Prezident İlham Əliyev: "Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq"
"Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilat olduğunu bildirib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.
Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq: "Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür".
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Azərbaycanın işğaldan azad olunan torpaqlarında yeni həyat canlanacaq. Ermənilərin xarabalığa çevirdiyi məkanlar abadlaşacaq, çiçəklənəcək. Bu məkanların infrostrukturu yenidən qurulacaq, müasirləşəcək, yeni yollar çəkiləcəkdir. 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır. Yaşayış üçün, ilk növbədə, infrastruktur layihələrinin icra edilməsi nəzərdə tutulur. Təhlükəsiz yerlərdə layihələrin icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər davam etdirilir. Sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri ardıcıl olaraqi həyata keçiriləcək.
Mürahibə dövründə bu ərazilərə çoxlu miqdarda atılan mərmilər, basdırılmış minalar təbii ki, ekoloji mühitin zəhərlənməsinə, çirklənməsinə birbaşa səbəb olan amillərdir. Ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Qeyd olunan bütün bu proseslər yekunlaşdıqca bərpa işləri daha geniş vüsət alacaq.
Dövlət başçısı Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması məsələsinə də diqqəti çəkib. Kommunikasiyaların açılması tək Azərbaycana yox, həm də region ölkələrinə lazımdır. "Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq", deyən dövlət başçısı bunun noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsi olduğunu diqqətə çatdırıb: "Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB