Müxalifət liderinə cinayət işi açılıb Hakimiyyət siyasi təqibdə ittiham olunur

Ermənistanın birləşmiş müxalifət lideri Vazgen Manukyan ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirib. Qeyd edib ki, iddia "hakimiyyəti ələ keçirmək çağırışları" ilə başladılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, o, eyni zamanda ölkə hakimiyyətini siyasi təqibdə günahlandırıb.
"Sualları cavablandırmayacağam və ifadə verməyəcəyəm. Açıqlamalar verdim, vəkillər qiymətləndirmələrini versinlər. Bu cinayət işi bir siyasi təqibdir", deyə RIA Novosti, Manukyanın sözlərini sitat gətirib.
Xatırladaq ki, fevral ayında müxalifət mitinqlərindəki çıxışları səbəbindən, Vazgen Manukyana qarşı hakimiyyəti ələ keçirməyə çağırışlar maddəsi ilə cinayət işi başlanılıb. Ümumiyyətlə, Nikol Paşinyan və onun hakimiyyət komandasının əleyhdarlarına, onlara qarşı müxalifətdə olan qüvvələrə qarşı hakimiyyətlərinin ilk günlərindən təqib və təzyiqləri heç kim üçün sirr deyildi, amma son zamanlar bu təqiblər, təzyiqlər daha da gücləndirilib və miqyası da böyüyüb. Demokratiya pərdəsi altında hakimiyyətə gələn, söz azadlığından dəm vuran Nikol Paşinyan, əslində, söz və ifadə azadlığını hamıdan çox və daha ustalıqla, “qanun dili ilə” boğur.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb etməsindən və yeni bəyanatla niyyətlərini təsdiqləməsindən sonra Ermənistanda siyasi böhranın yeni mərhələsi başlayıb. Hərbçilərə görə, hökumət başçısını tərk etmək çağırışları "açıq bir məhkumiyyətdir". Siyasi böhran artıq küçə qarşıdurmasına çevrilib. Hətta politoloqlar, siyasi ekspertlər Ermənistanda vətəndaş müharibəsi proqnozlaşdırır. Bu işğalçı ölkənin ilk prezidenti Levon Ter-Petrosyan isə Ermənistanda vətəndaş müharibəsinin olacağı təqdirdə, bunun erməni xalqının məhvi, sonu olacağını deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə