"Sonrakı prosedurları rəsmi Bakı ilə razılaşdırmalıdır" DEPUTAT RƏY VERDİ

"Rusiya sülhməramlı qüvvələrinin 9 mayda Xankəndində separatçıların silahlı birləşmələri ilə birgə paradının keçiriləcəyi barədə yayılan məlumatlar rəsmən təsdiqini taparsa bu Rusiyanın "sülh məramını" sual altına qoymaqla bərabər, həm də Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmış olar". Bunu SİA-ya millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Bilirsiniz ki, ortada 10 noyabr bəyanatı var, bu bəyanat üzrə beynəlxlalq qarantor Rusiyadır. Bəyanatın 4-cü maddəsində açıq mətnlə yazılıb ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir." İndi əgər bu gün bölgədə həm sülhməramlılar, həm də separatçıların hərbi dəstələri eyni zamanda mövcuddursa bu hər şeydən öncə Rusiyanın özünün imzasına hörmətsizlikdir. İkincisi, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisi olan Qarabağda, rusiya hərbçilərinin olması Rusiyanın müstəqil hərəkət edərək Azərbaycanın mübahisəsiz olaraq əzəli şəhəri olan Xankəndində parad keçirmək qərarı ala biləcəyi bazası olması demək deyil, rus əsgəri bölgədə konkret missiya ilə, konkret müddət üçün müvəqqəti mövcuddur, bu mənada missiyadan kənar istənilən niyyət Rusiyanın beynəlxlaq subyekt kimi imicini yerlə bir edər, rusların dünyanın digər bölgələrindəki missiyalarının mövqeyini heçə edərərək etibarsızlaşdırar. Habelə, əgər bu xəbərlər təsdiqlənərsə ABŞ və Avropa ilə, həmçinin beynəlxalq təsisatlarla münasibətlərinin gərginləşdiyi, təzyiqlərin artdığı, Ukrayna ilə müharibənin astanasında və daxildə siyasi proseslərin nəzarətdən çıxmaq təhlükəsi olduğu bir dönəmdə rəsmi Moskvanın Azərbaycan kimi balansı qoruyan etibarlı bir tərəfdaşını itirməsi Rusiyanın ümumilikdə cənubi Qafqazdakı varlığına son qoya bilər.

Rusiyanın 9 may həssaslığı rəsmi Moskvanın özünü SSRİ-nin əsas varisi hesab etməsi fonunda başa düşüləndir. Lakin, unutmamalıyıq ki, 9 may yalnız Rusiyanın yox, bütövlükdə keçmiş SSRİ-yə daxil olan dövlətlərin, o cümlədən bizim faşizm üzərində ortaq qələbəmizdir. Rus əsgəri Azərbaycan ərazisində bu bayramı təntənəli qeyd etmək istəyirsə, öncə Azərbaycan dövlətinə rəsmi icazə üçün müraciət edilməli, müsbət cavab alınarsa, sonrakı prosedurları rəsmi Bakı ilə razılaşdırmalıdır.

Bu mənada, nəinki birgə parad, rus əsgərinin separatçılarla istənilən birgə addımı yolverilməzdir, sülhməramlıların fəaliyyəti üçün müəyyən olunmuş məqsədlərə zidd olmaqla, təxribat kimi qiymətləndirilməlidir. Əgər bu təxribat reallaşarsa rus dövlətinin nüfuzuna və Ali Baş Komandan kimi Vladimir Putinin özünün imzasına hörmətsizlik olduğu üçün sülhməramlı missiya rəhbərliyi Rusiyanın özünün hərbi məhkəmələri tərəfindən mühakimə olunmalıdır. Lakin açığı, rəsmi Moskva hazırda "İskəndər-M" qalmaqalı bitməmiş, bölgədə öz nüfuzuna ikinci zərbəni vuracağı ağlabatan görünmür"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə