Qalib Lider Qarabağı cənnətə çevirəcək - MƏQALƏ

"Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin»,-deyən Qalib Liderimizin hər səfərindən qürur və iftixar hiss keçiririk. Çünki işğaldan azad edilmiş torpaqlara tarixi səfərləri ilə Qalib Liderimiz həmin nidanı qoydu – Qarabağ Azərbaycandır və NİDA! Bu nidanı qoymaqla Ali Baş Komandanımız bütün çıxışlarında, müsahibələrində, görüşlərində və işğaldan azad edilmiş Qarabağ torpaqlarına səfrlərində bilidirib ki, Qarabağı cənnətə çevirəcəyik: "...Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...". Bu fikirləri Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərlər edərkən demişdir.

Bu faktı xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyev cənablarının hər səfəri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinin göstəricisidir. 44 gün ərzində işğaldan azad edilmiş torpaqlarda ilk qələbə müjdəsini ilk gündən xalqına çatdıran Ali Baş Komandanımız elə ilk gündən də bərpa və quruculuq işlərinə başladığı sorağını bu tarixi səfərləri ilə xalqına çatdırır.

Qarabağımızı cənnətə çevirəcək böyük layihələr...

Dövlət başçımız, məhz Qarabağda görüləcək işləri planlı şəkildə həyata keçirməklə Qarabağımızı cənnətə çevirəcəyik deyərək onu da söyləyib ki, ən əsası yeni layihələrin həyata keçirilməsidir. Qeyd edək ki, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezidentimizin budəfəki səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Prezident İlham Əliyev səfər zamanı deyib: "Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Dövlət başçımız,həmçinin söyləyib ki, Qarabağ bölgəsində enerji ən vacib sahədir və bu baxımdan da erməni işğalından azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələridir. Məhz bu səbədən də «yaşıl enerji» zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 140 meqavat olacaqdır. "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarından da əlavə 140 meqavat güc alınacaq.

Prezident səfəri zamanı bildirmişdir ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq: "Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər. Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji" zonasına çevirəcəyik".

Səfəri zamanı dövlət başçısı Güləbird su elektrik stansiyasının açılışını edərkən bildirmişdi ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq: "Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik".

Səfər zamanı dəmir yolu sektorunda – Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını da qoydu.

Horadiz-Ağbənd dəmir yolu nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyev səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu və bununla da yeni dəmir yolu infrastrukturunun yaradılması işini başlatmış oldu. Çünki Horadiz-Ağbənd dəmir yolu nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanı Naxçıvanla birləşdirəcək Horadiz-Ağbənd dəmir yolu layihəsi ən böyük layihə olacaq. Bunu strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirən dövlətimizin başçısı Onun qardaş Türkiyə ilə Azərbaycan arasında xüsusi əhəmiyyətli kommunikasiya olacağını da bildirib. Tikintisinə start verilən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun əhəmiyyətini vurğulayan dövlət başçımız deyib: "Bu gün Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək".

Yekun olaraq onu da demək isəyirəm ki, işğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması Azərbaycan Prezidentinin, dövlətimizin gücünün və qüdrətinin göstəricisidir. Ali Baş Komandanımızın da dediyi kimi: "Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...