Ermənistanda günahkar axtarışı davam edir Paşinyan hakimiyyətinin ənənəsi

Ermənistan hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) nümayəndəsi Marine Clark-Hatting-in səlahiyyətlərinə xitam verib. SİA kommersant.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan açıqlama verib.
Məlumatda qeyd olunur ki, Ermənistan XİN-in mətbuat katibi onun işindən rəsmi İrəvanın narazı olduğunu bildirib. Eyni zamanda, Ermənistan mediasında Marine Clark-Hattingin casusluq ittihamı ilə “persona non grata” elan edildiyi yazılır.
Diqqətə çatdıraq ki, UNICEF uşaq və yeniyetmələrin problemləri ilə məşğul olur. Fəaliyyətinin sahələri arasında, uşaqların yoxsulluğuna qarşı mübarizə, sağlamlıq imkanları məhdud uşaqlara dəstək, şiddətdən qorunma, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələrdə yardım və sair var.
“Erməni tərəfi üçün UNICEF nümayəndəsi Marine Clark-Hatting-in mandatı çərçivəsində fəaliyyət göstərməsindəki səhvləri və əməkdaşlıq prinsiplərinə cavab verməyən iş tərzi problemli idi. Nəticə olaraq, hökumət Clark-Hattingin UNICEF-in Ermənistan Respublikasındakı nümayəndəsi kimi fəaliyyətinə xitam verməsi barədə qərar verib”, deyə Anna Naqdalyan bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Mediaport Telegram kanalı da UNICEF nümayəndəsinin Ermənistanda guya casusluq etdiyinə görə “persona non qrata” elan edildiyini bildirmişdi. Eyni zamanda, səlahiyyətlilərin bu faktı ictimaiyyətdən gizlətmək istədikləri də iddia edilir. Onu da qeyd edək ki, Clark-Hatting 2020-ci ilin iyulunda Ermənistanda işə başlayıb və cəmi səkkiz ay çalışıb.

Göründüyü kimi, Ermənistanda hazırda hər kəs barədə şübhə yaradılmasına çalışılır və bununla bir növ, diqqəti yayındırmaq niyyəti güdülür. Günahkar axtarışı isə Paşinyan hakimiyyətinin çoxdankı ənənəsidir. Daha doğrusu, hazırkı Ermənistan hakimiyyəti inqilab bəhanəsi ilə dövlət çevrilişi etdiyi ilk gündən bu vaxta qədər ölkələrində baş verənlərə görə günahı başqalarının üzərinə atmaq üçün hər vasitəyə əl atımaqdadırlar və cəmi səkkiz ay fəaliyyət göstərən UNİCEF nümayəndəsi də heç şübhəsiz ki, Paşinyan hakimiyyətinin hədəfinə çevrilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...