Rusiya politoloqlarını müharibədən sonrakı Qarabağda nə şok etdi? - ANALİZ, VİDEO

Moskva-Baku.Ru platformasında Andrey Şlyapnikov müəllifi və aparıcısı olduğu “Diqqət mərkəzində” analitik verilişində regionumuzda gedən proseslərlə bağlı maraqlı məsələlərə toxunub. Verilişi yazı və video formasında oxucularımıza təqdim edirik.

Vəhşicəsinə xaraba qoyma

Bu həftə rusiyalı siyasətçilər və jurnalistlər Azərbaycan tərəfinin dəvəti ilə azad edilmiş Qarabağ torpaqlarına, eləcə də 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi atəşə məruz qalan Azərbaycan şəhərlərinə baş çəkdilər. Dövlət Dumasının deputatı Aleksey Juravlev Azərbaycanın 2-ci Qarabağ müharibəsi zamanı raket atəşlərindən ciddi ziyan görən Bərdə şəhərini ziyarət etdi.

Aleksey Juravlev: “Bərdədə olarkən öz həyətində oğlu raket qəlpəsi ilə öldürülən bir adamla danışdım. Üstəlik, cəbhə xətti Bərdədən xeyli aralıda idi, lakin şəhər yenə də sıx atəşə tutulmuşdur. Yəni qadağan olunmuş kaset bombalarından istifadə etməklə məqsədli şəkildə adi mülki insanları hədəfə almışdılar. Bu, artıq sadəcə bir müharibə deyil, erməni tərəfinin əsl terrorudur”.

Etnik münaqişələr üzrə mütəxəssis, jurnalist Yevgeni Mixaylov Azərbaycanın 2-ci böyük şəhəri Gəncədə olub. Raket zərbəsi nəticəsində ailəsinin yalnız 3 yaşlı nəvəsi olan bir sakinlə görüşüb. Mixaylov, ölən uşaqların xatirəsinə saxlanan oyuncaqlara baxmağın dözülməz olduğunu söyləyib.

Yevgeni Mixaylov, politoloq: “Gördüyüm hər şey, mülki əhaliyə edilən qorxaq gecə zərbəsi nəticəsində burada baş verən böyük bir faciə haqqında qışqırırdı. Erməni tərəfi döyüşdə qalib gələ bilmədi və mülki əhaliyə hücum etdi - bu, bir növ qorxutma aktı idi. Ancaq bu, heç bir fayda vermədi".

Aleksey Juravlev, uzunmüddətli erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə ayaq basan ilk rus deputatı oldu. O, gördüklərindən çox təsirlənib.

Aleksey Juravlev: “Bütün bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan bir çox yer hərbi əməliyyatlardan deyil, uzun illərdən bəri davam edən vəhşiliklərdən əziyyət çəkib. Məsələn, vaxtilə öz şərabları ilə bütün Sovet İttifaqında məşhur olan Ağdam. İndi bu rayonda praktik olaraq başqa heç bir yaşayış məntəqəsi yoxdur, indi onları sıfırdan bərpa etmək lazımdır. Aydın məsələdir ki, erməni tərəfi qəsdən bu ərazilərdəki normal həyatı məhv etmişdir. Bir vaxtlar gündən-günə çiçəklənən yerləri xarabalığa qərq ediblər".

Yevgeni Mixaylov ermənilərin on illərdir Qarabağda Azərbaycana tarixi mənsubiyyəti ilə əlaqəli hər şeyi məhv etməyə çalışdıqlarına təəccüblənir.

Yevgeni Mixaylov, politoloq: “İşğal zamanı Azərbaycan xalqının tarixinin məqsədyönlü şəkildə məhv edilməsi məni çox təəccübləndirdi. Bu, sözün əsl mənasında, əsas vəzifə olub. Bu torpağın azərbaycanlılara aidliyi burada dərindən kök salmışdı. Mən əslində, Azərbaycan xalqının tarixinin soyqırımını gördüm. Şübhəsiz ki, onu yer üzündən silmək istəyirdilər, belə ki, burada azərbaycanlıların yaşaması barədə heç bir iz qalmasın. Heç bir yerdə belə bir şey görməmişəm".

Azərbaycan keçmiş gözəlliyini və əzəmətini azad edilmiş torpaqlara qaytarmaq niyyətindədir. "Böyük Qayıdış" proqramı üçün aktiv hazırlıqlar davam edir. Münaqişə nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd Bakının nəzarəti altına qaytarıldı- indi təxminən 30 il əvvəl bu ərazilərdən qovulmuş sakinlər tərəfindən bərpa edilərək məskunlaşdırılması planlaşdırılır. Ümumilikdə, 2021-ci ildə bu məqsədlər üçün 1 milyard ABŞ dollarından çox vəsait ayrılacaqdır.

İlham Əliyev: “Hazırda qarşımızda azad edilmiş ərazilərin yenidən qurulması kimi böyük bir vəzifə durur. Azad edilmiş ərazilərdə şəhərlərimizi və kəndlərimizi yenidən quracağıq, mədəniyyət və dini abidələri bərpa edəcəyik ”.

Yevgeni Mixaylov, politoloq: “Bəli, bu, çox vaxt aparacaq. Əvvəla, artıq bərpasına başlanan bir yol infrastrukturu yaratmaq lazımdır. Füzulidə hava limanı tikilir, Şuşaya yol çəkilir. Daha genişmiqyaslı tikinti işlərinə başlanacaqdır. Əlbəttə ki, Azərbaycan uzun müddət yalnız öz gücü ilə öhdəsindən gələcəkdir. Ancaq artıq başqa dövlətlərin də bu işə maraq göstərdiyini görürük ”.

Azərbaycanın azad etdiyi şəhərlərdən ilk bərpa edən şəhərin Ağdam olacağı planlaşdırılır- 3 il ərzində 50 minə qədər insan orada yaşaya biləcək. Dünya birliyi bunun üçün lazımi köməyi göstərməyə hazırdır. Alman şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək imkanlarını nəzərdən keçirirlər. Almaniyanın Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maninq bunu açıqladı. Diplomat Almaniyanın Qarabağdakı hadisələri izlədiyini və üçtərəfli bəyanatın imzalanmasını Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına ilk addım kimi qarşıladığını söylədi.

Wolfqanq Maninq: "Bu mövzuda irəliləyiş gözə çarpan anda Almaniya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulmasında, eləcə də Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesində iştirak etməyə hazır olacaqlar".

Bu həftə İtaliya parlamentariləri Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyə çağırdılar. Azərbaycan Xarici İşlər Nazirliyi bu qətnaməni alqışladı. İtaliyalı siyasətçilər Azərbaycan tərəfinin Ermənistana bütün hərbi əsirləri təhvil verdiyini qeyd edirlər. Düzdür, bəzi Avropa siyasətçiləri müharibə bitdikdən sonra da Azərbaycan tərəfindən həbs olunan terror qruplaşmasının üzvlərini əsir adlandırmağa davam edirlər.

İlham Əliyev: “Bu gün bəziləri onları hərbi əsir adlandırmağa çalışarkən düşünürəm ki, məsələnin mahiyyətini bilərəkdən təhrif edirlər. Müharibədən 20 gün sonra əsir ola bilməz. Əldə etdiyimiz hərbi əsirləri hamısını qaytardıq. Üstəlik, bizimkilərin qaytarılmasından daha əvvəl qaytardıq. Bu insanlar isə bu kateqoriyaya aid deyillər. Bunlar terrorçular və diversantlardır. Ermənistan və ya bəzi ölkələr tərəfindən hər hansı bir fərziyyə yersizdir".

Azərbaycan dünya arenasında böyük hörmətə layiqdir və şübhəsiz ki, bu mübahisəli vəziyyətin azad edilmiş torpaqların bərpasında köməyə heç bir təsiri olmayacaqdır.

Razılaşmaya əməl edilmə

Ermənistanda davam edən daxili siyasi böhran da diqqət mərkəzindədir. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan, Azərbaycan və Rusiyanın iştirakı ilə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın rəhbərlik etməyə çalışdığı müxalifəti qane etmədiyini bildirdi.

Onun sözlərinə görə, 10 noyabr tarixli üçtərəfli bəyanatın Ermənistan üçün alçaldıcı müddəaları ATƏT-in Minsk Qrupunun deyil, Ermənistan hakimiyyətinin siyasətinin iflasının nəticəsidir. Siyasətçi İrəvanın bu platformaya ehtiyac duyduğunu, ancaq gələcəkdə bölgədə müharibəni yeni bir qüvvə ilə alovlandıracaq səbəblərin ortaya çıxa biləcəyini vurğuladı. Bu cür açıqlamalar müharibə istəməyən erməni əhalisinin böyük əksəriyyətini narazı sala bilər. Paşinyanın revanşist düşüncəsi yoxdur və əslində, o, gələcəkdə Azərbaycanın və Türkiyənin danışacağı yeganə erməni siyasətçidir.

Aleksey Juravlev: “Erməni irticaçı siyasətçilərin Qarabağ ermənilərinin qondarma “öz müqəddəratını təyinetmə ”çağırışları yalnız bir məqsəd daşıyır: əvvəllər olduğu kimi, barışıq prosesini dondurmaq və müharibənin yenidən başlaması, yəni intiqam üçün yeni bir zəmin hazırlamaq. Buna icazə verilmir! Buna görə yalnız bir seçim var: əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq ciddi şəkildə hərəkət etmək!"

Bəs Rusiya? Paşinyan və Koçaryan siyasi arenaya çıxsa, Rusiya kimə dəstək olacaq?

RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova: “Həm xarici dünya ilə münasibətlərimizdə, həm də qarşılıqlı əlaqələr qurmağı hədəfləyən xarici siyasətimizdə söylədiyimiz mövqeyimiz balanslı, aydın və birmənalıdır- ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların daxili işlərinə qarışmamaq".

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Moskvadan tamamilə razı olduğunu açıq şəkildə bildirdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov: “Biz onun müvafiq açıqlamalarını əsas tuturuq. Bilirsiniz ki, onunla Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Bilirsiniz ki, Qarabağda müharibəyə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl nə qədər zəhmət çəkildi. Buna görə də bu münasibətlər həqiqətən də çox dəyərlidir”.

Digər tərəfdən, Koçaryan Vladimir Putinin dostu sayılır. Rusiya Prezidenti Koçaryana Ermənistanda siyasi səbəblərdən təzyiq edildikdə onu dəstəklədi. Ancaq Kreml qeyd etdi ki, bu, bu dostluğun istifadə olunacağı demək deyil.

Dmitri Peskov: “Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya Prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, sualın tamamilə absurd bir ifadəsidir. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Ermənistan üçün faydaların və Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. Bu, bizim üçün əsasdır”.

Ancaq indi Rusiya üçün ən başlıcası Zaqafqaziya bölgəsində davamlı sülh və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün sülh razılaşmalarına ciddi əməl etməkdir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Verilişə buradan baxa blərsiniz

https://www.youtube.com/watch?v=DhtLmV-SncU

Bütün xəbərlər Facebook səhifəmizdə