Şuşada olan tarixi abidələrimizə qarşı erməni vandallığı

Şuşada olan tarixi abidələrimizə qarşı erməni vandallığı

Prezident İlham Əliyev: "Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər"

30 ilə yaxın erməni işğalçıları tərəfindən işğal olunan qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri yaşayış yerlərini, insan məskənlərini, eləcə də milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağında idi. Ermənilərin vandal əməlləri "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.

"MƏN DEYƏNDƏ Kİ, SANKİ VƏHŞİ QƏBİLƏ KEÇİB BURADAN, BAX, BU MƏNZƏRƏNİ NƏZƏRDƏ TUTURAM"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olarkən dövlət başçısının bildirdiyi kimi, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir: "Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam".

Bütün məscidlərimiz erməni vəhşiliyinin nəticəsidir ki, dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi erməni terrorunun qurbanına çevrilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Bundan başqa, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri fəaliyyət göstərirdi. Bütün bu muzeylər 1992-ci ilin mayında Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılaraq, yerlə-yeksan edilmiş, onların eksponatları qarət edilərək, aparılmışdır. Yalnız Xalça Muzeyində saxlanılan və 300-dən artıq əl işi olan xalçaların 145-ni xilas etmək mümkün olmuşdur.

"ERMƏNİLƏR BÜSTÜ SÖKÜB DÜKAN TİKİBLƏR"

Şuşa mağarası, Şuşanın qala divarları, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi də ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Dövlət başçısı arxivdən tapdığı şəkillərə diqqəti yönəldərək 1982-ci ilin yay ayında burada keçirilən tədbiri diqqətə çəkib: "Məqbərənin önündə Ulu Öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı". Cənab Prezident Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkili arxivdən tapdığını bildirib. Cıdır düzündə, Natəvan bulağının önündə çəkilən tarixi şəkillərə diqqəti yönəldib: "Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik".

"VAQİFİN MƏQBƏRƏSİNDƏ TEZLİKLƏ BƏRPA İŞLƏRİ BAŞLANACAQ"

Xatırlatmaq yerinə düşər ki, Qarabağ xanlığının vəziri vəzifəsində çalışan Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilmişdi. Bununla yanaşı o, Şuşada bir çox obyektlərin tikintisində iştirak edib. Belə ki, o, Şuşada Xan sarayının, Şuşa divarlarının və s. tikintisinə rəhbərlik edib. Vaqif mühəndislik elmini yaxşı bildiyinə görə, Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona tapşırılıb. Şuşanın inkişafına öz töhfəsini verən bir insanın məqbərəsi erməni vandallarının hədəfinə çevrilib. Cənab Prezident "Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq" deyərək bildirib ki, məqbərənin əvvəlki görkəmi bərpa ediləcək: "Bu gün bərpa işlərinə start veriləcək". Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcəkdir. "Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə", deyə Cənab Prezident bildirib. Artıq işğaldan azad olunan məkanlarda məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib və ilkin araşdırmalar aparılır. Ermənilər Şuşada 30 il ərizində bütün tarixi abidələrimizə qarşı dağıdıcı mövqedə olublar. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olan tarixi sarayı da dağıdıblar. "Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər".

Erməni vandalları XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini, Şuşa şəhərinin rəsm qalereyasını da dağıtmışdılar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan tarixi-dini abidələrimiz bərpa olunacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə