“Ermənistanda ifadə, dinc toplaşmaq azadlığı məhdudlaşıb” Amnesty International

“Ermənistanda ifadə, dinc toplaşmaq azadlığı məhdudlaşıb” Amnesty International

Beynəlxalq qeyri-hökumət təşkilatı olan Amnesty International, 2020-2021 hesabatını çərşənbə günü açıqlayıb. SİA xəbər verir ki, hesabatda ayrı bir fəsil Ermənistana həsr edilmişdir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı da məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanla hərbi konfliktdən sonra və hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Ermənistan vətəndaşları çaşqınlıq içərisindədir və insanların hakimiyyət əleyhinə etirazlar etməsi istəyi fonunda ölkədə ifadə azadlığı, toplaşmaq imkanları məhdudlaşdırılıb. Bildirilir ki, Ermənistanın məğlubiyyəti ölkədə siyasi qarışıqlığa səbəb olub, baş nazirin istefası çağırışları edilir və bu da ölkəni siyasi böhrana sürükləyib. Həmçinin nəzərə çatdırılır ki, 12 müxalifət nümayəndəsi, baş nazir iqamətgahının dağıldığı və qəzəbli kütlə tərəfindən ağır döyülmədən sonra parlamentin sədrinin xəstəxanaya qaldırıldığı iğtişaşlarda iştirak etdiklərinə görə həbs edilib.

Sözügedən hesabatda vurğulanır ki, vəd edilmiş məhkəmə və korrupsiyaya qarşı mübarizə islahatları qismən parçalanmış təbiətləri və institusional dəyişikliklər gətirməməsi səbəbindən ləngiyib. İslahatların həm də iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərən münaqişə və pandemiyadan təsirləndiyi də diqqətə çatdırılır.

Xəstəxanaların və səhiyyə sektorunun sıxıldığı qeyd olunur hesabatda. Pandemiya və döyüşlər zamanı artan xəstələrin tibbi yardımının öhdəsindən gəlmək üçün mübarizə aparılmadığı, dövlət işini itirənlərə və azyaşlı uşaqları olan ailələrə məhdud maddi yardım göstərildiyi də hesabatda öz əksini tapır.

Təsdiqlənmiş məlumatlara görə, Ermənistan beynəlxalq humanitar qanunlar tərəfindən qadağan edilmiş silahlardan istifadə edib. Bildirilir ki, 28 oktyabr tarixində Azərbaycan hökumətinin nəzarətində olan əraziyə, Bərdə şəhərinə qadağan olunmuş silahlardan, mülki, dinc əhaliyə qarşı istifadə edilib və insanların ölümünə, yaralanmasına, mülklərinin dağıdılmasına səbəb olub.

Hesabatda Ermənistanda ifadə azadlığı və dinc toplaşmaq hüquqlarının məhdudlaşdırıldığı xüsusilə vurğulanır. Fövqəladə vəziyyətin, əvvəlcə COVID19 pandemiyası səbəbindən mart-sentyabr ayları arasında, daha sonra hərbi vəziyyətlə əlaqədar ilin sonuna qədər davam etdirildiyi qeyd olunur. Fövqəladə vəziyyətin bir hissəsi olaraq, digərləri arasında, 20-dən çox insanın kütləvi toplantısına və pandemiya ilə bağlı "qeyri-rəsmi məlumat" dərc edilməsinə rəsmi bir qadağa da var ölkədə, hansıki, bu da hesabatda yer alır. Aprel ayında yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidləri, media məhdudiyyətləri barədə də qeyd olunur.

Qeyd olunur ki, hərbi vəziyyət ifadə və sərbəst toplaşmaq azadlığına yeni məhdudiyyətlər gətirib. Parlament 9 oktyabr tarixində münaqişə və milli təhlükəsizlik məsələləri ilə bağlı "qeyri-rəsmi məlumatların" yayılmasını qadağan edən bir qanun layihəsini, habelə hərbi əməliyyatlara və hökumət rəsmilərinin açıqlamalarına dair hər hansı bir ictimai tənqidi məhdudlaşdıran qaydaları təsdiqləyib. Ermənistanda baş nazirin istefasını tələb edən hökumət əleyhinə nümayişlərin qadağan edilməsi üçün atəşkəsin ardından noyabr ayında dinc toplaşmaq azadlığına hərbi vəziyyət məhdudiyyətləri tətbiq edilib ki, bu da hesabatda diqqətdən yayınmayıb.

Hesabatda həmçinin nəzərə çatdırılır ki, Ermənistan aprel ayında hökumət "ətraf mühitə mənfi təsir göstərə biləcək" məlumatların açıqlanmaması üçün qanunvericiliyə dəyişiklik təklif edib. Ekoloji qeyri-hökumət təşkilatları, Ermənistan hökumətinin hasilat sənayesinin maraqlarını yerli əhalinin maraqlarından üstün tutaraq ətraf mühitin şəffaflığını azaltmağa çalışdığından narahat olduqlarını bildirdilər ki, beynəlxalq hesabatda buna da diqqət ayrılıb. Qeyd olunub ki, bu, Ermənistanın cənubundakı Amulsar qızıl yatağı ətrafında həll olunmamış ziddiyyətlər fonunda baş verib. Məlumdur ki, 2018-ci ildən bəri yerli sakinlər Amulsar yatağının ətraf mühitə və gəlir mənbələrinə yaratdığı təhdidlərə etiraz edirlər, amma Ermənistan hakimiyyəti bunu əngəlləyir və görünür bu faktlar da 2020-2021 hesabatında nəzərdən qaçmayıb və yüzlərlə fəalın toplandığı etiraz aksiyasına işğalçı ölkə səlahiyyətlilərinin məhəl qoymaması da hesabatda yer alır, neqativ hal olaraq vurğulanır. Amulsar mədənində, şirkət tərəfindən işə götürülən yeni bir mühafizəçinin mədənə gedən yolu bağlayan yerli sakinləri qovması, 5 avqust tarixində mədənin mühafizəçiləri ilə toqquşmalardan sonra polisin 12 nəfəri saxlaması, paytaxt İrəvanda polisin ətraf mühitin qorunmasını dəstəkləyən fəalların mitinqini eyni vaxtda dağıtması, onlarla dinc nümayişçinin saxlanması faktları da hesabatda nəzərə alınıb və bütün bunlar ifadə azadlığının, sərbəst toplaşmaq azadlığının pozulması faktı kimi qeyd edilib.

Xatırladaq ki, beynəlxalq təşkilatlar son vaxtlar Ermənistan barədə, ölkə hakimiyyətinin insan haqlarını pozması barədə iradlar bildirir, narazılıqlarını gizlətmirlər. Baxmayaraq ki, hazırki hakimiyyət Ermənistanın demokratik bir ölkə imicini yaratmaq niyyətində olublar, artıq bu istək və niyyətləri barədə düşünməyə belə yer qalmayıb. Görünür, Amnesty International da bu məqamlara göz yuma bilməyib və hazırladığı hesabatda, tam olmasa da belə Ermənistanın eyiblərini aşkar şəkildə bildirib. Nəzərə çatdıraq ki, işğalçı ölkədə söz, ifadə, fikir və toplaşmaq azadlığı beynəlxalq hesabatda qeyd olunandan daha bərbad vəziyyətdədir və ölkə vətəndaşları güclü təzyiq, hətta təhdidlərlə üz-üzədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə