"Şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir" MƏQALƏ

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu iş davam etdirilməkdədir. Şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.

“YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.Vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı isə 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı daha da artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər.

Hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş

15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur. Qazi və şəhid ailələrinə qayğının göstərilməsi üçün bütün potensiallar səfərbər olunur. Bir sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...