“Türk dünyası üçün bütün istiqamətdə geniş imkanlar açılır” ÖZƏL-ŞƏRH

“Türk dünyası üçün bütün istiqamətdə geniş imkanlar açılır” ÖZƏL-ŞƏRH

Həmişə olduğu kimi bütün beynəlxalq platformalarda, bütün beynəlxalq tədbirlərdə Cənab Prezident daim xüsusi diqqəti Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı faktına yonəltmiş və bu barədə Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai birliyin sədri vurğulayıb ki, bu dəfə də Cənab Prezident zirvə toplantısındakı çıxışının demək olar ki, əksər hissəsini 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunmasına və ərazi bütövlüyümüzün bərpa edilməsinə həsr etmiş və eləcə də görüşün iştirakçılarını bu barədə məlumatlandırmışdır.

“Cənab Prezident Xocalı soyqırımından tutmuş Azərbaycanın digər torpaqlarının da Ermənistanın işğal etməsi faktlarına toxunmuş və BMT-nin, ATƏT-in Minsk Qrupunun bu istiqamətdə 30 ilə yaxın müddətdə, işğal dövründə apardığı siyasəti tənqid etmiş və onların burada prinsipial mövqe tutmadığını, Ermənistana təzyiq etmədiyini vurğulamışdır. Bundan sonra Cənab prezident Ermənistanın hakimiyyətində olan şəxslərin işğalçılıq siyasətinə toxunmuş, eyni zamanda Ermənistanın hal-hazırki baş naziri Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır”, deməsi və bundan sonra Azərbaycanın öz sözünü döyüş meydanında deməsindən və torpaqlarımızın azad olunmasından danışmışdır.

Cənab Prezident xüsusi olaraq qardaş Türkiyə dövlətinə minnətdarlığını bildirmiş və bildirmişdir ki, 44 günlük müharibə, Vətən Müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında olmuşdur və bütün mənəvi dəstəyini vermişdir. Eyni zamanda Türdilli Dövlətlərin Şurasının da dəstək verdiyini və ayrı-ayrılıqda müharibə dövründə bəyanatlarını nəzərə çatdırmış və iştirakçılara öz təşəkkürünü bildirmişdir.

Daha sonra Cənab Prezident erməni işğalı nəticəsində vurulmuş ziyana toxunmuş və bildirmişdir ki, Ermənistan demək olar ki, Azərbaycanın bütün maddi-mədəniyyət abidələrini, məscidlərimizi dağıtmış, bütün abidələrimizi yerlə yeksan etmiş, yaşayış məskənlərimizin demək olar ki, hamısını vəhşicəsinə dağıtmış və insanlığa yaraşmayan addımlar atmışdır. Cənab Prezident bu sahədə ermənilərin bu vəhşiliyini də zirvə görüşünün iştirakçılarının nəzərinə çatdırmışdır.

Bundan əlavə Cənab Prezident Azərbaycanın tarixi torpağı olan Zəngəzur ərazisinə toxunmuş və bildirmişdir ki, dəfələrlə çıxışında da dediyi kimi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi, birləşdirilməsi Türk dünyasını parçalamağa xidmət etmişdir. Bu gün də əgər xəritəyə baxsaq, biz bunun canlı şahidi olarıq. Amma, buna baxmayaraq artıq müharibə nəticəsində, yəni, Ermənistanın kapitulyasiya aktına imza atmasından irəli gələn tələblərdən də biri komunikasiyanın açılmasıdır. Cənab Prezident də vurğulamışdır ki, bu yolun açılışından sonra Türk dünyası üçün, həm iqtisadi, həm də digər istiqamətdə geniş imkanlar açılır, çünki bu böyük bir coğrafi ərazidir və bu ərazidə bu yolların açılmasından sonra türkdilli dövlətlər arasında çox güclü iqtisadi əlaqələr yaranacaq, yeni nəqliyyat dəhlizi yaradılacaq. Cənab prezident vurğulamışdır ki, bu işlərə artıq start verilmişdir və ölkə başçısı sanki bir çağırış etdi türkdilli dövlətlərə ki, onlar da bu prosesdə fəallıq göstərsinlər. Çünki, bu nəqliyyat dəhlizi çox böyük imkanlar yaradacaqdır ki, bu zaman tək türkdilli dövlətlər deyil, eyni zamanda qonşu digər dövlətlər də bu imkanlardan yararlana biləcəklər.

Əslində, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməsi ilə həm öz torpaqlarını azad etmişdir, həm də regiona stabillik gətirmişdir. Regiondakı stabilliyin arxasınca isə, təbii ki, inkişaf dövrü gəlir və bu inkişaf dövründə də təbii ki, nəqliyyat-komunikasiya xətlərinin açılması çox böyük rol oynayır və bu rolun oynamasında da bizim tarixi Zəngəzur torpaqlarından keçən hissəsində həmin bu dəhlizin yaradılması regiona imkan verir ki, çox böyük iqtisadi əlaqələrin qurulmasına imkan yaranmış olsun.

Bundan əlavə Cənab Prezident vurğulamışdır ki, yerli və xarici jurnalistlər də işğal altında uzun zaman qalan və işğaldan azad olunan torpaqlarımızda olublar, onlar da dağıntıları öz gözləri ilə görüblər. Ölkə başçısı həmin ərazilərimizdə yerləşən məscidlərimizdə ermənilərin ev heyvanları, xüsusən donuz saxlaması faktı barədə də məlumat verib. Ardınca isə ölkə rəhbəri onu da diqqətə çatdırıb ki, hazırda bərpa işləri görülür və dövlətimizin başçısı digər dost, qardaş ölkələri də bu bərpa işlərində bizimlə bərabər iştirak etməyə çağırıb.

Daha sonra minalanma məsələsinə toxunan Cənab Prezident qeyd edib ki, Ermənistan tərəfinin işğal etdiyi, artıq işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin hərbi cinayətlərindən biri də odur ki, onlar hətta hərbi əməliyyatların getmədiyi ərazilərə, yerlərə belə minalar basdırıblar və indi xəritələri də vermirlər. Cənab Prezident vurğulayıb ki, bu özü də hərbi cinayətdir”, deyə Anar Xəlilov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə