Ermənistandakı siyasi böhran bütün dünyanın diqqət mərkəzində - ŞƏRH ÖZƏL

“Ermənistanda siyasi ziddiyətlər, eləcə də siyasi böhran özünün pik həddinə çatıb və ümumiyyətlə 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanda Nikol Paşinyanın siyasətinə qarşı çıxan insanlar çoxalıb. Bundan öncə də Nikol Paşinyanın yürütdüyü siyasətdən narazı olan qüvvələr olub və onlar bu siyasi iqtidarı devirmək üçün müxtəlif yollara əl atıblar. Lakin Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti bir sıra suallar doğurub. Burada Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətdən narazı olan qüvvələrin sayı daha da artıb. Vətənin qurtuluşu uğrunda başlayan hərəkatda 20-yə yaxın müxalifət partiyası Paşinyanın istefasını tələb edib və demək olar ki, hər gün İrəvanın mərkəzində nümayişlər keçirilir. Aksiyalarda əsas siyasi şuarlar isə "Nikol Paşinyan hakimiyyətdən getməlidir" olub”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, eyni zamanda siyasi böhranın dərinləşməsinə əsas səbəb Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın arm.news televiziyasına müsahibəsi zamanı söylədiyi fikirlərə cavab olaraq Paşinyanın münasibəti olub: “Burada Rusiya istehsalı olan silahlarla bağlı söylənən fikirlər məsələni bir qədər də qəlizləşdirib. Bununla da o, Rusiyanın diqqətini cəlb edib. Nikol Paşinyanın bu fikirlərini məsxərəyə qoyan Ermənistanın Baş Qərargah rəisinin müavini istefaya göndərilib. Daha sonra Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsilə bağlı Paşinyanın qaldırdığı vəsatəti Ermənistan prezidenti Armen Sarqsyan imzalamayıb. Belə demək mümkündürsə, artıq Ermənistan prezidenti ilə Baş naziri arasında fikir ayrılıqları var. Hətta Armen Sarqsyanın müxalifət liderləri ilə görüşü, eləcə də Onik Qasparyanın özü ilə görüşü vəziyyəti daha da qəlizləşdirib. Paşinyan öz tərəfdarlarını meydanlara çağıraraq meydanlar vasitəsilə hakimiyyətə gələn bir şəxsin eyni üsulla devrilmə cəhdinin qarşısını aldı”.

İ.Hüseynov vurğulayıb ki, meydandakı aksiyada Nikol Paşinyanın söylədiyi əsas fikir isə 10 ay müddətində hökumətin buraxdığı səhvlərlə bağlı üzr istəməsi və eyni zamanda Rusiya silahlarının tətbiqi ilə bağlı ona düzgün olmayan informasiyaların verildiyini açıq şəkildə bildirməsi olub: “Paşinyanın hərbi-siyasi sahədə yaranan gərginliyin aradan qaldırılması istiqamətində atdığı addımla yanaşı bütün prosesləri yaxından izləyən məlumatlı insanlar gördülər ki, Paşinyanın tərəfdarları hələ də Ermənistanda çoxluq təşkil edir və biz bunu həm də Nikol Paşinyanın sosial şəbəkələr vasitəsilə bildirdiyi fikirlərdə müşahidə edirik. Ümumilikdə Ermənistanda siyasi böhran çox ciddi şəkildə davam edir və proseslərin nəticəsini nəyinki Cənubi Qafqaz regionu ilə maraqlanan siyasi ekspertlər, eləcə də bütün dünyada maraqla izlənir. Çünki Paşinyan həm də qərb dairələrinin özünə yaxın hesab etdiyi bir şəxsdir. Buna görə də prosesləri demək olar ki, bütün dünyada diqqətlə izləyirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə