Avropa İttifaqının Azərbaycana baxışı dəyişir SİYASİ RAKURS

Avropa İttifaqının Azərbaycana baxışı dəyişir SİYASİ RAKURS

Bakının da Brüsselə öz diktəsi və tələbləri var

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüş əsnasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmaqla yanaşı, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Daha dəqiq desək, artıq Cənubi Qafqaz regionunun aparıcı dövləti olaraq Azərbaycan dünyanın diqqəti mərkəzindədir, xüsusilə ölkəmizin Avropa məkasnındakı yeri və rolu sürətlə artır.

Bu xüsusda nəzərə alarsaq ki, Azərbaycan dövləti öz potensialı və gücü ilə 44 gün ərzində dünyanı heyran qoyan qələbəyə imza atıb və 30 illik işğal faktına son qoyub, bu zaman ölkəmizin artan nüfuzuna bu faktorun da özəl imza atmasını vurğulamaq mümkündür. Artıq Avropa İttifaqı kimi nüfuzlu qurum da Azərbaycanla sıx əməkdaşlıq və birgə tərəfdaşlıq reallıqlarından çıxış edir. Bu baxımdan, sözügedən görüşün tərəflər arasında nə qədər əhəmiyyətə malik olması gerçəkliyi də kifayət qədər nəzərə alınmaqdadır.

Hansı məsələlər daim diqqət mərkəzində olub?

Daha bir məqam isə budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bir sıra məsələlər daim aparıcı mövzulardan olub. Hətta bir sıra hallarda fərqli mövqelər ifadə edilib, hətta zaman-zaman bir-birinə zidd tezislər də səsləndirilib. Ancaq bütün bunlara baxmayaraq daim üstünlük balansını əlində saxlayan rəsmi Bakının təmkinliyi və fəallığı ortaya çıxan maneələrin aradan qalxmasına münbit şəraitlər yaradıb. Çünki Azərbaycan apardığı uğurlu xarici siyasəti və diplomatik yanaşmaları ilə ayrı-ayrı dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir – artıq bu da bir danılmaz aksiomadır.

Digər tərəfdən, Azərbaycanın marağı kontekstində suverenlik, milli maraqların qorunması, dəyərlərin mühafizəsi kimi amillər də başlıca yer tutur. Bu baxımdan, daha bir reallıq budur ki, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində yer alan müəyyən məqamlar Azərbaycanı qane etmədiyindən ölkəmiz məhz özünün əməkdaşlıq modelini irəli sürüb. Söz yox ki, bu istiqamətdə də mərhələli qaydada səmərəli müzakirələr aparılır.

Əməkdaşlığın tarixi və yaranan reallıq

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərin qurulması bütün aktuallığını əyani şəkildə nümayiş etdirməyə başladı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyən edərkən bu nüfuzlu Avropa qurumu ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. 1999-cu ildə isə Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb. Bu, tərəflər arasında qarşılıqlı əlaqələrin hüquqi əsasını təşkil edirdi. XXI əsrin başlanğıcından Aİ-nin özünün daxilində, qlobal geosiyasətdə və regional məsələlərdə dəyişikliklər meydana gəldi. 2004-cü ildə təşkilatın 10 ölkə ilə genişlənməsi Aİ-nin daxili və xarici siyasətinə öz möhürünü vurdu. Bunun ardınca Avropa Qonşuluq Siyasəti (AQS) adlanan proqram qəbul edildi. Bu proqramda təşkilatın öz qonşuları ilə münasibətlərini tənzimləməsi qaydaları və hüquqi şərtləri ifadə olundu. Bu, iki istiqamətdə – Aralıq dənizi bölgəsi və Şərq istiqamətində reallaşmalı idi.

Onu da xatırladaq ki, Balkanlar ayrıca xətti təşkil edirdi, çünki həmin istiqamətdə ölkələrin Aİ-yə üzv qəbul edilməsi nəzərdə tutulurdu. Beləliklə, Aİ-nin Şərq istiqamətindəki qonşuluq siyasətində Cənubi Qafqaz, xüsusilə Azərbaycan daim ayrıca və önəmli yer tutdu.

Azərbaycanın iki əhəmiyyətli şərti daim qüvvədə olub: müstəqillik və suverenlik!

Aİ ilə əlaqələr baxımından mütləq surətdə bu iki məqam daim Azərbaycan tərəfindən vurğulanır. Məhz həmin səbəbdəndir ki, rəsmi Bakı assosiativ üzvlük modelini qəbul etmədi, əvəzində, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürdü. Belə ki, 2015-ci ildə Riqa sammitində Azərbaycan rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Bir qədər çaşqın vəziyyətə düşən rəsmi Brüssel, nəhayət, bunu qəbul etdi və 2017-ci ildə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başladı. 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd paraflandı. Nəticədə aydın oldu ki, Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazırdır. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi.

Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”

Söz yox ki, hazırda da strateji tərəfdaşlıq sənədi üzərində işlər aparılır və təbii ki, bu heç də asan proses hesab oluna bilməz. Çünki ilk dəfədir ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş olan ölkənin özünün təklif etdiyi əməkdaşlıq sənədi üzərində işləyir.

Bir çox hallarda "Şərq tərəfdaşlığı"nın digər üzvləri Brüsselin şərtlərindən kənara çıxa bilmirlər. Bu da onları Aİ-nin xarici siyasətinin birbaşa obyektinə çevirir. Yəni söhbət Brüsselin irəli sürdüyü şərtlər daxilində əlaqələrdən gedə bilər. Azərbaycan isə bərabərhüquqlu tərəfdaş kimi Aİ ilə əməkdaşlıq modeli təklif edib və onu qətiyyətlə reallaşdırır.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində vurğulayıb ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur”, deyə dövlətimizin başçısı qeyd edib.

Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atırdı: 44 günlük müharibə isə hər şeyi dəyişdi!

Düzdür, Brüssel çox istərdi ki, əlavə şərtlərlə Bakını özündən asılı vəziyyətə salsın, ancaq belə məqamlarda istək hər şeyi həll etmir. Çünki Azərbaycan qətiyyət prizmasından çıxış etməsi ilə yanaşı, eyni zamanda bərabərhüquqluluğu tam qorumağa çalışır. Ona görə də bu məqamda Brüssellə Bakının müəyyən fikir ayrılığı ola bilər, amma zaman-zaman ortaq məxrəcin əldə ediləcəyini də istisna etmək olmaz. Daha doğrusu, Bakının da Brüsselə öz diktəsi və tələbləri var.

Yeri gəlmişkən, hələ Ermənistanın işğalçılıq faktoru davam etdiyi müddətdə Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atırdı. Hətta Azərbaycandan fərqli olaraq Ermənistan Aİ-nin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi də qalmaqdadır. Aİ Azərbaycanın da qarşısına ÜTT-na üzv olmağı tövsiyə etsə də, həmin vaxt işğal faktını ortaya qoyan ölkəmiz bu tövsiyəni rədd etdi, vurğulandı ki, işğalçı bir ölkə ilə eyni qurumda hər hansı bir əməkdaşlığa getmək doğru seçim deyil və dövlətimizin maraqlarına qarşıdır.

Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz

Ancaq buna baxmayaraq, Aİ işğalçı Ermənistana daha böyük vədlər də verirdi. Avropa İtitfaqı özünü elə aparırdı ki, sanki Dağlıq Qarabağ işğal olunmayıb. Ermənistan qonşu dövlətin ərazilərini tutmayıb. Bu baxımdan Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində də İrəvana qarşı hər hansı ciddi tələb irəli sürdüyü görünmürdü. Təbii ki, bütün bu məqamlar bilavasitə Azərbaycan dövlətinin diqqət mərkəzində idi və bu gün də həmin məsələlər unudulmayıb!

Əlbəttə, bütün bunlar Azərbaycan-Aİ münasibətlərinə təsirsiz ötüşmədi. Lakin hazırlanan sənədin başa çatdırılması da öz qüvvəsində qalmaqda davam edir - Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz və nəticə etibarı ilə bu gerçəklik özünü 44 günlük müharibədə özünü birmənalı olaraq təsdiq etmiş oldu.

Daha bir amil budur ki, müasir mərhələdə müstəqil dövlət olmaq asan deyil. Bütün məsələlərdə milli mənafeləri qorumaq gərəkdir. Artıq uzun illərin təcrübəsi də göstərir ki, bir sıra ölkələr bu məsələdə kifayət qədər qətiyyətli ola bilməsələr də, Azərbaycan bu tipli hallarda yüksək iradə və qətiyyətlilik göstərir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münbit əməkdaşlıq vasitəsinin yaranması da yalnız və yalnız ölkəmizin sərgilədiyi mövqeyinin bariz nəticəsidir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə