Dövlət Departamentinin hesabatında Ermənistanın antisemit siyasəti - ŞƏRH ÖZƏL

Dövlət Departamentinin hesabatında Ermənistanın antisemit siyasəti - ŞƏRH ÖZƏL

“İllərlə erməni nəşrlərində və diaspor təşkilatlarında anti-semitizm və sərt tənqid getdikcə daha davamlı xarakter alır, İsrailə və yəhudilərə şər-böhtan atılır, onlar təhqir edilir və daha kəskin hal alaraq iblisləşdirilir. Ümumiyyətlə, Ermənistan anti-humanizm siyasətini öz siyasətində prioritet tutan, monoetnik bir ölkədir. Bu dövlət faşizm, şovinizm, antisemitizm meyillərini, siyasətini təbliğ edir. Bu meyillərin güclənməsi Sarkisyan rejiminin dövlət siyasətinin prioritet tərkib hissəsinə çevrilmişdisə, sonrakı məqamlarda da yüksələn xətt üzrə davam etdirilir. Azərbaycan multi-etnik və multi-kultural dəyərlərə söykənən siyasət yürütdüyü halda, Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi irsi kəskin şəkildə azalıb. Vəziyyət daha gərgin hal alaraq 2020-ci ilin sentyabrın 27-dən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur. Bu gün bu fakt ABŞ Dövlət Departamenti tərəfindən də təsdiq olunur. Belə ki, ABŞ Dövlət Departamenti 2020-ci ildə Ermənistanda insan hüquqları barədə ölkələr üzrə hesabat yayıb və burada qeyd olunur ki, Ermənistanda yəhudi əhalinin sayı 500-1000 nəfər arasındadır, sosial şəbəkələrdə bəzi antisemit xarakterli paylaşımlar, fikirlər yer alsa da, həmçinin, ictimai nəqliyyatda yəhudi icmasının üzvlərinə qarşı antisemit ifadələr səsləndirilsə də Ermənistan hökumət bu cür fikirləri və əməlləri pisləməyib”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü haqq işində erməni yalanlarını beynəlxalq birliyin gözü önündə ifşa etməyə nail olduq və nəticə etibarilə Ermənistanı hərtərəfli diz çökdürdük: “Vətən müharibəsinin gedişində apardığımız hərtərəfli siyasətin özü də haqsız durumda olan, özgə torpağını zəbt edən işğalçı Ermənistanda qıcıq doğurdu. Bu səbəbdən də Vətən müharibəsi zamanı Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfirini geri çağırmışdı və bildirmişdi ki, İsrailin Azərbaycana ultra-modern silah tədarük etməsi Ermənistan üçün qəbuledilməzdir. İsrail beynəlxalq hüququ əsas götürərək Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona dəstək verir. İsrailin Azərbaycana tam dəstəyi Ermənistanı hər zaman qıcıqlandırır”.

Politoloq əlavə edib ki, Ermənistanda yaşanan dərin iqtisadi tənəzzül və bu ölkənin yəhudilərə qarşı apardığı amansız siyasət yəhudiləri bu ölkədən çıxıb getməyə məcbur edib: “Bu azmış kimi Ermənistanda yəhudilərə qarşı hər zaman “mədəni zorakılıq” tətbiq olunub. Belə ki, antisemitizm məzmunlu kitablar nəşr edilir, televiziyada bu ruhda verilişlər yayımlanır. İrəvanda Holokost qurbanlarının memorial lövhəsi dəfələrlə təhqir edilib. Beləliklə də, antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin, Ermənistan KİV nümayəndələrinin baxışlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan yəhudilər heç zaman özgələşdirilməyib”.

Ş.Həsənova vurğulayıb ki, bütün bu neqativ meyillər fonunda İsrail ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Bu iki ölkə arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmlənir. Nə qədər ki, Ermənistan faşizmi, şovinizmi, anti-semitizmi dövlət siyasəti həddinə çatdırır o zaman nə İsrailin, nə də dünya birliyinin etibarlı tərəfdaşı ola bilməz”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə