Ramiz Şabanov: “Qalib Sərkərdənin azad olunmuş torpaqlara hər səfəri dünyaya mesajdır”
"Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi Ali Baş Komandanımızın həsrətində olduğumuz torpaqlarımızın bərpa və quruculuq işlərinə nə dərəcədə həssas yanaşdığının sübutudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva növbəti tarixi səfəri martın 15-də Füzuli və Xocavənd rayonlarında olublar.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır". Bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov SİA-ya açıqlamasında bildirib.
"Bu tarixi səfərlərlə dövlət başçımız 28 ildən sonra işğaldan azad olunmuş torpaqlarımıza hər dəfə ayaq basdığı zaman "Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik",- deyərək həmin rayonlarda üç rəngli bayrağımızı qaldırdı. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdi",-deyən Ramiz Şabanov onu da bildirib ki, Prezidentimizin "Qarabağ Azərbaycandır və nida" ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində Onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır.
"Deyir, hər şeyi doğru zamanda, doğru edir. Zəfərlə bitən vətən müharibəsində də bir daha sübut etdi ki, Vətənimizin, Qarabağımızın işğalda qalmasına bu qədər dözmək olmaz. Ali Baş Komandanımız hakimiyyətə gələndən böyük zəfər gününə kimi, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dövlət başçımız xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda Ali Baş Komandanımız "Dəmir yumruq" siyasəti ilə hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi",-deyən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
R.Şabanov söyləyib ki, işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyev səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Xocavəndin də, keçmiş Hadrut rayonunun da, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır: "Erməni vandalları Ağdam, Füzuli və başqa rayonlarda olduğu kimi Xocavənddə də, keçmiş Hadrut rayonunda da, onun kəndlərində də böyük dağıntılar törədiblər. Azərbaycanlıların qədim yaşayış kəndi olan Tuğ kəndində azərbaycanlılara aid bütün evləri yerlə-yeksan ediblər. Erməni barbarları, eyni zamanda, qədim yaşayış məskəni kimi tanınan Azıx kəndini də, Azıx mağarasını da dağıtmağa cəhd ediblər. Onlar qanunsuz olaraq Azıx mağarasında işlər aparıblar. Heç bir şübhə yoxdur ki, ermənilər Azıx mağarasında qanunsuz işlər aparmaqla tarixi saxtalaşdırmağa çalışıblar. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi ermənilər bütün bunlara görə cavab verəcəklər, dəymiş ziyanı ödəyəcəklər".
"Dövlət başçımız müharibədən 4 ay keçməsinə baxmayaraq artıq bütün işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq işlərinə başlanılıb",-deyən Ramiz Şabanov Prezident İlham Əliyev Füzuli rayonundan Şuşaya qədər uzanan Zəfər yolu layihəsindən sonra Füzuli-Hadrut yolunun da təməlini qoyduğunu deyib: "Bu yol-nəqliyyat layihələri ilə yanaşı yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkilişi icra ediləcək. Həmçinin, Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Əlbəttə ki, bu cür layihələrin həyata keçirilməsi birbaşa işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bütün bu işlər Prezident İlham Əliyev cənablarının son 17 ildə bütün vədlərini yerinə yetirdiyi kimi, "Qarabağı cənnətə çevirəcəyik" vədini də tezliklə reallaşdırmaq üçün siyasi iradə və qətiyyət nümayiş etdirir. Bu da xalqımızda öz rəhbərinə əminlik, inam yaradır. Məhz bu baxımdan, səfərlər həm də insanların torpaqlarımıza qayıdış ruhunu qaldırır, məsələnin əsas motivasiyaedici tərəfi budur. Qısacası, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bu qədər dəyər verməsi çox əhəmiyyətlidir, çünki insanların bu bölgə ilə bağlı münasibətləri daha da ciddiləşir və ora qayıdış istəyi artmağa başlayır. Dövlət başçımızın dediyi kimi: "Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!"
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB