“Putin Çexiya rəhbərliyi ilə danışıq planlaşdırmır” Dmitri Peskov

Rusiya dövlət başçısı Vladimir Putin Çexiya rəhbərliyi ilə danışıq planlaşdırmır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kremlin sözçüsü "Xeyr, belə bir plan yoxdur", deyib.

Xatırladaq ki, 17 apreldə Çexiya Xarici İşlər Nazirliyinin başçısı Yan Hamacek, dövlət orqanlarının 18 rus diplomatı öz ərazilərindən çıxarmağa qərar verdiyini söyləyib. Daha sonra, ölkənin baş naziri Andrey Babis, 2014-cü ildə Vrbetisadaki bir sursat anbarındakı partlayışda iştirak etdiyi iddia edilən Rusiya xüsusi xidmət orqanlarına qarşı bir ittiham irəli sürüb. Baş nazir heç bir dəlil gətirməyib.

Nəzərə çatdıraq ki, Çexiya hökumətinin 18 apreldəki hərəkətlərinə cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Çexiya səfirliyinin 20 işçisini “persona non grata” elan edib. Onlara Rusiya Federasiyasının ərazisini tərk etmək üçün 24 saat vaxt verilib.

Onu da diqqətə çatdıraq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, öz növbəsində, yeddi il ərzində Çexiya səlahiyyətlilərinin anbarlardakı partlayışlarla əlaqədar vəziyyəti anlaya bilmədiklərini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə