"Azərbaycan və Türkiyə hər zaman qardaşlıq nümunəsi ortaya qoyublar" Sədaqət Vəliyeva

“Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan dövlətlərdir. Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar. Hətta, hər kəs bilir ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlayıb. Məhz, bu günə qədər sərhədlərin bağlı qalması özü bir qardaşlıq rəmzi idi. Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Azərbaycanın haqq işinə dəstək verib. Türkiyənin rəsmi şəxsləri ən yüksək səviyyədə açıqlamalar verməklə, Türkiyənin Azərbaycanın yanında olduğunu qətiyyətlə bildirməklə, üçüncü tərəflərin bu haqq işində Azərbaycana mane olmaması, müdaxilə etməməsi üçün siyasi iradə ortaya qoydular. Sözsüz ki, Türkiyə rəsmilərinin birmənalı dəstəyi Azərbaycana çox böyük siyasi və mənəvi dayaq idi, eyni zamanda, bütün dünyaya bir siqnal idi ki, kənarda durun, müdaxilə etməyin”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən regionumuzda da çox müsbət rol oynayır: “Türkiyənin nüfuzunu və gücünü bütün dünya məhz 44 günlük müharibə zamanı da gördü. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini də müşahidə etdi. Bu, artıq dünya üçün sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin edib. Bu fakt isə əsas yaradır ki, Azərbaycan bundan sonra ordusunu Türkiyə hərbi texnologiyası hesabına təkmilləşdirsin. Bu mənada, Türkiyədən yeni silahların alınması istiqamətində işlər də aparılır. Hətta, yeni kontraktlar belə imzalanıb, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşmalar əldə edilib”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir: “Bu gün Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparır. Söz yox ki, Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Türkitə şirkətləri Qarabağın yenidənqurma işlərində də aktiv iştirak edir: “Artıq ilk müqavilələr belə Türkiyə şirkətləri ilə imzalanıb. Bu barədə keçirdiyi mətbuat konfransında ətraflı danışan cənab Prezident İlham Əliyev deyib ki, görüləcək işlərin həcmi çox böyükdür. Hətta, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Artıq ilkin razılaşmalar da əldə edilib. Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...