Müxalifətin prezidentlə görüşü başladı Görüş prezident iqamətgahında keçirilir

Müxalifət nümayəndələri Armen Sarkisyanın Ermənistanın Baş Qərargah rəisini vəzifəsindən azad etmək məsələsindəki mövqeyinin niyə dəyişdiyini öyrənməyə ümid edirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Armen Sarkisyanın “Vətənin Xilası Hərəkatı”nın liderləri ilə görüşü prezident iqamətgahında başlayıb.
Məlumata görə, iclasda “Vətənin Xilası Hərəkatı”ndan baş nazir postuna ortaq namizəd Vazgen Manukyan, “Rodina” partiyasının başçısı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan, “Daşnaqsütyun” nümayəndəsi Arsvik Minasyan və “Ermənistan Respublika Partiyası”nın nümayəndəsi Vaqram Baqdasaryan iştirak edir.
“İndi Prezidentlə görüşə gedirik, bundan sonra Armen Sarkisyanın mövqeyinin niyə dəyişdiyi aydın olacaq. Ondan sonra suallarınızı cavablandıracağam”, deyə Vanesyan jurnalistə bildirib.
Nəzərə çatdıraq ki, bir qədər əvvəl müxalifət Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ətrafındakı vəziyyəti müzakirə etmək üçün dövlət başçısı ilə görüş tələb etmişdi.
Xatırladaq ki, çərşənbə axşamı prezidentin baş nazir Nikol Paşinyanın Qasparyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı vəsatətini imzalamadığı məlum olub. Sarkisyan isə Konstitusiya Məhkəməsinə müraciət edərək 2018-ci ildə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna edilən dəyişikliklərin konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsini xahiş edib. Bu baxımdan müxalifətçilər Sarkisyanın hərəkətlərindən narazıdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə