Leonid Kalaşnikov: “Qarabağa status iddiası tam cəfəngiyyatdır” - MÜSAHİBƏ

Dumanın Komitə sədri: “İlham Əliyev həmişə tamamilə ləyaqətli bir insan olub, əgər bir şeylə razılaşıbsa, o razılaşmaya mütləq əməl edir”

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Moskva-Bakı platformasına müsahibəsində, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ nizamlanması və post-münaqişə dövründə Ermənistanın və Azərbaycan arasında sülhün bərqərar olmasında konstruktiv rol oynayacağına dair fikirlərinə münasibət bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Leonid İvanoviç, indi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının gələcək prosesindəki rolu mövzusu yenidən müzakirə edilməyə başlandı. Həmsədrlərin Qarabağ münaqişəsinin həlli məsələsini sona çatdıra bilmədiklərini bilirik. 2-ci Qarabağ müharibəsindən sonra bir çoxları bunun təsirsizliyini elan etdilər, baxmayaraq ki, bunun münaqişənin həlli üçün müəyyən sənəd bazası yaratdığını inkar etmədilər. İndi də Azərbaycan sual verir- vasitəçilər bu gün sülh yaratmaq üçün nə təklif edə bilər? Sizcə, həmsədrlər indi hansısa konkret tapşırıqları həll edə biləcəklər, yoxsa mümkün deyil?

- Minsk qrupunun hər şeyə qadir olub-olmadığı sualının ifadəsi çox düzgündür. Həmişə demişəm ki, bu əlaqə qrupu faydalılığını itirdi. Mövcud olduğu 30 ilə yaxındır ki, heç bir şey etməyib özünü nüfuzdan saldı. Minsk qrupu Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması şəraitində işləyə bilərmi? Rusiya münaqişənin həllində və iki dövlət arasında dinc bir həyat qurulmasında real nəticələr əldə etməyi bacaran yeganə həmsədr ölkədir. Xüsusilə bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almaq, region ölkələrinin bu istiqamətdə qarşılıqlı fəaliyyətinə dair konkret təkliflər verdi. Nə Fransa, nə də ABŞ-dan belə bir şey eşitməmişəm.

Minsk Qrupu bir növ artıq mexanizmə çevrildi ki, bu formatdan uzaqlaşaq. Yenə deyirəm: illər ərzində nəinki bir iş gördü, Qarabağ nizamlanması məsələsini də ört-basdır etdi. Qarabağ məsələsini yalnız 3 regional dövlətin - Rusiya, Azərbaycan və Ermənistanın həll edə biləcəyini dedikdə, siyasətçilərimiz cavab olaraq bunun necə olacağını soruşurdular- çünki ABŞ-ın həmsədr kimi bu qərarları tanımadığını, Fransanın da tanımadığını bildirdilər. Problem həll edildi. İndi prosesin Minsk Qrupunun həmsədrlərinə verilməsi yalnız regional olmayan, həmişə eyni məsafədə olmayan və yolu azdırmaq istəyənləri məmnun edə bilər ...

Məsələn, Ukrayna. Bununla razılaşdıq. Minsk formatı var. Ancaq Minsk razılaşmalarını pozmaq istəyən deyir: yox, yox, yox, gəlin Amerikanı da buraya daxil edək. Əvvəllər Amerika və Fransa Qarabağ məsələsində iştirak edirdilər. Nə olsun? Keçən il münaqişənin həllinə dair bir sənəd əldə etdikdən sonra Qərb narazılığını bildirdi. Rusiya, Azərbaycan və Ermənistan liderləri problemin həllində razılığa gəldilər, bu həll prosesini Minsk Qrupuna verməyə deyil, onlar özləri bu prosesi idarə edə bilirlər. Yenidən Minsk Qrupunu prosesə sürükləməyə çalışsaq, qorxuram ki, mənfi tərəfə dəyişiklik etməkdən başqa bir şey etməyəcəyik. Ziddiyyətlər üzərində oynamağa başlayacaqlar, bu və ya digər qeydlərlə birlikdə tamamilə qeyri-real olan bəzi təklifləri oynamağa başlayacaqlar və bu, vəziyyəti, təxminən 30 ildir olduğu kimi dalana dirəyəcəklər.

- Azərbaycanın mövqeyi budur ki, münaqişə bitdi və əslində, Minsk qrupu qərar verməlidir (bəlkə də, azərbaycanlılar və ermənilər arasında yaxınlaşma təklifi istisna olmaqla) ... Ermənistan, əksinə, deyir ki, münaqişə hələ həll edilməyib və bütün məsələləri Minsk formatı çərçivəsində həll edək ...

- Minsk təmas qrupu, zərərdən başqa heç bir şey etməyəcək. Həqiqət budur ki, həmsədr olaraq Amerika və müttəfiqi Fransa bu nizamlanmaya Rusiyadan tamamilə fərqli baxırlar. Nə ABŞ, nə də Fransa Rusiyanın sərhədlərindəki münaqişəni həll etməkdə kömək etməkdə maraqlı deyil. Obyektiv olaraq niyə bizə kömək etməlidirlər, xüsusən də, Rusiya ilə düşmənçiliyin necə artdığını gördük. Niyə Rusiyaya kömək etsinlər, Azərbaycana niyə kömək etsinlər ... Bu mövqeyi vaxtaşırı AŞPA-da, Avropa İttifaqında görürəm ... Hər hansı bir dinləmədə - Rusiya haqqında, eləcə də - Türkiyə və Azərbaycan haqqında.

Kömək etmək istəmirlər. Sadalanan ölkələrdə bir növ “problem” görmələri, bütün bunları “demokratik hüquqların pozulması” adı altında müzakirə etmələri daha yaxşıdır ... Seçki üçün Azərbaycana necə getdiyimi xatırlayıram. Hər şey yaxşı getdi. Ancaq sonra ATƏT missiyası qəfildən yazır ki, yox, seçkilər qeyri-demokratik keçib. Avropa İttifaqının təmsilçilərindən olan yoldaşlarımdan soruşuram: "Bunu niyə yazırsan?" Axı dünən mənə heç bir qanun pozuntusu olmadığını, hər şeyin yaxşı olduğunu söylədiniz. ... Görürsünüzmü, geosiyasi müstəvidə ATƏT, AŞPA kimi təşkilatlar, bu cür təmas qrupları çərçivəsində hər şeyin relsdən çıxması ilə nəticələnir. .

Məsələni həll edə bilən həqiqi bir qrup gördük - bunlar 3 ölkənin lideridir, bunlar ölkələrin baş nazir müavinləridir. Problemi həll etməyə davam etməlidirlər. Vladimir Putinin həm Azərbaycanda, həm də Ermənistanda nüfuzu var. Sülh prosesinə xələl gətirmək istəmiriksə, başqa heç kim buraya qarışa bilməz. Çünki özlərini həmsədr adlandıran bu ölkələrin çox fərqli maraqları var. Bölgə daxil olmaqla.

- Bu yaxınlarda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Rusiyanın Qarabağ münaqişəsini həll etmək üçün deyil, qoruyub saxlamağa çalışdığını söylədi. Qərbin Rusiyanın vasitəçiliyi ilə keçən ilin noyabrında Qarabağla bağlı üçtərəfli bir bəyanat əldə etməsi ilə əlaqədar Rusiyaya qarşı iddialarını necə ifadə etdiyini yaxşı xatırlayırıq ...

- Gözlərindən toz tökmək istəyirlər. 30 ilə yaxındır hamını yaxınlaşdırmağa çalışdıq. Qarışıq və çaşqın idilər və indi hər şeyə qərar verildikdən sonra yenidən hər şeyi qarışdırmağa, problemin həllinə kömək edən tərəfə böhtan atmağa başladılar - deyirlər, Rusiya hamını aldadıb. Necə deyərlər- oğrunun papağı yanır. Rusiya heç nə etməli deyil, bunlar isə necəsə kimisə itələyib hərbi bazalarını hər yerdə yaratmalıdırlar? Buna görə də elə deyirlər, çünki Dövlət Departamenti bunu özü üçün arzulayır. Dünyada bir neçə yüz hərbi bazaları var. Problemlərini belə həll etməyə o qədər öyrəşiblər. Artıq Rusiyanın xarici ərazilərdə hərbi bazalara ehtiyacı yoxdur. Bəli, həqiqətən. Bu səbəbdən onları həll proseslərinə sürükləmək olmaz. BIz üçlükdə razılaşdıq - üçümüz də bu fincanı axıra qədər içməliyik. Bəzən çox xoş olmasa da.

Münaqişə bitdi və indi imzalanan bütün müqavilələrin bütün regionun sakinləri üçün böyük bir üstünlük olduğunu başa düşməliyik. Bu, Qarabağda yaşayanlar və yaşayacaqlar üçün bir üstünlük olacaq, Ermənistan üçün bu bir divident olacaq, çünki onilliklər boyu mühasirədə qalmışdı - Türkiyə ilə, Azərbaycanla sərhədləri qapalı idi, tranzit dəhlizlərindən qopmuşdu. Yəni vəziyyətin, ilk növbədə, mülki şəxslər üçün dəyişdiyini və yalnız müsbət istiqamətdə dəyişdiyini göstərmək lazımdır. İnfrastruktur qurmalı, ölkələri nəqliyyat dəhlizləri ilə əlaqələndirməli və həyatı daha da yaxşılaşdırmalıyıq. Ancaq bəzi insanlar istəmir. Və prosesə müdaxilə edirlər, təxribat xarakterli bəyanatlarla onu pozmağa çalışırlar. Regionda yaşayan insanlara bir il, iki, üç il əvvəl pis yaşadığımızı, maaşımızın az olduğunu, ora gedə bilmədiyimizi, mal gətirə bilmədiyimizi, bunun onlar üçün sərfəli olmadığını, amma indi bunu edə biləcəyimizi, özümüzü təmin edəcəyimizi, işimizin olacağını, mallarımızı qonşu ölkələrə sata biləcəyimizi deməliyik. Bunun nəyi pisdir? Bütün insanlar deyəcəklər: bu, əladır, yaxşıdır. Ancaq bəzi insanlar bunu istəmir, fərqli bir status qorumaq istəyirlər.

- Xülasə etsək, məntiq budur ki, əvvəlcə iki üçtərəfli bəyanatda qeyd olunan bütün məsələlər həll olunur, ermənilərlə azərbaycanlılar arasında məişət səviyyəsindəki münasibətlər bərpa olunur, Rusiya hansısa müddətdən sonra bu gün həll olunmayan digər məsələlərin də həllinə kömək edir.

- Problemlər çətinlik dərəcəsinə görə tədricən həll ediləcəkdir. Və ən kəskini, düşünürəm ki, bu gün göründüyü kimi iqtisadi, nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması məsələləridir. İqtisadi məsələləri bütün tərəflər üçün fayda ilə həll edəcəyik və buna davam edəcəyik. Razılaşdıq - bu müqavilələrə uyğun hərəkət etməliyik. İlham Əliyev, ona haqqını verməliyik, həmişə tamamilə ləyaqətli bir insan olub, əgər bir şeylə razılaşıbsa, bu razılaşmalara mütləq əməl edir. Heç vaxt özündən qabağa getmir, heç vaxt geriyə baxmır və məsələləri konstruktiv həll edir. Ona görə də ona qarşı hər yerdə belə bir münasibət var. Görürəm ki, Putinin də ona qarşı belə bir münasibəti var.

- Ancaq obyektiv olaraq nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması həqiqətən hər kəs üçün faydalıdır, kim nə desə də...

- Əlbəttə ki, hər kəs üçün faydalıdır. Əliyev bu barədə tamamilə haqlı idi. Cənubi Qafqazda sülhün bərqərar olmasından faydalanmayan hər kəs "səhv bir şey" tapmağa çalışır. İndi bəziləri (əvvəllər vaxtları olmadıqları üçün) Qarabağın statusu məsələsini nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə əlaqələndirməyə çalışırlar, deyirlər: yox, status məsələsini həll etməyincə onu açmayacağıq. Bu tamamilə axmaqlıq və cəfəngiyyatdır. Qarabağ məsələsi bu qədər sərt şəkildə ona görə həll edilmədi ki, onu sonra dalana dirəyəsən. Niyə məsələni tamamilə həll olunmayan bir kanala sövq etməliyik. Ancaq təəssüf ki, bəzi beynəlxalq tərəflər bu cür ritorikanı təşviq edirlər.

Müsahibə aldı – Nana Xoştariya

Tərcümə etdi - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə