Tezliklə Qarabağ dirçəldilərək dünyanın ən görməli yerlərindən biri olacaq - ŞƏRH ÖZƏL

Tezliklə Qarabağ dirçəldilərək dünyanın ən görməli yerlərindən biri olacaq - ŞƏRH ÖZƏL

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd, martın 16-da isə Şuşa şəhərində olublar. Tez-tez baş tutan səfərlər göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad edilmiş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündə olan yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Hal-hazırda bir neçə layihə icra olunur. Bunlardan ən əsası yol infrastrukturunun qurulmasıdır. Füzuli-Hadrut avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyətə malikdir. Hazırda Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Bununla yanaşı, Bərdə-Ağdam yolunun çəkilişi də yaxın gələcəkdə icra ediləcəkdir. Bundan əlavə, Horadizdən Zəngilana qədər yol çəkiləcək. Səfər çərçivəsində, eyni zamanda, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Siyasi şərhçinin sözlərinə görə, müharibənin bitməsinə baxmayaraq düşmənin xisləti hər keçən gün daha da aydın olur: "Əgər Ermənistanın iddia etdiyi kimi torpaq özünün olsa idi bu illər ərzində bir daş üstünə daş qoyardı. Əksinə, yaşayış məntəqələrini yerlə-yeksan ediblər, bizim tarixi irsimizi silmək istiqamətində var gücləri ilə çalışıblar. Anti-humanist əməlləri o qədər sərhəd tanımayıb ki, otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Azərbaycan dövləti bütün mədəni irsimizin bərpası istiqamətində artıq işlərə start verib. Belə ki, Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanılaraq, məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. Eyni zamanda, məscidlərin bərpası ilə bağlı da ilkin araşdırmalar başlanılıb. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə hər dəfə daş üstünə daş qoyularkən hər zaman öz nitqində «Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil» deyən həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhu şad olacaq. O ruhları öz yüksək humanist əməlləri ilə şad edən Azərbaycan xalqının qeyrətli, mübariz oğlu cənab Prezidentimiz İlham Əliyevdir. Səfər çərçivəsində Şuşa sanatoriyasına da baxış keçirən cənab Prezident bildirdi ki, Şuşaya çox böyük turist axınının olacağını nəzərə alaraq orada “beş”, “dörd” və “üç” ulduzlu otellər tikiləcək. Yəni, turizm sənayesinin inkişafı ən başlıca hədəflərdən biri kimi müəyyənləşdirilib".

Politoloq bildirib ki, bəli, yaranan reallıq və mövcud mənzərə göstərir ki, düşmən dağıdıcı, biz isə qurucu xislətə malikik: "Ümumiyyətlə, mənəvi kodeksə nəzər yetirdiyimiz zaman görürük ki, Azərbaycanlıların mənəvi kodeksi ilə düşmən arasında nə qədər böyük fərq var. Belə ki, nə tarix boyu, nə Vətən müharibəsində Azərbaycan əsgəri heç bir zaman mülki erməni əhalisinə atəş açmadı. Nəinki 1991-2021-ci illər üzrə 30 illik dövrü təhlil etdiyimiz zaman, bundan əvvəlki illərdə də Ermənistanın beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etməyərək terroru dövlət siyasəti həddinə çatdırdığının tarix boyu şahidi olmuşuq. Bu mənfur qonşu elə tarix boyu da Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməklə kifayətlənməyib, bu yolda mülki obyektlərimizi və vətəndaşlarımızı da daim hədəfə alıb. Belə ki, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində, 1993-cü ildə Başlıbeldə əhalimizi kompakt şəkildə məhv etmək niyyəti ilə silsilə kütləvi qırğın aktları törədiblər. Bu qətliamlardan biri və ən amansızı da 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş Ballıqaya qətliamıdır. İnsanlıq və humanizm prinsiplərini ən kobud, qəddar şəkildə tapdalayaraq öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Bu azmış kimi Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə isə, öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub".

Ş.Həsənova vurğulayıb ki, vətən müharibəsi dövründə də Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrimizi məqsədli şəkildə atəşə tuturdu, Azərbaycan isə heç bir halda mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almır, döyüşü yalnız döyüş meydanında aparırdı: "Vətən müharibəsi dövründə də eyni xislətdən çıxış edən mənfur qonşu Gəncədə, Bərdədə, Tərtərdə dinc əhalini gecə yatdığı yerdə qırdı. Bunun əksinə isə, Azərbaycan dövləti və əsgəri humanist addımları atdı. Belə ki, soyuq hava şəraitini nəzər alaraq ermənilərin Kəlbəcəri boşaltması üçün onlara vaxt verdik. Humanitar tədbirlərdən daha ətraflı bəhs etsək, Azərbaycanın hər zaman sərgilədiyi konstruktiv yanaşma məlumdur. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, hələ müharibə dövründə Azərbaycan birtərəfli qaydada cəsədləri Ermənistan tərəfinə təhvil verdi. Hətta 2020-ci ilin oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verildi. Müharibə dövründə Baş prokuror bildirdi ki, Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir. Bundan əlavə, Ermənistanın bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərdiyi də üzə çıxırdı. Hətta müharibə zamanı elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. İndi də minalanmış ərazilərin xəritəsini verməməklə terror siyasətini davam etdirir. Bununla da özünü, xalqını aldadır, düşünürsə ki, xalqımızın mübarizə əzmini qıra, ya da dövlətimizin dədə-baba torpaqlarımızda başlatdığı quruculuq işlərinə mane ola bilər o zaman yanılır. Tezliklə Şuşa, Qarabağ cənab Prezidentin rəhbərliyi altında dirçəldilərək dünyanın ən səfalı, gəzməli və görməli yerlərindən biri kimi həm xalqımızın, həm də turistlərin istifadəsinə veriləcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə