"Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Ordumuzun qüdrətinin şahidi olacaq" MƏQALƏ

Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

Azərbaycanın Vətən müharibəsində yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı. Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı.

Hərbi Qənimətlər Parkı da İkinci Qarabağ müharibəsində ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini özündə əks etdirir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən simvollardan biridir. Azərbaycan Ordusunun gücünü əks etdirən bu nadir park gələcək nəsillər üçün dəyərli məkana çevriləcək.  Bu parkın açılması Vətən müharibəsində rəşadətli Ordumuzun qarşısında Ermənistan ordusunun acizliyini ifadə edir. Azərbaycan Ordusunun gücünü və potensialını hər mənada özündə əks etdirən Hərbi Qənimətlər Parkı revanşistlər üçün də bir ibrət dərsidir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...