Paşinyana “İskəndər” ittihamı - Ekspertlər nə düşünür?

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın son texnologiyası olan “İskəndər” operativ taktiki- raket kompleksinin effektiv olmadığı barədə fikir bildirib. Paşinyan buna sübut olaraq bildirib ki, “Azərbaycanla 44 günlük müharibə zamanı bu raketdən istifadə olunsa da, nəticə gözlənilən kimi olmayıb, raket ya partlamayıb, ya da 10 faiz partlayıb”.

Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Viktor Zavarzin “Danışır Moskva” (Говорит Москва) radiostansiyasına verdiyi müsahibəsində baş nazirin söylədiklərini kəskin tənqid edib: “Deməli, Paşinyan hesab edir ki, o, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə görə günahkar deyil. Nikol hesab edir ki, günahkar “İskəndər”, erməni xalqı və hərbçilərdir, bəs o? Bizim “İskəndər” yüksək dəqiqliyi ilə seçilən silahdır və bu raket kompleksləri özünü müxtəlif təlimlərdə sübut edib. Paşinyanın dedikləri isə başdan-ayağa yalandır və bunda heç bir şübhə yoxdur”.

MilitaryRussia.ru saytının baş redaktoru Dmitri Korneyev isə məsələyə daha real yanaşır: “Paşinyandan soruşun ki, onun atdığı “İskəndər” raketlərinin necə partladığı barədə Azərbaycan tərəfinin reaksiyası ilə tanışdırmı? Əgər bu raketlərlə effektsiz atəş açılıbsa, onda Azərbaycanın dinc əhalisinin yaşadığı yerlərdə partlayan və böyük dağıntılara səbəb olan raketlər “İskəndər” deyildisə, bəs nə idi? Əgər həmin raketlərlə 2-4-6 hərbi obyektlər vurulsaydı, bu, müharibənin nəticələrinə daha çox təsir edərdi, nəinki qeyri-hərbi obyeklərə”.

“Vzqlyad” (ВЗГЛЯД) qəzetinə açıqlama verən hərbi ekspert Konstantin Sivkovun isə Paşinyanın fikirlərinə münasibəti fərqlidir. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan qərbli dostlarının yanında nüfuzunu itirməmək üçün məğlubiyyətdə Rusiya istehsalı olan silahın daha çox günahkar olduğunu deyir: “Öncə onu qeyd etmək istəyirəm ki, müharibənin bitməsindən artıq 3 ay keçib, amma Azərbaycan tərəfi ərazisinə “İskəndər” raketinin düşdüyü barədə heç bir dəlil ortaya qoymayıb. Hansı raket Ermənistan tərəfindən atılıbsa, Azərbaycan o raketlərin hansı tip olduğunu nümayiş etdirib və onların arasında “İskəndər” yoxdur. Amma bizim üçün də maraqlıdır ki, niyə müharibənin bitməsindən keçən 3 ay sonra Paşinyan belə müzakirələr açıb. Bunun bir cavabı var, Paşinyan məğlubiyyətini sığortalamaq üçün Rusiya silahlarının effektivsizliyini bəhanə gətirir”.

Rusiya Dövlət Dumasının üzvü Dmitriy Sablin məsələyə münasibət bildirərkən qeyd edib ki, əslində, problemin kökündə Sorosun metodistlərinin Paşinyanın üzünü qara çıxarması dayanır: “Rusların gözəl bir deyimi var, “rəqqasa ayaqları mane olur”. Hərbdən anlayışı olanlar, silahdan başı çıxanlar bilir ki, “İskəndər” operativ taktiki-raket kompleksi XXI əsrin nadir silahlarındandır. Paşinyanın ağlı, düşüncəsi bunu ayırd edə bilməz. O hakimiyyətə küçədən gəlib, siyasət, idarəçilik nə olduğunu bilmir. Ona görə də öz ölkəsini faktiki olaraq dağıdıb, Ermənistanın dostlarını ondan uzaqlaşdırıb, bunu nəinki Ermənistanda, bütün dünyada hər kəs bilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə