Paşinyanın açıqlamasını şərh edən rəis müavini QOVULDU

Paşinyanın İskəndərlə bağlı qalmaqallı açıqlamasına münasibət bildirən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazirin təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib və müvafiq fərman dövlət başçısının saytında yerləşdirilib.
Ermənistana məxsus sayt qeyd edir ki, çərşənbə günü "Yerevan.Today" resursu "Paşinyanın İskəndər raketləri ilə bağlı açıqlaması Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinində gülüş doğurdu", başlıqlı məqalə dərc edib. Həmçinin bildirilir ki, bir gün əvvəl “1in.am” xəbər saytına verdiyi müsahibədə Paşinyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın 2020-ci ilin payızında Artsaxdakı müharibə zamanı İskəndərlərin niyə düşmənə qarşı istifadə edilməməsi ilə bağlı açıqlamasına cavab verib. Paşinyan müharibə zamanı İskəndərin "partlamadığını və ya yalnız 10% partladığını" söyləyib.
Diqqətə çatdıraq ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin, Paşinyanın bu şəkildə Dağlıq Qarabağ münaqişəsindəki məğlubiyyətdə özünün günahsız olduğunu vurğulamaq qərarına gəldiyini söyləyib. Onun sözlərinə görə, Paşinyanın dedikləri, sadəcə, mütləq yalandır və bunun üçün heç bir şübhəyə belə ehtiyac qalmır. Bu açıqlama rus hərbi mütəxəssisləri və deputatları arasında böyük rezonans doğurub.
Həmçinin, xüsusilə məqalədə Paşinyanın İskəndərlə bağlı dedikləri barədə sualdan sonra Xaçatryanın əvvəlcə uzun müddət güldüyü, sonra müvafiq qeydlər etdiyi yazılır:
“Əlbəttə ki, mümkün deyil. Necə ola bilə? İskəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu, ciddi deyil. (Xaçatryan gülməyə davam edir). Belə şeylər deyə bilməzsən, belə nəticələr haqda rəy verə bilməzsən. Ümumiyyətlə, telefonda bu cür silahlarla bağlı belə suallar vermək və bu cür səthi qiymətləndirmələrə əsaslanaraq nəticə çıxarmaq olmaz, bu ciddi deyil. Kimin nə dediyini bilmirəm, amma bu, mümkün deyil”, deyə Xaçatryan bildirib və istehzalı gülüşünü gizlətməyib.
Elə həmin gün Ermənistan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı açıqlama yayıb.
“Bir media nümayəndəsi ilə telefon danışığı zamanı general-leytenant Tiran Xaçatryan bu cür mövzularda danışmamaq, nəticə çıxarmaq lazım olmadığını söyləyib. Bundan sonra jurnalist general polkovnik Movses Akobyanın dediklərindən, bunun mümkün olduğu barədə söylədiklərindən sitat gətirib və bu zaman da Xaçatryan istehzalı gülüşünü saxlaya bilməyib. Məqalədə jurnalist açıq şəkildə telefon danışığının məzmununu açıqlamamış və əslində, onu təhrif etməsi oxucular arasında anlaşılmazlığa səbəb olmuşdur ki, bu, informasiya təxribatı kimi qiymətləndirilə bilər”, deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Xaçatryan 12 iyun 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin birinci müavini vəzifəsinə təyin edildi. General-leytenant Tiran Xaçatryan müharibə dövründə 2020-ci ilin oktyabrında Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
Göründüyü kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin birinci müavini vəzifəsinə yenicə təyin edilmiş Xaçatryan cəmi bir neçə aydan sonra işindən qovulub, səbəb də bəllidir və bu, Paşinyanın İskəndər raketləri barədə fikirlərinə, ifadələrinə istehza ilə gülməsidir. Heç şübhəsiz ki, Nikol Paşinyan nə qədər özünü demokrat, söz azadlığına yer verən biri kimi təqdim etməsinə baxmayaraq, əleyhində olan, barəsində əks fikir bildirən kimsəyə qarşı amansızdır və onu dərhal cəzalandırır, ən azından öz mövqeyindən uzaqlaşdırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə