Tarixi ədalət bərpa olundu ANALİTİK

Tarixi ədalət bərpa olundu ANALİTİK

Prezident İlham Əliyev: "Qurultayımızın keçirilməsi bir daha demək istəyirəm ki, ölkəmizin həyatında önəmli hadisədir"

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olmaqla, həm də tarixə düşən bir qurultay idi. Çünki YAP yarandıqdan bəri ilk qurultay idi ki, ərazi bütövlüyümüz təmin olunmuş şəkildə keçirildi. Martın 5-də keçirilən qurultayda Yeni Azərbaycan partiyasının Sədri, Prezident İlham Əliyev videoformatda çıxışı zamanı bildirdi ki, tarixi uğurumuz olan 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyümüzün təminatı, Qarabağın işğaldan azad olunması ilə bağlı vurğuladı ki, mənəvi bütövlüyümüz və birliyimiz təmin olunması Qələbəmizin əldə olunmasında mühüm rol oynayıb, burada YAP-ın xüsusi rolu olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illərin ölkəmiz üçün önəmli olduğunu bildirdi: "Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu".

"Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir"

"Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir",-deyə dövlət başçımız bildirdi ki, bu qələbə dəmir yumruğumuzun, xalqımızın birliyinin, həmrəyliyinin və Azərbaycan Ordusunun rəşadət, qəhrəmanlıq, peşəkarlığının nəticəsidir: "Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik". "Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik". Bu fikirləri, Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı bildirdi.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirdi ki, biz qələbə qazanmaqla düşmənin ordusunu məhv etdik: "Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq". "Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı",-deyən dövlət başçısı onu da söylədi ki, ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər: "Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər". "Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamofob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması",-deyən Prezident İlham Əliyev onu da söylədi ki, mən həmişə çıxışlarımda da deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın: "Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq".

"Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır"

"Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır",-deyən dövlət başçısı indi biz yeni dövrə qədəm qoyuruq: "Bu dövrlə bağlı mən bundan sonra da öz fikirlərimi bildirəcəyəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Ancaq konseptual nöqteyi-nəzərdən gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim".

"Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"

Azərbaycan Prezidenti yeni dövrdə siyasi dialoqun daha da dərinləşdirilməsini deyib: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər".

Dövlət başçısı antimilli ünsürlərin heç bir şeyə nail ola bilmədiyini və bu gün artıq bir-birilərini didiklərini deyib: "Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda. İndi bir-birini didirlər, necə deyərlər, bu, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq, qısa müddət ərzində".

"Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər"

Dövlət başçısı, xüsusilə şəhid ailələrinə göstərilən qayğı ilə bağlı bildirdi ki, partiyanın fəalları bu sahədə daha fəal olmalıdır: "Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər".

"Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdılar",-deyən Azərbaycan Prezidenti onu da söylədi ki, sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının qurultayını bu sözlərlə yekunlaşdırdı: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə