Patruşev Baydenin müşavirinin dediklərini şərh edib Rusiya ilə münasibətlər barədə

Patruşev Baydenin müşavirinin dediklərini şərh edib Rusiya ilə münasibətlər barədə

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev hesab edir ki, ABŞ-ın Rusiya ilə münasibətlərdə "çətin günlər" yaradacağı təqdirdə, onlar buna görə cavab verməli olacaqlar. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Patruşev çərşənbə günü jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın sözlərini şərh edərkən deyib.
"Bir halda ki, onlar proqnozlaşdırırlar, deməli, planlaşdırırlar. Əgər planlaşdırırlarsa, deməli, onu həyata da keçirə bilərlər. Ancaq o zaman edə biləcəkləri hərəkətlərə görə cavabdeh olacaqlar", deyə Patruşev açıqlamasında bəyan edib.
Patruşev xatırladıb ki, bu, ABŞ rəsmilərinin bununla bağlı ilk açıqlaması deyil.
Xatırladaq ki, bu yaxınlarda Sallivan öz müsahibəsində "Rusiya ilə ABŞ arasındakı münasibətlərdə çətin anlar gözlənildiyini söyləyib. Qeyd edib ki, mövqelərində bir-birindən çox fərqli olan bir sıra məsələlər var. Eyni zamanda o, fikir ayrılığına baxmayaraq, dövlətlərin nüvə məsələləri də daxil olmaqla ikitərəfli gündəliyin əsas məsələlərində Rusiya ilə işləyə biləcəyini də qeyd edib.
Onu da diqqətə çatdıraq ki, Federasiya Şurasının beynəlxalq komitə rəhbərinin birinci müavini Vladimir Cabarov bu açıqlamanı şərh edərək, RİA Novosti-yə bildirib ki, Vaşinqton, beləcə Co Baydenin sərt açıqlamalarından sonra neqativləri yumşaltmağa çalışır. Rusiya-Amerika münasibətlərindəki başqa bir gərginlik, ABŞ prezidenti ilə son görüşmədən sonra başlayıb. Bayden rusiyalı həmkarı Vladimir Putini "qatil" hesab edib-etmədiyi soruşulduqda o, təsdiq cavabı verib.
Xatırladaq ki, Bayden, Putinin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün "cavabdeh olacağını" da qeyd edib. Rusiya Federasiyası Prezidentinin danışıq təklifinə cavab olaraq Ağ Ev, Bayden və Putinin artıq danışdıqlarını və ABŞ-ın Rusiya rəhbərliyi ilə təmasda olduğunu söyləyib. Putin isə, Baydenin açıqlamasını şərh edərək, ona can sağlığı diləyib və "Kim qarşısındakını necə çağırarsa, o özü belə adlandırılır", zərb məsəlini xatırladıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə