali Baş Komandan İlham Əliyevin rəhbəri olduğu bir Azərbaycan kimi tanıyır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə